AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Papaqçı

Nümunənin reyestr kodu : DA0104000038

Keçmişdə ictimai mənsubiyyətindən və yaşından asılı olmayaraq, əhalinin bütün zümrələri dəri papaq geyirdi. Azərbaycanda papağın “daqqa”, “çapma”, “qələmi”, “şikarı” və s. adlarla məlum olan müxtəlif formaları mövcud olmuşdur. Varlı kişilər, bir qayda olaraq, qaragül dərisindən sür papaq, əhalinin aşağı zümrələri isə yerli dəridən papaq geyirdilər. Qocalar arasında züllə papaq, gənclər və uşaqlar arasında “yapağı” adlanan girdə formalı papaq növü genış yayılmışdı. Daqqa papaq ahıl və qocalar arasında, şikarı papaq isə cavan oğlanlar arasında dəbdə olmuşdur. Çapma və ya qələmi papağın əsas müştəriləri varlılar idi. Göründüyü kimi, papağın növü və forması ictimai zümrələr arasında fərqi əks etdirməkdən əlavə yaş fərqinin də mühüm əlamətinə çevrilmişdi. Qıvrım tüklü sür papaqlar, adətən “börk” adlanırdı. Sür dərilərin mənsubiyyətinə görə, el arasında onun “Buxara”, “Krım”, “Şirazi” papaq və s. adlarına təsadüf olunurdu. Bundan əlavə, ayrı-ayrı bölgələrdə “Qarabağ papağı”, “Qəbələ papağı”, “ləzgi papağı” və s. kimi məhəlli və etnik xüsusiyyəti əks etdirən istilahlar da yayılmışdı.

Papaqçı dükanlarının hər birində bir nəfər usta və bir neçə köməkçi kargər və şagird işləyirdi. Papaq ustası eyni zamanda dükanın sahibi idi. İstehsalın təşkili, xüsusilə xammalın əldə olunması və aşılanıb boyanması məsələləri ilə yanaşı, materialın biçilməsi əməliyyatı ilə bilavasitə usta özü məşğul olurdu. Tikiş işlərini çox vaxt kargər (xəlfə) görürdü. Papaqçılıq sənətində qayçı, iynə, üskük, ütü, ülgü, miz, papaq qəlibi və s. kimi bir sıra zəruri istehsal ləvazimatı işlənirdi.

Papaqçı dükanlarında həm sifarişlə (“buyurtma”), həm də satılıq (“bazarı”) papaq tikilirdi. Bazarı papaq ucuz başa gələn yerli dərilərdən hazırlanırdı. Papağın üzlüyü və astarı ülgü əsasında biçilirdi. Dəri tərs üzündən tikilib hazır ediləndən sonra ona parça astar çəkilir və avand üzünə çevrilib qəlibə salınırdı. Yerli dəridən tikilmış papağın saçaqlarını pərqulamaq üçün onu sol ələ keçirib yavaş-yavaş fırladır və üzərinə su piləyib toxmaq ilə döyəcləyirdilər. Bunun nəticəsində papağın tikış yerləri və üzünün tükləri səliqə-sahmana düşürdü. Qaragül dərisindən tikilən papaqların tüklərinin qıvrımı çəngəl vasitəsilə qaldırılıb nizama salınırdı.

Papaq tikmək üçün yerli qoyun dərilərinin çirki axar suda tapdama üsulu ilə yuyulub təmizlənir, qıvrım tüklü dərilər isə qaynar suda yuyulurdu. Şuşa papaqçıları bu məqsədlə Araz sahillərindən gətirilmış “coğan” adlanan şorakət bitkidən hazırlanmış şilədən istifadə edirdilər. Tiyana tökülmüş su qaynamağa başlayanda coğanı əzib ona qatırdılar. Dərinin tüklü üzü coğan şiləsi ilə yuyulub təmizləndikdə xüsusi parıltı verirdi. Şirazi dərilər, bir qayda olaraq, zağ məhlulu ilə yuyulurdu. 100 dəriyə 10 girvənkə hesabı ilə zağ işlənirdi. Yerli dəri üçün aş (yaxı) zəy, duz və kəpək qatışığından düzəldilirdi. Hər dəri üçün 50 qram zəy, 50 qram duz, 100 qram kəpək və 1 litr su nisbətində götürülüb yaxı düzəldilirdi. Dərinin astar üzünə çəkilmiş yaxı əllə möhkəm sürtülə-sürtülə onun məğzinə yedizdirilirdi. Dəri yaxılandıqca iki qatlanıb, üst-üstə yığılır, sonra sərilib qurudulurdu. Aşılanmış dəri istifadə olunmazdan əvvəl doğanaq vasitəsi ilə sürtülüb yumşaldılır və lət qalığından təmizlənirdi.

Papağın biçilib tikilməsi ilə xüsusi papaqçı dükanlarında peşəkar ustalar məşğul olurdular. Papaqçı dükanı həm istehsal, həm də satış məqsədi güddüyündən çox vaxt bazar və karvansaralarda yerləşirdi.

Keçmiş məişətdə yerli əhali arasında dəri papağa tələbat böyük olduğuna görə Azərbaycanda bu sənət geniş intişar tapmışdı. XIX əsrin 50-ci illərində Bakı, Gəncə, Lənkəran, Quba, Şəki, Şamaxı, Şuşa, Naxçıvan şəhərlərində 650 papaqçı var idi. Onlardan 235 nəfəri yalnız Şəkidə cəmlənmişdi. XIX əsr və XX əsrin əvvəllərində də Qarabağda papaqçılıq sənəti kifayət qədər inkişaf etmişdir. Məsələn, 1860-cı ildə Şuşa şahərində 84 papaqçı işləmişdir. Papaqçı usta və şagirdlər xammalın aşılanması, biçilməsi, tikilməsi və satışını həyata keçirirdilər. Qarabağda “Girvənkə”, “Qarabaği”, “Buxara” (“Qaragül”), “Şirazi” papaqlar istehsal olunurdu. Burada papaqçılıq sənətinin mərkəzi Şuşa şəhəri idi. Təsadüfi deyil ki, Şuşada bir sıra sənətkarlıq məhəllələri ilə yanaşı, papaqçıların fəaliyyət göstərdiyi ayrıca bir küçə olmuşdur. XX əsrin əvvəllərində Şuşada 80 nəfər papaqçılıqla məşğul olurdu.