AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarının borcu

Nümunənin reyestr kodu : DB0104020001

Xalq təqvimində aprel ayının 15-nə kimi olan dövrə “qarının borcu”, “qarının mərdi” deyirlər. Rəvayətə görə, qarayaz dövründə, yəni mart ayında havanın qərarsız olması, çöldə heyvanların yeyəcək tapa bilmə​məsindən narahat olan qarı martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı martın arxasınca deyinir. Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır.

Təbiəti uzun illər müşahidə edən babalarımız “qara yaz” çıxana kimi ehtiyatlarını üzməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır. Aprelin 10-15-nə qədər soyuqların tam sovuşmadığı dövr Naxçıvanda “kərnəbut” (kərnəvurt) da adlandırılıb. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün keçmiş olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, xalq arasında aprelin 5-7-nə kimi olan dövrə “camışqıran” da deyiblər. Belə bir məsəl vardır ki, “qorx aprelin beşindən, öküzü qoyar işindən”.

Uzun illərin müşahidəsinə əsasən aprel ayının 5-i və ona yaxın günlərdə havanın dəyişkən keçdiyinin, temperaturun aşağı düşdüyünün şahidi oluruq. Belə ehtimal etmək olar ki, “kərnəbut” və “camışqıran” xalq təqvimləri eyni dövrləri əhatə edib, Novruz bayramından 15 gün keçən vaxta düşür. Ata-babalarımız fenoloji müşahidələrə əsasən bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Yazın ilk günləri sığırçınlar gəlir, bu vaxt qar əriyir, havalar istiləşir, lakin axşamlar su donur. Xalq arasında hacıleyləyin gəlməsinə xüsusi diqqət yetirilir. Leyləyin gəlişi azərbaycanlılar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördüz?” – deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, “sümük, çöp gördük” desəydilər, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “leylək qarı” deyərlər. Bir də belə bir deyim vardır ki, “leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxarmaz”.