AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Taxıl quyusu

Nümunənin reyestr kodu : DA0201000003

XX əsrin ortalarına qədər Azərbaycanda taxılın saxlanılması üçün ənənəvi olaraq quyu və anbarlardan başqa kəndi, toxunma səbət, çubuq anbar, taqqa və godlardan, habelə çuval, kisədən və s. istifadə edilmişdir. Taxıl quyuları müxtəlif ölçü vahidlərinə (çanaq, gilə, taqqa, urba, tağar, xalvar və s.) əsaslanaraq qurulurdu. Bu ölçü vahidləri ilə saxlanılan, alınan, satılan məhsulun qədəri müəyyənləşdirilərdi.

Arxaik ev tipləri olan kühül, qaradam, qazma (gəmrə) üçün səciyyəvi təsərrüfat qurğularından biri də taxıl quyusu idi. Taxıl quyusu sucar olmayan dağətəyi kəndlərdə daha geniş yayılmışdır. Sucaq ərazilərdə taxıl quyusu qazmaq əl vermirdi. Belə quyuda ancaq boyaq bitkisinin kökünü saxlayırdılar. Çünki boyaq kökü çox quruyanda özünün boyaq keyfiyyətini xeyli itirirdi. Boyaq bitkisi əkinləri tənəzzülə uğrayandan sonra boyaq quyusu da aradan çıxmışdır. Taxıl quyusu ən çox dağ kəndlərində, qismən də dağətəyi kəndlərdə geniş yayılmışdı. Taxıl quyuları, bir qayda olaraq, yaşayış binasının daxilində və yaxud həyətində müvafiq yerdə qazılıb düzəldilirdi. Torpaq quyular öz tutumlarına görə müxtəlif ölçülərdə idi. Quyular dərinliyi və diametrlərindən asılı olmayaraq, silindrik və kəsik konusvari olurdu. Torpaq quyular əsasən taxıl, qismən də un saxlamaq üçün nəzərdə tutulurdu. Torpaq quyularda buğda əlli il, darı yüz ilə qədər qalır və öz keyfiyyətini saxlayır. Ona görə də quyularda taxılın saxlanılması daha münasib bilinirdi.

Müxtəlif ölçülü quyular qazıldıqdan sonra onun dibi və divarları döyülərək möhkəmləndirilirdi. Torpağın tərkibinin çox və ya az nəmli olub-olmaması əvvəlcədən yoxlanılırdı. Ona görə də çox vaxt quyuların divarları suvaq çəkilib, qurudulurdu. Hətta onun içində od qalayırdılar ki, torpaq qurusun. Əksər halda taxılın nəm çəkib çürüməməsi üçün quyunun dibini və divarlarını ot-alaf, saman, qalın küləş, qıjı, qamış və biyanla örtürdülər. Küləşin divarda qalmasını təmin etmək məqsədilə onun üstündən nazik çubuqları bir neçə yerdən əyib quyunun divarına ilişdirirdilər. Quyunun bu üsulla hazırlanmasına “pəriskarlama” deyilirdi. Quyuya taxıl doldurulduqdan sonra ağzı küləşlə örtülürdü. Küləşin üstünə isə sal daş və ya qalın taxta qoyulub möhkəm qapanır, sonra torpaqlanır və şirələnirdi. Adətən pəriskar hər il təzələnir və quyu boşalandan sonra ağzı açıq saxlanılırdı.

Neolit dövründə insanlar taxılın becərilməsilə yanaşı, onun saxlanılması qayğısına da qalmışlar. Onlar əldə etdikləri məhsulu il boyu saxlamaq üçün torpaq quyulardan daha çox istifadə etmişlər. Dulusçuluğun Neolit dövründə inkişafının bir səbəbi də küplərdə ərzağın saxlanılması olmuşdur. Tunc dövründə iri təsərrüfat küpləri ərzaq saxlamaq məqsədilə daha çox işlədilmişdir.

Erkən Tunc dövrünün başlanğıcında əkinçilikdə çox böyük dəyişikliklər baş vermiş, toxa əkinçiliyindən xış əkinçiliyinə keçilir, iribuynuzlu heyvanlardan qoşqu qüvvəsi kimi istifadəyə başlanır. Bu dövrə aid yaşayış yerlərindən tapılan qoşquya qoşulmuş öküz və arabanın əks olunduğu gil fiqurlar, təkər nümunələri həm də təkərli nəqliyyat vasitələrinin kəşf olunduğunu göstərir. Bu dövrdə sadə süni suvarma şəbəkələri yaradılır, səpin üçün daha münasib buğda, arpa dənləri seçilib əkilirdi ki, bütün bunlar da məhsuldarlığı artırırdı. Torpaq quyularda taxıl saxlanılmasına Tunc və Dəmir dövrlərinə aid yaşayış yerlərində daha çox təsadüf edilir. Təkcə Babadərviş yaşayış yerindən 20-dən çox taxıl quyusunun tapılması taxıl istehsalının artmasını əyani sübut edir. Sadə və əlverişli taxıl saxlama qaydası olan torpaq quyuları XX əsrin ortalarınadək mövcud olmuşdur.