Xəttat
Nümunənin reyestr kodu : DA0104000067
Azərbaycanda bədii əlyazma sənətinin erkən inkişaf dövründə xəttat və digər incəsənət ustalarının yaradıcılıq fəaliyyəti çox geniş idi. Belə məşhur ustalardan biri Təbrizli Mübarək şah Zərrinqələm idi. Bu məşhur xəttat o zaman işlədilən altı klassik xətt növünün mahir ustası olmuşdur. Sultan Üveys Cəlayirin (1358-1374-cü illər) Nəcəfdə tikdirdiyi binanın kitabələrini Zərrinqələm yazmışdır. Onun çox istedadlı şagirdi olan Abdullah Seyrəfi Təbrizi bir çox Təbriz binalarının daxili və xaricini bəzəyən dekorativ yazıların müəllifidir.
XIV əsrin əvvəllərində yaşayıb-yaratmış ustad xəttatlardan biri Abdullah ibn Əhməd ibn Fəzlullah Marağıdır. 1338-ci il tarixli nadir Quran nüsxəsi onun yaradıcılığının məhsuludur. O zaman yüksək bədii keyfiyyətdə hazırlanan əlyazmaların, xüsusən dini əsərlərin bəzəyi dekorativ sənət sahəsində əl qabiliyyəti olan xəttatlar tərəfindən işlənirdi. XIV əsrin birinci rübünə aid dini kitablardan 1322-ci ildə Şirvanda yazılmış “Musabexx us-sanna” adlı əsəri xüsusilə qeyd etmək lazımdır. Həmin nüsxə xəttat Məhəmməd ben Şüca ben Məhəmməd əl-Katib əş-Şirvani tərəfindən “nəsx” xətti ilə köçürülmüş, tərtib edilmişdir.
Kollektiv yaradıcılığın məhsulu olan əlyazma kitablarının meydana gəlməsində əsas vəzifə həm də redaktorluq işini yerinə yetirən xəttatların üzərinə düşürdü. Xəttat mətnin səhifədə yerləşdirilməsini, rəssamın çəkəcəyi illüstrativ şəklin süjetini müəyyənləşdirirdi. Xəttat ədəbi əsəri köçürərkən miniatür üçün ağ yerlər buraxırdı. Miniatürçü rəssam isə, öz növbəsində, illüstrasiyada çərçivəyə alınmış düzbucaqlar şəklində bir neçə boş sahə buraxırdı ki, xəttat mətni yazarkən süjetlə əlaqədar buraxdığı parçaları bu boş yerlərə köçürsün. Bu üsul miniatürlərdə əks etdirilən təsvirin anlaşıqlığını artırır, onu tamamlayırdı. Miniatür üçün ayrılan sahənin seçilməsində, süjet üçün kompozisiyanın müəyyənləşdirilməsində miniatürçü rəssam da iştirak edirdi. Buna baxmayaraq, xəttat bir qayda olaraq, illüstraçı rəssamı məhdud çərçivədə saxlayır, onu həmin sahə daxilində yaradıcılıq işi aparmağa məcbur edirdi. Rəssam müvafiq süjeti canlandırmaq üçün xəttatın buraxdığı ağ sahə daxilində elə düşünülmüş kompozisiya qurmalı idi ki, verilmiş sahəyə yerləşdirmək şərtilə, ədəbi mətndə nəql olunan epizodu rəsm dilində təsvir edə bilsin. Bu prinsip rəssamdan böyük məharət tələb edirdi. Orta əsr rəssamları öz istedadları sayəsində vəziyyətdən ustalıqla çıxırdılar. Əlyazmanın tərtibatında nəqqaş da iştirak edir, səhifələrdəki mətni çərçivəyə alır, başlıqları, sərlövhə və sonluqları bəzəyir, bəzən də əlyazma səhifələrinin geniş kənarlarında rəsmlər çəkirdi.
Xəttatlıq sənəti daşişləmə, zərgərlik, metalişləmə və s. sahələrdə də inkişaf etmişdir. Xüsusilə kitab nəşrində baş verən yeniliklər kitab miniatür sənətini, kitab xəttatlığını tənəzzülə uğratmışdır. Bunun nəticəsində xəttatlıq daha çox məzar daşları, türbə, məscid üzərindəki kitabələrdə əksini tapmışdır. Orta əsr məzar abidələrinin böyük əksəriyyətini tənha başdaşı və ya sənduqə tipli qəbirüstü abidələr təşkil edir. Daş üzərində oyma sənəti orta əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmaqla, ümumən xəttatlıq sənətinin spesifik xüsusiyyətlərə malik sahələrindən birini təşkil edirdi. Orta əsr xəttatlarının böyük əksəriyyəti həm də həkkaklıqla məşğul olurdular. Ərəb əlifbasının müxtəlif xətt üslublarından (kufi, nəsh, süls, təliq, nəstəliq, tövhi) məharətlə istifadə edən orta əsr həkkakları çox vaxt kitabənin boşluqlarını həndəsi və nəbati səciyyəli ornament nümunələrindən ibarət kompozisiya ünsürləri ilə tamamlayıb bəzədiklərindən onlar eyni zamanda nəqqaş vəzifəsini də görürdülər. Bu mənada həkkaklıq sənəti, sinkretik səciyyə daşımaqla, həm xəttatlığın, həm də nəqqaşlığın başlıca ünsürlərini özündə cəmləşdirirdi. Azərbaycanın XI-XIV əsr kitabələri üçün müxtəlif bədii görkəmə malik kufi xətt səciyyəvi olmuşdur. XIV-XVII əsrlərdə daş abidələr, əsasən, nəsh və süls, bəzən isə nəstəliq xətti ilə işlənmişdir. XVIII-XIX əsr abidələrinin kitabələri isə, bir qayda olaraq, nəstəliq üslubunda düzəldilmişdir.
Rəssam, xəttat və cildsazlar tərəfindən hazırlanan qiymətli əlyazma kitablarının ilkin nüsxələri XIII əsrin ortaları və XIV əsrin əvvəllərinə aiddir. Saray ustaları tərəfindən Xoy, Marağa və Təbrizdə köçürülən əlyazmaların ilk nümunələrindən olan “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), İbn Bəhtuşinin “Mənafi əl-heyvan” (1297-1299) və Rəşidəddinin “Cami-ət təvarix” (1307-1314) əsərlərinin tərtibatında və yazı tərzində Bağdad əlyazmaları ilə müəyyən yaxınlıq vardır.
XIV əsrin əvvəllərində illüstrasiyalı əlyazmaların yaradılması ilə əsasən Təbrizin yaxınlığında, Rəşidiyyə adlanan universitet şəhərciyində məşğul olurdular. Qazan xanın tarixçisi və vəziri Fəzlullah Rəşidəddin tərəfindən təsis olunmuş universitet və kitabxanada müxtəlif məzmunlu 60 min kitab var idi. Rəşidəddinin kitabxanasında və onun nəzdində olan bədii emalatxanada Şərqin müxtəlif ölkələrindən dəvət edilmiş katib xəttatlar, rəssamlar, miniatürsazlar və s. kitab ustaları fəaliyyət göstərirdi.
XV əsrin son rübündə, Azərbaycanda iqtisadi-siyasi vəziyyətin yüksəlişi, mədəniyyətin ümumi inkişafı ilə əlaqədar olaraq kitab sənəti və miniatür boyakarlığı sahəsində də yeni bir canlanma, sürətli inkişaf dövrü başlayır. Elmə, poeziya və incəsənətə böyük marağı olan Yaqub padşahın hakimiyyəti illərində (1478-1490) bu inkişaf xüsusilə bəhrəli olmuşdur. XV əsrdə xəttatlardan Şeyx Məhəmməd Təmimi, Mövlana İdris, Əbdürrəhman Xarəzminin oğlanları Əbdülkərim, Sultan Yaqubla dostluğuna görə “Ənisi” (dost) təxəllüsü ilə tanınmış Əbdürrəhim, Sultan Əli əl-Yaqubi kimi ustad xəttatlar bu dövrdə kitab sənətinin gözəl nümunələrini yaratmışlar. Yaradıcılığı bilavasitə Ağqoyunluların saray kitabxanası ilə bağlı olan bu məşhur sənətkarlardan başqa həmin dövrdə Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə fəaliyyət göstərən Nizaməddin Əli Ərdəbili, Lütvallah Təbrizi, Məhəmməd oğlu Mahmud Təbrizi və s. kitab ustalarının da adları və əsərləri bəllidir.