Gönaşılama
Nümunənin reyestr kodu : DA0104000059
Gönəaşılama dabbaqlıq daxilində dar ixtisaslaşma nəticəsində ortaya çıxmışdır. Dabbaqxanalarda qara gön, ağ gön, kosala, sağrı və ətvi olmaqla müxtəlif növdə gön məmulatı istehsal olunurdu. Ağ və qara gön iri ev heyvanları, kosala dana gönü, ətvi və sağrı isə at gönündən aşılanırdı. Kosala və qara gönün aşılanma texnologiyası bir-birinə çox yaxın olub sağrı və ağ gönün işlənmə üsulundan əsaslı şəkildə fərqlənirdi. Zəy-duz məhlulu ilə aşılanan ağ göndən fərqli olaraq, kosala və qara gön sarağan, sumaq, yaxud nar aşında işlənirdi. Qara gönün istehsalı aşılanma texnologiyasına görə eyni idi. Adətən, camış gönü inək gönündən ayrı aşılanırdı. Eyni siləyə həm inək, həm də camış gönü salıb onları birgə işləmək əməli cəhətdən sərfəli deyildir.
Gönün ilkin emalından sonra ləttökmə, tüktökmə, həlimqoyma, piyləmə, pardaxlama kimi üsullardan istifadə edilirdi. Gön aşa qoyulmazdan əvvəl ilkin emaldan keçirilirdi. Dabbaq malının ilkin emalı ləttökmə, tüktökmə olmaqla biri digərini tamamlayan iki başlıca istehsal prosesini əhatə edirdi. Əvvəl gönün ləti tökülür, sonra tükü təmizlənirdi. Şəki və Şirvan ustaları gönün tükünü əhəng məhlulu, Şuşa dabbaqları kəpək vasitəsi ilə tökürdülər. Gönün ləti “leşüzən”, “ləskən”, “baladəmir” adlanan qaşovlarla qaşovlanırdı. Bu prosesə “dəmirləmə” də deyilirdi.
Xam gön əhəng məhlulu içində 7-8 gün qaldıqdan sonra dibləri boşalırdı, ləskənlə tükün qaşınması taxta üzərində yerinə yetirilirdi. Dabbaq malını əhəngin dağıdıcı təsirindən xilas etmək üçün tüktökmədən dərhal sonra onu təmiz suda yuyur, sonra həliməqoyma prosesi həyata keçirilirdi. Daha sonra aşaqoyma olurdu. Azərbaycanın əksər yerlərində lət və göndən təmizlənmiş gön birbaşa aşa qoyulduğu halda, Şuşada əvvəlcə duza qoyulur, sonra aşa salınırdı. Şuşa dabbaqları mövsümdən asılı olaraq, malı 5-10 gün dəniz duzunda saxlayırdılar, duzun gönə hopması üçün günün altında qurudulurdu.
Əksər dabbaqlıq mərkəzlərində gön yalnız bir dəfə aşa salınır, Şirvanda isə əvvəlcə cır nar, sonra sarağan aşına qoyulurdu. Aş hazırlamaq üçün 40 kq cır narın üzərinə 5 vedrə su tökülüb tiyanda bişirilirdi. Narın turşusu tamam qaynar suya çıxandan sonra çənə süzülür və üzərinə 2-3 vedrə soyuq su tökməklə istisi alınırdı. Gön nar aşında 3-4 saat fasiləsiz ayaqla tapdanırdı. Dabbaq malı iki gün tapdanmış aşda qaldıqdan sonra aş təzələnir və yenidən tapdanırdı. İki gün sonra nar aşı təzələnirdi. Nar aşında işlənmiş mal sarağan aşına salınmazdan əvvəl astar üzü qaşovlanıb lət qalıqlarından təmizlənirdi. Sarağan aşını hazırlamaq üçün bir pud sarağan ununa 7 vedrə su qatırdılar, bunula 5-6 gön aşılanırdı.
Dabbaqlıq sənətində gərgin zəhmət tələb edən iş malın aşda tapdanması idi. Gön dəfələrlə, aş rəngini dəyişib qüvvəsini itirənədək tapdanırdı. Malın öz aşını tutmasını dabbaqlar “dən alma”, yaxud “dənini yemə” adlandırırdılar. Aşılama malın duzlama əməliyyatı ilə başa çatırdı. Sonrakı mərhələdə qara gön yumşaq qalması üçün piylənirdi və artıq bu proseslə gönaşılayan deyil, dabbaq özü məşğul olurdu. Aşılanmış gönün əsas müştərisi başmaqçı, çəkməçi, sərrac, qısmən də çarıqçılar idi. Həmin sənət sahələrində aşılı gön məmulatı “altlıq”, “astarlıq”, “üzlük”, “qayışlıq” və s. olmaqla müxtəlif növlərə ayrılırdı. Aşılama müddəti daha qısa olan və keyfiyyətinə görə qara göndən fərqlənən ağ gön sifariş əsasında hazırlanırdı.
Azərbaycanda heyvan dərisindən istifadə çox qədim tarixə malikdir. Hələ daş dövründə, ovçuluğun ilk çağlarından etibarən vəhşi heyvan dərisi insanların məişətinə daxil olmuşdur. Arxeoloji qazıntılar nəticəsində külli miqdarda daş, sümük və metaldan hazırlanmış kəsici, qaşıyıcı, deşici, hamarlayıcı əmək alətləri aşkar edilmişdir. Universal səciyyə daşıyan bu alətlərin böyük bir qismi eyni zamanda gön-dəri məmulatı istehsalında da istifadə olunmuşdur. Dəvəgözü və çaxmaq daşından düzəldilmiş əmək alətlərinin müəyyən tipləri (qaşov, biz, bıçaq) bilavasitə dəriişləmə ilə bağlı olmuşdur.
Dabbaqlıq sənətinin Tunc dövründə formalaşdığını nəzərə alsaq, gönaşılamanın da bu sənət sahəsinin tərkib hissəsi kimi həmin dövrdən bir peşə kimi ortaya çıxdığını söyləmək mümkündür. Azərbaycan ərazisində qədimdən maldarlıq və qoyunçuluq təsərrüfat formalarının inkişafı, gön və dəri məmulatlarının inkişafı gönaşılama peşəsinin də intensiv şəkildə mövcudluğunu təmin etmişdir. Əhalinin təsərrüfat həyatında, maddi mədəniyyətində, o cümlədən geyim kompleksində gön və dəriyə olan tələbat gönaşılama peşəsinin də daim təkmilləşərək inkişaf etdiyini göstərir. Orta əsrlərdə, eləcə də XIX əsrdə Azərbaycanda gön-dəri məmulatı istehsalı kustar sənət və xırda əmtəə istehsalı səciyyəsi daşımışdır. Başlıca olaraq inzibati mərkəz rolu oynayan əyalət şəhərlərində cəmləşmiş iri dabbaqxanalarla yanaşı, qəsəbə tipli ticarət və sənət mərkəzlərində, bir sıra kəndlərdə xırda kustar dabbaqxanalar da fəaliyyət göstərirdi, buna müvafiq olaraq gönaşılama peşəsi də inkişaf edirdi.