AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Hamam

Nümunənin reyestr kodu : DA0204000028

Şəhər mədəniyyətinə xas olan ictimai binalar sırasında hamamlar özünəməxsus yer tutur. Azərbaycanın tarixi şəhərlərində nəhəng memarlıq komplekslərinin tərkibində hamamlar da tikilirdi. Şirvanşahlar saray kompleksində (Bakı), Müzəffəriyyə memarlıq kompleksində (Təbriz) və s. hamamlar vardı. Orta əsrlərdə aylarla uzun yol qət edib şəhərə daxil olmaq istəyən xaricilər və tacirlər üçün xüsusi qaydalar qoyulurdu. Onlar hamamda çimib təmizləndikdən sonra şəhər-qalaların içərisinə keçə bilərdilər. Keçmişdə hər məhəllənin öz hamamı vardı və heç kəs digər məhəllənin hamamına getməzdi. Orta əsrlərdən kanalizasiya sisteminə malik Lahıcda fərdi evlərdə də kiçik hamamlar vardı. Azərbaycan şəhərlərində müxtəlif dövrlərdə hamamlar inşa edilirdi: İçəri şəhərdə Ağa Mikayıl hamamı, Qasım bəy hamamı (Şirin hamam), Hacı Bani hamamı, Ağa Zeynal hamamı, Təbrizdə Nobər, Mirzə Mehdi hamamı, Gəncədə Çökək hamam, Qubada Çuxur hamam (Gümbəzli hamam) və s. XX əsrin əvvəllərində Bakıda Asiya və Avropa tipli hamamlar vardı. Axund hamamı, Mirzə hamamı, Qasımbəy hamamı, Hacı Qurban hamamı, Hacı Aslan hamamı, Ağa Nəzər hamamı, Tatar hamamı, Şor hamamı və s. Şərq üslubunu, “Fantaziya”, “Ermitaj”, “Moskva”, “Mir” və s. hamamlar isə Qərb inşaat mədəniyyətini əks etdirirdi.

Orta əsrlərdə hamamlar daxili büdcəyə malik idilər. Dövlətin maliyyə dəstəyi ilə yanaşı, onlar öz vəsaitləri hesabına təmir edilirdilər. Bəzən imkanlı şəxslər xeyriyyə məqsədilə hamam tikdirirdilər. Xeyriyyə hamamları kəndlilər üçün pulsuz fəaliyyət göstərir, onlar heç vaxt icarəyə verilməzdi. Əvəzində xırman vaxtı hər kəndli ailəsi hamamçıya müəyyən miqdarda taxıl verirdi.

Hamam qadınlara görə təkcə çimmək yeri deyildi, bura onlar üçün istirahət məkanıydı. Feodal cəmiyyətində saray xanımları hərəmxanadan çıxmaqdan ötrü müxtəlif bəhanələr gətirməyə məcbur idilər. Məsələn, hamama getmək, məhərrəm ayında təziyələrdə iştirak etmək və s. Qadınlar hamama getdiyi günü səhərdən axşamadək orada keçirərdilər. Onların qapalı həyatı üçün hamam əyləncə yeri idi. Saray qadınları hamama bir neçə kənizlə bərabər gedir, orada maraqlı gün keçirirdilər.

Azərbaycan və qonşu ölkələrin şəhər hamamları orta əsrlərdə oxşar layihə ilə inşa edilirdi. Tikinti üçün məkanın seçilməsində coğrafi resurslar nəzərə alınırdı. Soyuq iqlimə malik bölgələr üçün qızdırılmanın asan olması məqsədilə daha kiçik sahəli və nisbətən alçaq hamamlar nəzərdə tutulurdu. Kəhriz suyunu asanlıqla əldə etmək və hava cərəyanını qısa zamanda dəyişməkdən ötrü bir çox hamamlar yerin altında tikilirdi. Onların bayır tərəfdən yalnız günbəzləri görünürdü.

Hamamlar müxtəlif ölçülərdə, əyan-əşrəf üçün xüsusi, kasıblar üçün ümumi binalar şəklində yerüstü və yeraltı olmaqla inşa edilirdi. Damlarında yerləşən günbəzlərin dairəvi pəncərələri içəriyə zəif işıq salırdı. Həmin şüşələr “gülcam”, onların bərkidildiyi yer isə “camxana” adlanırdı. Gün batandan sonra işıqlandırma üçün lampalar yandırılır, daxilin havasını dəyişməkdən ötrü pəncərələr açılırdı. Hamamın isti və rütubətli havası insan tənəffüsünə zərər yetirməsin deyə, binanın sahəsi geniş, tavanı isə hündür tikilirdi.

Ümumi hamamlar əsas və yardımçı olmaqla həşti, sərbinə, miyandər, istixana, xəzinə və s. hissələrdən ibarət idi. Bu hissələr nizamlı şəkildə bir-birinin ardınca yerləşirdilər. Hamamın ayrı-ayrı hissələrinin temperaturu müxtəlif olurdu. İstiliyi uzun müddət özündə saxlamaqdan ötrü dəhlizlər ensiz, uzun və dolanbac tikilirdi. Bununla da müştəri hamama girən zaman istiliyi qəfildən hiss etmir və çıxanda soyuq hava kütləsinə tədricən uyğunlaşa bilirdi.

Hamama gələn hər kəs ilk olaraq gözəl interyerə malik “həşti” adlı giriş dəhlizinə daxil olurdu. Sonra sərbinəyə, oradan “miyandər” deyilən dəhlizə, istixanaya və xəzinəyə keçirdi. Daha geniş sahə ilə əhatələnən, müştərilərin soyunub-geyinməsini təmin edən sərbinə hamamın əsas hissələrindən sayılırdı. Onun ətrafında səkilər, onların altında isə ayaqqabı qoymaq üçün yerləşgələr vardı. “Şahneşin” adlanan səki paltar soyunmaq və ya istixanadan çıxışda qurulanıb geyinmək üçün nəzərdə tutulurdu. Sonrakı dövrlərdə bəzi hamamlarda səkinin dövrəsində paltar qoymaq üçün şkaflar da düzəldilirdi. Sərbinənin tavanı günbəz formada tikilir, işıqlandırma məqsədilə üstü şüşə ilə örtülürdü.

Sərbinədən sonrakı hissəni kiçik dəhliz olan miyandər təşkil edirdi. Oradan istixanaya yol vardı. Miyandər mülayim hərarəti olan sərbinə ilə istixana arasında yerləşməklə, hər iki otağın temperaturunu tənzimləyirdi.

İkinci əsas hissə istixana idi. İstixana da sərbinə kimi tavanı günbəz formalı düzəldilirdi. Onun dörd dövrəsində enli səkilər, mərkəz hissəsində isə xəzinə yerləşirdi. Səkilərin kənarında çirkab suların axması üçün üstü açıq novlar çəkilirdi. Hamamın bütün çirkab suları quyular vasitəsilə şəhər kənarına axıdılırdı.

Hamamın ən isti və buxarlı hissəsi xəzinə, yəni hovuzlar idi. Müştərilər səkilərin üstündə çimdikdən sonra bu hovuzda boğazadək suya girib yaxalanırdılar. Bəzən hörmətli şəxslər üçün xəlvəti hovuzlar da düzəldilirdi. Böyük hamamların isti, ilıq və soyuq su ilə dolu bir neçə xəzinəsi vardı. Yay aylarında burada həm çimir, həm də ondan üzgüçülük hovuzu kimi istifadə edirdilər. Xəzinənin mərkəz və ya yan tərəfində tiyan yerləşirdi. Tiyanın altında onu qızdırmaqdan ötrü “tün”, “atəşdan” və ya “külxan” deyilən kürə vardı. Xəzinələrin suyu mis tiyan və alt qatdakı kürələr vasitəsilə isidilirdi. Tiyan yeddi növ metalın (qızıl, gümüş, mis, sink, dəmir, qurğuşun və qalay) qarışığından alınan materialdan hazırlanırdı.

Hamamların su təchizatı quyu və kəhriz sularıyla təmin olunurdu. Su hovuza axıdılır və burada ehtiyat üçün saxlanırdı. Hamamların hər birinin ehtiyatda saxlanan bir neçə su anbarı vardı. Su gecələr kəhriz çeşmələrindən anbarlara dolur, oradan isə gil tünglər və daş arxlar vasitəsilə xəzinələrə axıdılırdı. Hamamın qızdırılmasında əsas yanacaq vasitəsi neft, odun, quru ağac yarpaqları, kol-kos və təzək idi. “Tün anbarçı” adlı peşə sahibi daim kürəyə odun ataraq onu davamlı yanacaqla təmin edirdi.

Hamamların interyeri cəzbedici görkəmə malik idi. Daxili divarlar kaşı, əhəng və gəclə bəzədilirdi. Rütubətə davamlı olduğundan əhəngə daha çox üstünlük verilirdi. Divarlarda həndəsi, nəbati naxışlar, insan və heyvan (ahu, quş və s.) rəsmləri təsvir edilir, həmçinin hamamla bağlı şeirlər yazılırdı. Təbrizin bəzi hamamlarında M.Füzulinin “Həmmamiyyə” adlı qəzəli əksini tapır.

Orta əsrlərdə hamamlar digər ictimai tikililər (bazar, məscid və s.) kimi dərin sosial mahiyyət kəsb edirdi. Zaman keçdikcə evlərdə fərdi hamamların artması ümumi el hamamlarını yavaş-yavaş tarixə qovuşdurmaqdadır.