AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

God (taxıl çəlləyi)

Nümunənin reyestr kodu : DA0201000002

Azərbaycan əhalisi ayrı-ayrı məskunlaşma bölgələrində mövcud olan xammal növlərindən bacarıqla istifadə edərək, özlərinə müvafiq məişət vasitələri düzəltmişdir. Elə ənənəvi maddi mədəniyyət örnəklərinin, o cümlədən ərzaqsaxlama vasitələrinin tipoloji zənginliyini şərtləndirən ümdə amillərdən biri də buradan irəli gəlmişdir. Taxıl quyusu, kəndi, anbar, küp, god, çuval kimi ərzaq saxlama vasitələri müxtəlif ölçü vahidlərinə (çanaq, gilə, taqqa, urba, tağar, xalvar və s.) əsaslanaraq qurulub hazırlanırdı, taxıl və başqa ərzaq doldurulurdu. Bu ölçü vahidləri ilə saxlanılan, alınan, satılan məhsulun qədəri müəyyənləşdirilərdi. Evlərin məişət bölməsində, quraqlıq, altıaçıq, kümxana, kəndi, taxıl quyusu, anbar və s. ilə yanaşı god da yerləşirdi.

Taxılın saxlanılmasında irigövdəli ağacdan hazırlanan godlardan və taqqalardan istifadə edilmişdir. God tipoloji cəhətdən anbarın xüsusi növü olub meşə qovağının gövdəsinin kökə yaxın hissəsindən içaçan xüsusi isgənə ilə yonulub düzəldilirdi. Quru qovaq və qarağacın içərisi daha tez çürüyüb tökülür və ya içərisinin yonulması daha asan olurdu. Ona görə də god ən çox həmin ağac növlərindən hazırlanırdı. Godlar müxtəlif ölçüdə – hündürlüyü təxminən 2-3 metr, diametri 80-90 sm olurdu. Godun bir başına qovaq, palıd və ya narrat ağacından yonulmuş taxta qapaq vurulurdu. Onun ağzına, həmçinin, taxta qapaq düzəldilirdi.

Ən iri godlarda tağarlarla taxıl saxlanılırdı. Bir qayda olaraq godun nəm çəkməməsi üçün onun altına 60-70 sm hündürlüyündə ayaqcıqlar düzəldilirdi. Godun oturacağı taxta ilə örtülür. İçinə taxıl tökülərək ağzı qapanırdı. God yağış dəyməyən, nəm çəkməyən yerə qoyulurdu. Godun aşağı hissəsinə dəni çıxartmaq üçün qapaqlı “dənlik” düzəldirdilər. Taxıl götürmək lazım gəldikdə godun aşağı hissəsindən açılmış deşiyə tıxanmış əski parçası çıxarılır və ya düzəldilmış taxta “ağızlıq” yuxarı qaldırılırdı. Lazım olan qədər taxıl götürüldükdən sonra yenə deşik qapanırdı. Ərzaq məhsullarını daha yaxşı saxladığından tumluq buğda, mərci, noxud və s. çox vaxt godda saxlanılırdı.

Məhəlli səciyyə daşıyan məişət qurğularından biri də Alazan vadisində “daqqa”, Quba-Xaçmazda “god” adı ilə bəlli olan yoğun kötükdən düzəldilən taxıl çəlləyi olmuşdur. Azərbaycanın bəzi bölgələrində buna “dəbbə” də deyilirdi. Çəlləyin bu növü başlıca olaraq meşəiçi və meşəətrafı kəndlərdə geniş yayılmışdır. Taxıl, un saxlamaq məqsədi ilə düzəldilən “kəndi” (gil anbar), əsasən, ağac materiallarından korluq çəkən aran kəndlərində təsadüf edilirdi.

Ən qədim taxılsaxlama qablarından biri irihəcmli təsərrüfat küpləri idi. İri təsərrüfat küpləri əsasən oturaq həyat tərzi keçirən və taxılçılıqla məşğul olan əhali arasında yayılmışdır. Taxıl doldurulduqdan sonra oturacağı yastı və gövdəsi qabarıq olan küplərin ağzına küləş və ya palaz parçası qoyulurdu. Yaxud münasib gil ağızlıq, sal daş və taxta qapaqla örtülürdü. Qırmızı və boz rəngli təsərrüfat küplərinin hündürlüyü təxminən 1,5-2 metr olurdu. Küp çox zaman yerə basdırılırdı. Bəzən basdırılmayan və taxıl saxlanılan küplərə də rast gəlmək mümkündür.

Taxıl saxlanan qurğu olan god Tunc və Dəmir dövrlərindən işlənmiş, sonrakı əsrlərdə isə daha geniş şəkil almışdır. Sadə və əlverişli taxıl saxlama vasitəsi olduğundan XX əsrin ortalarınadək istifadə olunmuşdur.