AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İlaxır çərşənbə

Nümunənin reyestr kodu : DB0204020005

Axır çərşənbə – Novruz bayramından əvvəlki çərşənbənin adıdır. Xalq arasında “kül çərşənbə”, “küləşə çərşənbə”, “tərs çərşənbə” adı ilə də tanınır. Deyilənə görə, axır çərşənbə necə qeyd olunarsa, il o cür keçər. Ona görə imkanı olmayan ailələr belə evin qapısını (keçmişdə qapı çətin tapılırdı) satıb mütləq o günü qeyd etmişlər. Bununla əlaqədar, axır çərşənbəyə bəzi bölgələrdə qapı satılan təki deyilir.

Həmin gün evdən kimsəyə pay verilməz, onda evin xeyir-bərəkəti verilmiş sayılır. İnanca görə, axır çərşənbədə Allah ruzi paylayır. Ona görə kolxoz dövründə insanlar Novruz bayramında sahəyə çıxmazdılar, amma axır çərşənbədə mütləq tarlaya gedərdilər. Tarlaya çıxmayanlar həyətdə ağacları budayar, onların dibini yumşaldar, əkin əkərdi ki, Allah ruzi paylayanda onlara da pay düşsün. Həmin gün yumurta bişirməzdilər, deyilənə görə, Allah onda yumurta qabığı həcmində ruzi verir. Toyuq kəsməzdilər ki, evin xeyir-bərəkəti qaçır. Həmin gün qurumamış, yaşıl bir ağac kəsmək isə günah sayılıb.

Axır çərşənbədə günorta on ikini keçəndən sonra yaşlı insanlar deyərdilər ki, artıq gün çərşənbəyə çevrildi. Ondan sonra sac qoyub buğda qovurardılar. Qovurğalıq buğda hələ yaydan ən yaxşı buğdadan seçilərək saxlanardı. Evə bolluq gətirməsi üçün qovurulmuş ilk buğdadan yeddi dənə götürüb evin müəyyən yerlərinə qoyar, buğda xaralının içinə atardılar. Yaxud, buğda qovurulanda yetkin qızların adına saca buğda atardılar. Hansı buğda tez çırtlasa, həmin qızın tez də ərə gedəcəyinə inanılardı. Bəzi bölgələrdə kasaya yeddi cür bayram neməti – buğda, boyanmış yumurta, qoz, fındıq, peçenye kimi şirniyyatlar yığıb yeddi qapıya pay verərdilər. Bayram payını öncə yası düşmüş ailələrə göndərər, sonra qonşulara, imkansız ailələrə paylayardılar. Kirvəliyin güclü olduğu bölgələrdə bayram payı birinci kirvə evinə göndərilərdi.

Çərşənbə axşamı oğlanlar və qızlar məclis qurar​dı​lar. Yetkinlik yaşına çatmış qızlar qabaq​cadan öz aralarında razı​laşıb bir evə toplaşar​dılar. Həmin ev əv​vəl​cə​dən süpürülüb təmizlənər, yerə palaz, kilim səri​lərdi. Hər kəs evdən özü ilə bayram aşı bişirmək üçün düyü, yağ, xurma və s. gəti​rər​, damın ortasında ocaq qa​layıb həmin ne​mətlərdən bay​ram aşı bişirərdilər. Qızlar ora​da qirim​lənər, özlərinə bığ, saqqal qo​yar, başlarına papaq qoyar, kişi paltarında qapıları gəzərdilər. Yığdıqları ərzağı da gö​türüb həmin evə qayıdar, aşdan, yığdıqları bayram pa​yından yeyib müxtəlif oyunlar oynayar, niyyət tutub səhərə qədər çilə çıxardardılar.

Çərşənbə axşamı hər qapıda tonqal qalanır. Bəzi bölgələrdə hər ailə üzvünün adına bir tonqal qalanır. Böyüklü-kiçikli hamı “ağırlığım-uğurluğum odda yansın” deyib üç dəfə tonqalın üstündən tullanar, mal-qaranı tonqalın üstündən adladardılar. Cavanlar kəndin kənarında hündür bir yalın üstündə təkər şinlərindən böyük tonqallar çatar, əskidən və ya bezdən hazırladıqları lopaları yandırıb göyə atardılar. Kim lopasını ən hündürə atardısa, onu adı xüsusi olaraq vurğulanardı.

Axır çərşənbənin əsas atributlarından biri də torba atmaqdır. Zəngilan rayonunda bu məqsədlə hələ çərşənbədən qabaq məx​mər parçadan torbalar tikilərdi, torbanın üstünə gül naxışlar salınardı. Axır çərşənbədə kimin qapıda it varsa onu bağlayar, darvazaları açıq qoyardı. Uşaqlar tonqal üstündə atlandıqan sonra qapı-qapı gəzib çərşənbə payı yığardılar. Torbanı boyunlarından asıb qapını döyərdilər, qa​pıya çıxana “bay​ra​mınız mü​barək, çərşənbəniz mübarək” deyər, ev yiyəsi də torbanın içini şirniyyat, boyanmış yumurta ilə doldurub onları yola salardı. Şuşa rayonunda isə torbanın ağzına kəndir salınardı. Uşaqlar torbanı qapıdan içəri atıb özləri gizlənərdi, kəndirin bir ucunu da özlərində saxlayardı. Ev yiyəsi bayram nemətindən torbaya qoyduqdan sonra səslənər, onlar da torbalarını çəkib alardılar.

Axır çərşənbədə axşam bayram süfrəsi açılır. Bayram süfrəsinə s hərfi ilə başlayan yeddi nemət – sarımsaq, səbzi, səməni, süd, sünbül, su, səbzi, balıq və s. düzülürdü. Plov dəmlənirdi. Keçmişdə plov bişirməyə imkanı olmayan ailələr əriştə aşı bişirərdilər. Yaydan qırmızı lent bağlanaraq çərşənbə üçün saxlanmış pomidor tutması açılArdı. Zəngilan rayonundan axır çərşənbədə qarpız kəsilərdi, ondan qonşulara da pay verilərdi.

Axır çərşənbə bir sıra inanclarla da yadda qalır. Həmin gün bar verməyən ağacı kəsməklə qorxudardılar, onda ağacın bar verəcəyinə inanılardı. Axır çərşənbədə qızlar, gəlinlər qulaq falına çıxardılar. İnanca görə, həmin gün eşidilən söz gerçək çıxar. Yaxud biri ürəyində niyyət tutub qabdakı suyu qəfildən kimisə üstünə atardı, həmin adamın dilindən sıxan sözə görə niyyətinin hasil olub-olmayacağını müəyyən edərdi. Ona görə böyüklər gənclərə, cavanlara həmişə məsləhət görərdilər ki, axır çərşənbədə ağızlarını xeyrə açsınlar, xoş söz danışsınlar. Axır çərşənbədə kimsə küsülü qalmazdı, küsülü olanları da ağsaqqallar, böyüklər yığışıb barışdırardı.