AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Səbət

Nümunənin reyestr kodu : DA0203030002

Zəngin xammal ehtiyatına malik olması səbəbindən Azərbaycanda müxtəlif növ hörmə qablar geniş yayılmışdır. Sucar sahələrdə yetişən lifli bitkilər (lığ, ziyəlağ, dala, cil), elastik ağac çubuqları və sıyrımı, şilgir, tənək, dənli bitkilərin küləşi hörmə işində ən qədim xammal növü olmaq etibarilə özünün əməli əhəmiyyətini itirməmişdir. Lifli bitkilərdən ev məişətində geniş yayılmış ciyəbənd, zənbil, kövsərə, süfrə, tərəzi və s. hazırlanırdı. Çubuqdan hörülən səbət, tərəcə salğar, aşsüzən və s. özünün təsərrüfat və məişət əhəmiyyətini əsrlər boyu saxlamışdır. Səbətlər, əsasən, iki istiqamətdə istifadə olunmuşdur: yükdaşıma və təsərrüfat təyinatlı.

Səbət ən qədim dövrlərdən Azərbaycan əhalisinin istifadə etdiyi yükdaşıma vasitələrindən biridir. Səbət vasitəsi ilə əldə, başda və arabalarda müxtəlif yüklər daşınmış və indi də daşınır, əhalinin məişətindən çıxmamışdır. Xalqın empirik biliklərinin nəticəsi olaraq meydana çıxan müxtəlif ölçülü səbətlər yaxın-uzaq məsafələrə yük daşımaq üçün rahatdır.

Hər usta səbətləri fərqli ölçülərdə, özünəməxsus şəkildə toxumuş, bir növ ixtisaslaşma baş vermişdir. Səbət bazarlığı daşıma, meyvə-tərəvəzi uzun müddət saxlama vasitəsi sayılmışdır. İçindəki məhsulun nəm çəkməməsi üçün səbətlərin alt hissəsi qabarıq, ovalşəkilli hörülmüşdür. Gəncənin Bağmanlar məhləsində müxtəlif ölçülü, o cümlədən ikigözlü səbətlər hörülmüşdür. Hətta 60-70 kq ərzaq tutan səbətlər hazırlanmışdır.

Səbətlər təsərrüfatla yanaşı, əhalinin məişətində, evlərdə, ev səhmanında xüsusi yer tutmuşdur. Müxtəlif təyinatlı səbətlərdən həm gündəlik məişətdə, həm də ticarət mallarının daşınmasında istifadə olunmuşdur. Bazarlara meyvə-tərəvəz səbətlərdə göndərilirdi, üzüm qulpsuz səbətlərdə qablanırdı. Belə səbətləri arasına iri taxta lövhələr qoymaqla üst-üstə yığmaq mümkün idi. Qarğı səbət ərzağı təmiz saxlayır, aralarında arakəsmələr olduğundan hava dövr edir, ərzaq əzilmir, sıxılmır, alt hissəsi ikiqat olduğundan yerə düşəndə içindəkilər zərər görmür. Qarğı kifayət qədər dayanıqlı, yüngül və qurd düşməyən material olduğundan ondan hörülən səbət uzun müddət davam gətirir. Bağmanlar məhləsində səbətçiliklə məşğul olan ustalar Goranboy rayonunun Qədirli kəndində bitən, elastikliyi, möhkəmliyi ilə seçilən dəmyə qarğısına üstünlük verirlər. Belə yoğun qarğılardan əvvəllər evlərin dam örtüyü, dəyələrin kənarlarının hörülməsi üçün istifadə olunmuşdur. Birində 50 ədəd qarğı olan bağlamadan müxtəlif ölçülü 15-20 ədəd səbət toxumaq mümkündür.

Yükdaşıma vasitəsindən başqa səbətlər təsərrüfat məişətində də geniş istifadə edilmişdir. Səbətlər əkinçilikdə, bağçılıqda, maldarlıqda, nəqliyyatda və s. çox gərəkli olmuşdur. Müxtəlif tutumlu səbətlərlə taxıl, üzüm, meyvə və s. məhsullar daşınmışdır. Ot və yoncadan başqa at və qaramalın bəsləməsində əsas alaf növü sayılan saman taxıl döyüldükdən sonra xüsusi samanlıqlara tökülür, qış zamanı hörmə çubuq səbətlərlə daşınaraq, heyvanlara verilirdi. Ənənəvi olaraq kişmiş hazırlanması üçün üzüm gilələri səbətə doldurulur, bununla da yumşaq qalır və rəng alırdı, daha sonra tut ağacı, tənək külü, sarı torpaq tökülərək qaynar suya çəkilir, 2-3 dəqiqə sonra çıxarılıb qurudulurdu.

Səbət balıqçılıqda da istifadə olunurdu. Çayların nisbətən dərin yerlərində balıq tutmaq üçün çubuq səbətlər qoyulardı. Səbətlərin ağzı elə düzəldilərdi ki, içəriyə girən balıq artıq oradan çıxa bilməzdi. Səbət konus şəklində hörülərdi. Səbətə balığın girməsi üçün xüsusi yer qoyulardı. Adətən, səbət suya qoyulduqda tərpənməsin deyə, ona daş bağlanardı, yaxud içinə daş qoyulardı. Çay və dəniz sahillərində yaşayan əhali qış vaxtı ilan balığını səbət, əl toru ilə tuturdu.

Azərbaycanda səbət toxunmasının tarixi ən qədim dövrlərdən başlayır, lakin uzun müddət qalmadığından, nəm və torpaqda tez çürüyündən arxeoloji qazıntılarda səbətlərə rast gəlinməmişdir. Etnoqrafik tədqiqatlar səbətlərin təsərrüfat həyatında, nəqliyyatda qədim zamanlardan olunduğunu təsdiqləyir. Bir sıra tarixi mənbələrdə səbətlərlə bağlı məlumatlar vardır. M.ə. V əsrdə yunan tarixçisi Herodot yazırdı ki, Qafqazda yerli əhali səbət və gil qablarda arı saxlayır. Etnoqrafik materiallardan aydın olur ki, səbət pətəklərə indi də Azərbaycanın bir çox rayonunda rast gəlmək mümkündür. Səbət pətəklər Quba, Şamaxı, İsmayıllı, Daşkəsən, Kəlbəcər, rayonlarında, habelə Qarabağda bu günədək qalmışdır.

Maraqlıdır ki, səbət adı bir sıra yer adlarında da yaşayır. Quba rayonunun inzibati ərazi vahidində Səbətlər kəndi mövcuddur. Bu kənd Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. Vəlvələçayın sahilində, Rustov çökəkliyində yerləşən kənd XX əsrin əvvəllərinədək Çiçi kəndinin qışlağı olmuş, sonralar həmin kənddən ayrılmış ailələr qışlaqda daimi məskunlaşmışlar.