AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Div

Nümunənin reyestr kodu : DR0203000018

Nəhəng cüssələri ilə seçilən fövqəltəbii varlıqlardır. Türk (Azərbaycan, başqırd, tatar və s.), İran, slavyan, gürcü və sair xalqların mifologiyasında çox geniş yayılmışdır.

Div hind-avropa mənşəli daiva sözündən olub səma tanrısı anlamına gəlir. İudaizmdə səma tanrısı kimi onlara sitayiş olunmuşdur. Divə sitayişin izləri İrandilli xalqlar arasında da mövcud olmuşdur. Zərdüştlüyün təsiri ilə sonralar divə münasibət dəyişmiş və onlar mənfi surətlərə çevrilmişlər. Bundan çıxış edərək, tədqiqatçılar Azərbaycan, İran, Tacikistan və sair coğrafiyada işlədilən müasir div, dev sözlərinin daiva sözündən törədiyini ehtimal edirlər.

Azərbaycan folklorunda div üçbaşlı, yeddibaşlı, qırxbaşlı nəhəng kimi təsvir olunan demonik surətlərdən biridir. Nağıllarda adətən od sahibi kimi çıxış edirlər və quyularda, mağaralarda, yeraltı dünyada yaşayırlar. Onlar vəhşi həyat tərzi keçirir, insan əti ilə qidalanırlar. İnsan iyi aldıqda “adam-badam iysi gəlir, yağlı adam iysi gəlir” deyərək sevinirlər. Divlər həddindən artıq nəhəng təsvir olunur, boylarının hündürlüyü minarəyə, dırnaqları kotana bənzədilir. Qulaqlarının lavaş boyda, dişlərinin fil dişi boyda olduğu, nəfəs alanda burun deşiklərinin dəmirçi körüyü kimi açılıb yumulduğu deyilir. Küləkdən bərk hərəkət etdikləri üçün üç ayıq yolu bir gün qət edirlər.

Divlərin özü kimi onların yuxuları da adi insanlardan fərqlənir. Yuxuya gedəndə üç-gün, üç gecə yatırlar. Bir oturuma bütöv bir heyvanı yeyirlər.

Divlərin canı adətən bədəndən kənarda yerləşir, bu da onlara ölməzlik, məğlubedilməzlik bəxş edir. Onları ancaq canının saxlandığı varlıqları ələ keçirməklə öldürmək olur. Divlərin canı göyərçində, balıqda, qarğada, ilanda və sair varlıqlarda yerləşir, onlar da şüşənin, qəfəsin və ya sandığın içində yerləşir və əl çatmaz bir yerdə gizlədilir. Məsələn, “Barxudarın nağılı”nda divin canı çayda şüşənin içində gizlədilən quşda olur. Qəhrəman Süleyman peyğəmbərin üzüyünü suya salmaqla şüşəni əldə edir. Qəhrəman divlərin canını əldə etdikdən sonra div onun əmrinə tabe olur, onun köməkçisinə çevrilir.

Digər xtonik varlıqlar kimi divlərin də bədəni tüklə örtülü olur. Köməkçi rolunda çıxış edən divlər adətən bədənlərindən bir tük qopardaraq qəhrəmana verirlər, qəhrəman tükü yandırdıqda divlər onun hüzurunda hazır olur. Divlər həm də sehrli əşyalara sahibdirlər. Nağılarada sehrli üzük, sehrli papaq və sehrli xalça kimi qeyri-adi vasitələr divlərin əlində olur, qəhrəman divləri aldatmaqla həmin əşyalara sahib olur.

Əski inanclarda günəşin tutulması da divlərin fəaliyyəti ilə əlaqələndirilmişdir. Günəş tutulduqda divlərin onu həbs etdiyinə inanılmış, insanlar göyə atəş açmaqla, dəmir qazan qapaqlarını döyəcləməklə divləri qorxutmağa və günəşi xilas etməyə çalışmışlar. Divlərin gəlişinin göy guruldaması, ildırım çaxması ilə müşahidə olunması, div qarısının qara buludun içindən çıxması bu əsatiri sürətlə günəşə düşmən olan təbiət hadisələri arasında bir əlaqə olduğu düşünülmüşdür. Buna söykənərək bir çox tədqiqatçılar divlərin təbiət hadisələrinin əsatiri bir obrazı olduğu qənaətindədirlər.

Azərbaycan nağıllarında divlər buynuzlu varlıqlar kimi təsvir olunur. Divlərin buynuzlu olması onların xtonik aləmə məxsus olduğunu göstərir. Divlərin sallaq döşlü təsvir olunması, xtonik atributlar daşımasından çıxış edərək Cəlal Bəydili onların mifoloji ulu ana obrazından ayrılmış bir varlıq olduğunu, arxaik xüsusiyyətlərinin bir çoxunu itirdiyini yazır.