AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəqqas

Nümunənin reyestr kodu : DA0104000051

Azərbaycan xalqı əsrlər boyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli rəqslər olmuşdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə oynaq mahnı ilə müşayiət olunan rəqsləri göstərmək mümkündür. Həmin rəqslər xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə seçilir.

XVII əsrin əvvəllərində Azərbaycanda səfərdə olan alman səyyahı Adam Olearinin rəqs sənətimiz haqqında söylədiyi mülahizələr qiymətlidir. O bir şənlik məclisini belə təsvir edir: “Ortaya iki dəst xalı döşənildi. Bunlardan birinin üstündə sazəndələr, digərinin üzərində zər-ziba geyimli gözəl rəqqasə qızlar əyləşdilər. Onların arasında rəqqasə Dilfərib xanım nəzəri xüsusilə cəlb edirdi. Şairlərin deyişməsindən sonra zurnaların və dəfin müşayiəti ilə gözəl qızlar ayağa qalxıb süzməyə başladılar. Onların qollarının və əllərinin, bədənlərinin titrəməsində dəqiqlik və incəlik vardı... Rəqqasələr bəzən ulduzlar kimi toplaşır, sonra yenidən bütün otağa səpələnirdilər”. Peterburq Rəssamlıq Akademiyasının prezident müavini Q.Q.Qaqarin XIX əsrin ortalarında Bakı, Gəncə və Şamaxıda olmuş, bir sira qiymətli tablolar yaratmışdır. Qaqarinin 1840-cı ildə çəkdiyi və Sankt-Peterburqda Rus muzeyində saxlanılan “Şamaxı rəqqasələri” adlı tablosu maraqlıdır. Q.Q.Qaqarin həmin tabloda oynayanların adlarını da vermişdir: Sona, Hikmət, Rəna, Nisə, Səkinə, Məlakə və başqaları. 1852-ci ildə rus tədqiqatçısı İ.Şopen Azərbaycandan söhbət açarkən yazırdı: “Azərbaycan qızlarının rəqsləri olduqca işvəli və cazibədardır, zərif geyimləri isə bu cazibədarlığı daha da artırır. Qızlar rəqs etdikcə qara, qıvrım saçları çiyinlərinə tökülür və tunc rəngli bədənlərinin əzaları al qumaş altında titrəyir. Rəqqasələr adətən qabaq-qabağa oynayırlar. Barmaqlarındakı üsküklərin nəlbəkiyə dəyməsindən ahəngdar sədalar ucalır. Bu səda gah güclənir, gah həzinləşir, gah da eşidilməz olur. Bu anda rəqqasələr elə ehmal süzürlər ki, onların tərpənişlərini sezmək belə olmur. Birdən diksinərək irəli atılır və yenidən xəyal kimi cilvələnirlər. Onların sinəsi xəfifcə titrəyir, dalğın gözləri alışıb-yanır və bədənləri ehtirasdan süstləşmiş kimi xumarlanır”.

Görkəmli fransız ədibi Aleksandr Düma Qafqaz səyahəti zamanı Azərbaycanı gəzmiş, onun təbiəti haqqında, əhalisinin məşğuliyyəti, əyləncəsi barədə dəyərli məlumat vermişdir: “Mən Əlcəzairdə, İstanbulda, Tripolidə Şərq rəqslərinə tamaşa etmişəm. Şamaxılı Nisənin ifasındakı rəqs bunların hamısından üstündür”. O, səyahətnaməsində şamaxılı musiqi xadimi Mahmud Ağanın qonağı olduğunu bildirir: “İri pəncərənin qarşısında üç rəqqasə və beş çalğıçı oturmuşdu. Musiqi sədaları yüksəlirdi... Üç dəmir dayanacaq üzərində qurulmuş təbil iri yumurtanı andırırdı. Bizim fleytaya oxşayan tütəyin, mandalinanı xatırladan tarın və çonquriyə bənzəyən metal dayaqlı kamançanın şən sədaları bir-birinə qarışdı”.

Azərbaycanda daxili məzmunu, gözəlliyi, incəliyi, şuxluğu, zərifliyi, oynaqlığı, coşqunluğu və axıcılığı ilə səciyyələnən beş yüzdən çox oyun havası vardır. Ənənəvi kişi-qadın rəqsləri şən və nikbin xarakterə, cəld tempə malik olur. Qadın rəqsləri öz təmkinliyi, daxili sakitliyi, aramlılığı ilə fərqlənir. “Uzundərə”, “Halay”, “Gülgəz”, “Yüzbir”, “İnnabı”, “Bağdagüllü”, “Vağzalı” belə rəqslərdəndir. Kişi rəqsləri üçün (“Qaytağı”, “Cəngi”, “Qazağı”, “Xançobanı”) isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır.

“Uzundərə”, “Qazağı”, “Şalaxo”, “Bağdadur”, “Qızılgül”, “Yallı”, “Yüzbir”, “Lalə”, “Ceyranı”, “Cəngi”, “Misri”, “Ləzginka”, “Qaytağı”, “İnnabı”, “Məxməri”, “Yaylığım”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Novruzu”, “Şahsevəni”, “Heyvagülü”, “Qarabağı”, “Qızlar bulağı” və yüzlərcə başqalarının adlarını çəkmək olar.

Qobustan qaya təsvirləri musiqi və rəqs mədəniyyətimizin inkişaf tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Təsvirlərdən aydın olur ki, qəbilə üzvləri ova getməzdən əvvəl ovlamaq istədikləri heyvanların rəsmlərini çəkib, onun ətrafında ovun uğurlu olması üçün ayin rəqsləri ifa etmişlər. Qədim dövrün rəqsləri barədə digər bir maraqlı təsvir Ordubad rayonunda Gəmiqaya adlı yerdə qayalar üstündə əks olunmuşdur. Qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri verilmişdir (Əliyev V., 1969). Üç min ildən artıq tarixi olan və Naxçıvan ərazisində aşkara çıxarılan boyalı qabın üzərində iki nəfərin rəqsi incəliklə təsvir edilmişdir. Bu qablar üzərində kişilərlə yanaşı, qadınların da rəqs etdikləri tamamilə aydın görünür.

Orta əsr mənbələrində Azərbaycan rəqqasları haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar vardır. XII əsrdə yaşayan Mücirəddin Beyləqani, Əfzələddin Xaqani qadın rəqslərini və xanəndələrini həssaslıqla təsvir edirdi. XVI əsr Təbriz miniatür məktəbinin ustadı, məşhur Azərbaycan rəssamı Sultan Məhəmmədin XVI əsrin birinci yarısına aid olan “Şahzadənin əyləncəsi” adlı miniatürdə rəqs səhnəsi həssaslıqla işlənmiş, zurnaçılar və qavallı xanəndə təsvir edilmişdir. Həmin miniatürdə iki nəfər qadının üz-üzə rəqs etməsi aydın görünür. Rəqqasələrin incə geyimləri, xüsusilə, döş və baş bəzəkləri onların zərif və lirik oyunlarına daha da gözəllik verir.

Müasir dövrdə ölkəmizdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (1938), Azərbaycan Dövlət Rəqs Ansamblı (1970), “Çinar” rəqs ansamblı (1959) və s. musiqi və rəqs kollektivləri fəaliyyət göstərir.