AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kəndi

Nümunənin reyestr kodu : DA0201000006

Azərbaycan əhalisinin çoxsahəli təsərrüfat məşğuliyyəti tarixən burada bir sıra təsərrüfat binaları və məişət qurğularının yaranmasını labüd etmiş, əkinçilik, maldarlıq və sənət istehsalı ilə bağlı tikililərin, məişət vasitələrinin zəngin tipoloji növləri yaranmışdır.

Ayrı-ayrı bölgələrdə mövcud olan xammal növlərindən müxtəlif məişət vasitələri düzəldilmişdir. Ənənəvi maddi mədəniyyət örnəklərinin, o cümlədən ərzaqsaxlama vasitələrinin tipoloji zənginliyini şərtləndirən amillərdən biri bundan irəli gəlmişdir. Taxıl quyusu, kəndi, anbar, təsərrüfat küpü, god, çuval kimi ərzaq saxlama vasitələri müxtəlif ölçü vahidlərinə (çanaq, gilə, taqqa, urba, tağar, xalvar və s.) əsaslanaraq qurulub hazırlanır, taxıl və başqa ərzaqlar doldurulurdu. Bu ölçü vahidləri ilə saxlanılan, alınan, satılan məhsulun qədəri müəyyənləşdirilirdi.

Əkinçilik və bağçılıq məşğuliyyəti ilə bağlı yaranmış təsərrüfat və məişət tikililərinin bir qismi sırf məhəlli səciyyə daşımışdır. Məsələn, Alazan vadisində “daqqa”, Quba-Xaçmazda “god” adı ilə bəlli olan yoğun kötükdən düzəldilən taxıl çəlləyi olmuşdur, bəzi bölgələrdə buna “dəbbə” də deyilirdi. Çəlləyin bu növü başlıca olaraq meşəiçi və meşəətrafı kəndlərdə geniş yayılmışdır. Vaxtilə taxıl saxlamaq üçün istifadə olunan “səbət anbar” da məhəlli səciyyə daşımaqla, meşəətrafı kəndlərdə geniş yayılmışdır. Bunun əksinə olaraq, taxıl, un saxlamaq məqsədi ilə düzəldilən “kəndi” (gil anbar), əsasən, ağac materiallarından korluq çəkən aran kəndlərində təsadüf edilirdi. Eyni zamanda gil materialı istifadə olunan kəndi dulus məmulatı kimi hazırlanmırdı, onun dulus kürəsində qurudulmasına ehtiyac duyulmurdu. Əksinə, hazırlanması daha sadə olan kəndi əsasən isti aran bölgəsində yayılmışdı.

Taxıl saxlanılan kəndilər peyin qarışdırılmış gilli palçıqdan silindrik, habelə dairəvi formada hazırlanırdı. Onu hissə-hissə, hər dəfə bir qarış hündürlüyündə hörüb qaldırırdılar. Bir qayda olaraq, kəndini qadınlar düzəldirdi. Onun hündürlüyü orta boylu adama boy verə biləcək qədər olurdu. Bu avadanlığın forması müəyyən mənada onda saxlanılması nəzərdə tutulan ərzaqla bağlı olurdu. Ölçüsündən (böyük-kiçikliyindən) asılı olaraq, kəndinin diametri 60-70 sm-dən 1 metrə qədər olurdu. Kəndi düzbucaqlı (oval) və girdə olmaqla iki formada hazırlanırdı. Əksər hallarda o, təndirsayağı formada, yəni girdə düzəldilirdi.

Kəndinin ağzı dibinə nisbətən bir qədər daralırdı. Onun divarı 7-8 sm qalınlığında olurdu. Bu məqsədlə kül səpilmiş sahədə mal peyini qatılmış gil kütləsini “bad” və ya “zobalaq” adlanan loğana halına salandan sonra onları bir-birinin üzərinə yapışdırırdılar. Bir qayda olaraq, kəndi nəm tutmayan quraq yerdə düzəldilirdi. Təndirlə müqayisədə o bir yerdə tərpənməz qalır, bir növ torpaqla birləşirdi. Kəndi hissə-hissə hazırlanıb başa çatandan sonra bir ay müddətində öz dəmində qurudulurdu. Tamam quruyandan sonra onun içəri və çöl üzü əvvəlcə narın saman qatılmış sarı gil ilə, sonra isə ağ gil (singir) ilə şirlənirdi. Bununla da, mal peyini qatışığı ilə hazırlanmış kəndi paklanmış olur və onda bərəkət rəmzi sayılan taxıl, yarma, un saxlanılırdı.

Kəndilər müxtəlif böyüklükdə olub, təxminən 100-300 kq-a qədər taxıl tuturdu. Kəndinin aşağı hissəsində taxıl götürməkdən ötrü “külbə” adlanan göz qoyulur və taxıl töküldükdən sonra onun ağzı suvanırdı. İri tutumlu kəndilərin sınmaması üçün o, bir neçə yerdən iplə sarınırdı ki, buna da “qurşaq” deyilirdi. Kəndi evdə, eyvanda və həyətdə üstüörtülü yerdə qoyulurdu.

Kəndidə buğda, arpa və darıdan əlavə, həm də noxud, mərci, un saxlayırdılar. Bu avadanlıqda hansı ərzağın saxlanması ona qulluğa da təsir göstərirdi. Məsələn, un kəndisi hər il şirlənirdi. Çox vaxt kəndi quraqlıqda (altıaçıq) saxlanılırdı. Taxıl və un saxlanılan belə kəndilər təkcə Azərbaycanda deyil, həm də qonşu ölkələrdə geniş yayılmışdır.

XX əsrin ortalarınadək Azərbaycanın bir sıra bölgələrində taxılın saxlanılması üçün quyu və anbarlardan başqa kəndi, toxunma səbət, çubuq anbar, taqqa və godlardan, habelə çuval, kisədən və s. istifadə edilmişdir. Anbarlarda saxlanarkən taxılın xarab olmaması, ziyanvericilərdən qorumaq və keyfiyyətini saxlamaq məqsədilə taxılın içinə müxtəlif otlar, nar qabığı, soğan və xüsusilə, sarımsaq qoyulardı.