Yazağzı
Nümunənin reyestr kodu : DB0204020008
Xalq təqviminə görə, yazın qırxı çıxdıqda, aprelin son on günlüyünə təsadüf edilir. Bir neçə ay göy ot, örüş üzünə həsrət qalan qoyun-quzunu, mal-qaranı yaz fəslinin bu vaxtında güzdə, yəni payız yeri, payız binəsində saxlamazlar, yazlağa – yaz binəsinə köçürərdilər. Təcrübəli çobanlar mal-heyvanı gecə də örüşə aparardılar, deyərdilər ki, qoy heyvanın gözünün qurdu ölsün, yeyib özlərini doyursunlar. Bu dövrdə çöldə bitən yaz otu zəhərli olduğundan onu mal-qaranın yeməsinə imkan verməzdilər. Hətta belə inam vardı ki, göy guruldamayana qədər bu otları yemək olmaz. Kür-Araz bölgəsində bu dövrə tərçıx dövrü də deyirlər. Çünki yazın ilkin otları olan quşəppəyi, əvəlik, əməköməci, pərpətöyün, yarpız və s. daha neçə adda yeməli bitkilər məhz bu dövrdə yetişirdi. Adətən bu dövrdə zəmilər suvarılardı, bu suvarmaya armudavar (yaxud armudgülü) suyu deyərdilər. Adından göründüyü kimi armudun çiçək açdığı dövrə təsadüf edir.