Taxça
Nümunənin reyestr kodu : DA0201000004
Azərbaycanın ənənəvi yerüstü evlərində daxili səliqə-sahman daha çox gözə çarpırdı. Burada müxtəlif məqsədlər üçün düzəldilmiş divar açırımları (taxça, zeh və ya rəf (ləmə), divar şkafı, yük yeri, dolab, buxarı və s.) mühüm yer tuturdu. Taxça bəzi bölgələrdə “harma” adlandırılmışdır.
Taxça sözünün kökü “tağ”dır. Bu da həmin memarlıq elementinin (kiçik forması) daha çox məişət funksiyalı kiçik tikilinin tavan hissəsinin tağ olması ilə əlaqədardır. Vaxtilə bütün evlərdə, təsərrüfat tikililərində, ovdanlarda, məscidlərdə, mədrəsə binalarında taxçalar inşa olunurdu. Divarlardakı düzbucaq, piramida və ya oval formalı taxça və rəflər ənənəvi evlərin interyerində mebeli əvəz edərdi.
Taxçalar divar tikilərkən onun içərisində müəyyən ölçüdə saxlanılan divariçi boşluqdur. Taxça gündəlikdə işlədilməyən ev avadanlıqlarının, qiymətli şeylərin, qadın zinətlərinin, içərisinə xeyir-şər libasları qoyulan və bahalı parçalardan hazırlanan paltar boğçasının (Naxçıvanda “paltar-çarşovu” deyilirdi) saxlanılması üçün nəzərdə tutulurdu. Taxçalarda qab-qaşıq, küplər və s. məişət avadanlıqları da yerləşdirilirdi.
Hər bir evdə, adətən, taxça bir cüt olmaqla, 140x80x25-30 sm ölçüdə simmetrik şəkildə buxarı yerləşən divarın sağ və solunda düzəldilirdi. Bəzən isə taxçalar yerdən bir qədər hündür, kvadratvari, yaxud uzunsov (təqribən 40X40, 50X50, 40X60 və s.), divariçi boşluğu təqribən 30-40 sm, tavanı isə tağ olan kiçik ölçülü tikilidir. Bir sıra hallarda evlərin qızdırılmasına xidmət edən buxarılar hər iki yandan və yuxarıdan kiçik taxçalarla əhatə edilirdi.
XIX əsrin ortalarına kimi taxçaların qabağı, üzəri müxtəlif naxışlarla bəzədilən pərdələrlə tutulurdu. Sonralar, xüsusilə də XIX əsrin sonlarında tikilən yaşayış evlərində taxçalara qapı qoyulur, “qarğaburnu” (“qarğadili, “qulax”) adlana cəftə ilə bağlanırdı. Gündəlikdə işlədilən qab-qacağı, azuqəni, çay və xörək dəstgahını taxçanın bir növü olan dolabda (dulada) saxlayırdılar. Taxça ilə müqayisədə dolab kiçik olub, təxminən 100x70x20-25 sm ölçüdə qurulurdu. Adətən, təkotaqlı evlərdə bir cüt dolab olurdu. Bəzən evin eyvanında da dolaba təsadüf edilirdi. O, kiçik ölçülü (60x40x30 sm) olmaqla, həm yəhər-qoşqu ləvazimatı qoymaq, həm də gecələr təsərrüfat tikililərinə baş çəkmək üçün istifadə edilən əl çıraqlarını saxlamaq üçün istifadə olunur. Dolaba yığılan əşyalar gündəlikdə istifadə olunduğundan, onun qarşısına tünd rəngli parçadan pərdə tutulurdu.
Görünüşcə taxçaya oxşayan, üzərinə müxtəlif mətbəx avandanlığı yığılmış rəf (zeh, ləmə) evin interyerində mühüm yer tuturdu. Onu, bir qayda olaraq, evin yan divarları boyunca düzəldirdilər. Bəzən evin bütün divarları boyu düzələn zehə də təsadüf olunurdu. Yaşayış evlərində zehin iki forması (divarda yerləşdirilmiş batıq şəklində və divardan 20-25 sm irəli çıxmış qomqamış kəmər və ya taxta qurşaq şəklində) geniş yayılmışdı. Divara söykənmiş vəziyyətdə olan zehin üzərinə məişətdə az işlədilən və tez sınan ev avadanlığı müəyyən ardıcıllıqla və xüsusi zövqlə yığılırdı. Zeh bir növ ailənin iqtisadi vəziyyətinin göstəricisi idi. Oraya düzülmüş qabların sırasına, sayına, dəyərinə və müxtəlifliyinə gör ailə sahibinin maddi vəziyyətini müəyyən etmək olardı.
Azərbaycanın ənənəvi evlərində, hətta dini binalarında taxça, rəf, dolab, buxarı və s. açırımların qurulması inşaat texnologiyalarının təkmilləşməsi ilə sıx bağlı idi. İnşaat texnologiyasının təkmilləşməsi tədricən ev sahmanının daha da səliqəli olmasına imkan verən memarlıq elementlərini ortaya çıxarırdı. Məsələn, XIX-XX əsrin əvvəllərində tikilən evlərin əksəriyyətində “ayıbalası” kərpicdən istifadə olunması mərtəbəarası və dam örtüyünün böyük ağırlığı, seysmik mülahizələrin nəzərə alınması və divarlarda çoxlu sayda açırımların – taxça, yük yeri (camaxatan), divar şkafı, buxarı, dolab və s. qurulması ilə əlaqədar idi. “Ayıbalası” kərpicin ölçülərinin böyük olması divar hörgüsünü iki qatda hörməyə və divar qatlarını bir-birinə möhkəm bağlamağa imkan verirdi.