Bağlama
Nümunənin reyestr kodu : DA0203030004
Nəqliyyat vasitələrinin yaranması, təkmilləşməsi və müxtəlifliyi təbii-coğrafi şərait və ərazinin relyefi ilə sıx bağlıdır. Azərbaycanlılar coğrafi şəraitə uyğun olaraq minilliklər boyu bir sıra nəqliyyat vasitələri yaratmış, istifadə etmişlər. Bunların içində sadə yük daşıma vasitələri nəqliyyatın ən qədimidir. İbtidai insanlar əldə etdikləri məhsulları, zəruri məişət əşyalarını və s. qucaqda, əldə, beldə, başda, çiyində daşımışlar.
Azərbaycan xalqının ən sadə yük daşıma vasitələrindən biri bağlamadır. Burada yükü daşımaq üçün onu parçanın, dərinin içinə qoyub bağlamaq və bu şəkildə daşımaq nəzərdə tutulur. Bağlama əldə, başda və beldə aparılmış, müxtəlif formalarda olsa da, mahiyyətcə eyni iş yerinə yetirilmiş, yəni bağlanmış yük daşınmışdır. Çox ehtimal ki, ən ibtidai yük daşıma forması olan bağlama sonralar torbanın, kisənin, xurcunun, heybənin, zənbilin və s. oxşar daşıma vasitələrinin yaranmasına yol açmışdır.
Keçmişdə əhali yükləri “bağlama” vasitəsilə uzaq məsafələrə aparırdı. Bunun üçün onları 1,5x1 ölçüdə parçanın arasına qoyur, parçanı diaqonal üzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq, əkinçilik, bağçılıq və s. məhsulları yığılmış yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Bağlama təkcə sadə üsulla yük daşıma vasitəsi deyildi, onun bağlanmasının, müxtəlif mərasimlərdə istifadə olunmasının özünəməxsus mənaları vardı. Nişan-toy mərasimlərində hədiyyələrlə dolu bağlamaya, xonça bağlamasına xüsusi diqqət yetirilirdi. Bu yeni qurulan ailəyə dəstək, qohum olan ailələr arasında bir-birinə münasibətin göstəricisi kimi qiymətləndirilirdi. Toy zamanı, “çörək bağlaması”, “şirniyyat bağlaması”nın aparılması bərəkətə, şirinliyə yozulardı. Toy mərasimlərində gəlin araba ilə bəy evinə aparıldıqda yengələr onun yanında oturar və çörək bağlamasını, çırağı və “bəxt güzgüsü”nü əllərində tutardılar. Şəhər yerlərində gəlini faytonla aparanda yengəsinin əlində şirniyyatla dolu bağlama olardı.
Bağlama əl ilə yanaşı başda da aparılardı. Başda aparılan bağlama zahiri baxımdan fərqli görünüşdə olsa da, parçanın, şalın arasına qoyulub bağlanan yükün daşınması üçün istifadə olunmuşdur. Oxşar şəkildə əl üçün bağlanan yük başa qoyularaq daşınmışdır.
Başda yükdaşıma üsuluna Azərbaycanın bütün bölgələrində təsadüf olunsa da, Lənkəran-Astara, Quba-Xaçmaz, eləcə də Abşeronda o, daha çox səciyyəvi idi. Bunun üçün başa əvvəlcə yaylıq və ya xüsusi sarıqdan düzəldilən dairəvi “biçənə” qoyur, üstünə yükü – bağlamanı yerləşdirirlər.
Bağlamaya oxşar yük daşınması formasınının digər bir növü “şələ” idi. Bu, bağlamanın belə, kürəyə alınmasıdır. Şələni düzəltmək üçün yükü bir neçə yerindən ilgəkli və ya çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar. Beldə, habelə odun, çırpı, ot, küləş şələ üsulu ilə, meyvə və saman səbəti, barama daşınmışdır. Kənd yerlərində ot şələsi, odun şələsi hələ indiyədək məişətdən çıxmamışdır.
Lənkəran bölgəsində çəltik dərzlərinin sahədən daşınmasına qadınlar da kömək edirdilər. Onlar dərzi başlarında daşıyırdılar. Bunun üçün həsir parçalarından istifadə edirdilər. Hər birinin içərisinə iki dərz qoyularaq bağlanmış iki həsir şələni qadın başındakı oturacağın – piçənənin üstünə qoyaraq, ya əkin sahəsinin kənarına, ya da xırmana aparırdı. Piçənə yun və pambıq parçadan dəyirmi formada düzəldilirdi. O, şələnin başda durmasına kömək edir. Başda yük daşıyarkən istifadə edilən bu oturacaq – piçənə insanlar tərəfindən çox qədimlərdən istifadə edilmişdir.
Əldə, başda, beldə yük daşımaq vasitəsi olan bağlama, şələ xalqımızın dünyagörüşündə zəhmətin, əzab-əziyyətli həyatın, eləcə də oğul-qız böyütməyin, ev-eşik sahibi olmağın, gecəsini gündüzünə qatıb işləməyin rəmzi kimi qəbul olunur. Ailə münasibətləri, uşaq tərbiyəsi kimi məsələlərin tədqiqi göstərir ki, əvvəllər analar körpə uşaqlarını iri şal vasitəsi ilə bellərinə şələləyirdilər, anasının hənirtisini, istiliyini duyan uşaq sakitləşir, nəzarətsiz buraxılmır, ana isə rahatca ev işləri ilə məşğul olurdu.
Bağlama, şələ indi də kənd yerlərində, xüsusi ilə dağlıq ərazilərdə unudulmayıb. İstənilən yükü çox sadə yolla daşımaq, çətin keçilən dağlıq yerlərdən zəruri yükləri keçirmək üçün bağlama, şələ üsulundan istifadə olunur.