AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəqqas Xanlar Bəşirov

Xanlar Bəşirov 22 mart 1957-ci ildə Xanlar rayonunun (indiki Göygöl) inzibati mərkəzi olan Xanlar şəhərində anadan olub. Atasının işi ilə əlaqədar orta təhsilini fərqli şəhərlərdə və fərqli məktəblərdə alıb. Dayısı Azərbaycanın əməkdar artisti peşəkar rəqqas Rafiq Əzizovun çıxışlarında tez-tez tamaşaçı kimi iştirak etdiyi üçün bu sənətə həvəsi yaranıb. 1972-ci ildə Yuri Qaqarin adına Cücələrim ansamblının rəqs dərnəyinə yazılıb. İki il dərnəklərdə (Yuri Qaqarin adına pionerlər evində, Fioletov adına klubda, 26-lar klubunda və s.) məşğul olduqdan sonra bu sənəti özünə peşə seçməyi qərarlaşdırıb.
 
1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət mahnı və rəqs ansamblında rəqqas kimi çalışmağa başlayıb. Həmin ildən də Bakı Xoroeqrafiya məktəbinin Azərbaycan Xalq rəqsləri şöbəsində təhsilini davam etdirir. 1975-ci ildə Bakı Xoroeqrafiya məktəbini bitirib, 1974-1977-ci illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında Azərbaycan Respublikasının şəhər və rayonlarında, keçmiş SSRİ şəhərlərində, Finlandiya, Belçika və Avstriya kimi xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təmsil edib. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Bakı şəhəri Zabitlər evində hərbi mahnı və rəqs ansamblında solist-rəqqas vəzifəsində xidmət edib.
 
Əsgəri xidmətini bitirdikdən sonra Mahnı teatrında rəqqas-solist vəzifəsində çalışıb. 1982-1987-ci illərdə Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif şöbəsinin Klub işinin təşkili ixtisası üzrə ali təhsil alıb. 1986-cı ildən 1996-cı ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblında rəqqas-solist vəzifəsində fəaliyyət göstərib. Xanlar Bəşirov 1996-cı ildə təqaüdə çıxdıqdan sonra rəqqas-solist, 1998-2002-ci illərdə isə bədii rəhbər vəzifələrində Bakı şəhəri Mədəniyyət idarəsinin nəzdində fəaliyyət göstərən “Cəngi” rəqs ansamblında çalışıb. 2007-2008-ci illərdə Fikrət Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və rəqs ansamblında baletmeyster və rəqqas-solist vəzifəsində çalışıb. 2007-ci ilin noyabr ayından oğlanlardan ibarət Azərbaycan Qartalları rəqs ansamblını təşkil edib.
 
Xanlar Bəşirov 1991-ci ildə "Əməkdar artist" fəxri adına və 2007-ci ildə Qızıl Buta mükafatına layiq görülüb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı