Əttar
Nümunənin reyestr kodu : DA0104000071
Ərəb dilində “Əttar” sözü müxtəlif otlardan, çiçəklərdən, ağacların meyvə və çiçəklərindən istifadə etməklə dərman hazırlayan loğmanlara, həkimlərə aid edilmişdir. Əttarlar əczaçılıq ocaqları yaradaraq təbii-müalicəvi maddələr, dərmanlar hazırlayıb satmaqla məşğul idilər. Azərbaycanda qədim zamanlarda yaşamış əttarlar, əslində, müasir dərmanşünaslığın əsasını qoymuş ilk peşəkarlardır.
Qədimdə əttarlıq sənəti ilə məşğul olan peşəkar mütəxəssislər dərman hazırlamaqla, yəni əczaçı (farmakoloq) işi görməklə yanaşı, ətirli, zərif qoxulu maddələr (mayelər, ətriyyatlar, sular, yağlar və s.) hazırlayaraq ətirçi (parfümer, kosmetoloq) işini də görmüşlər. İlk dəfə olaraq Şərq ölkələrində təbib və əttar işi fərqlənmiş, təbiblər müalicə işi, əttarlar isə dərmanların hazırlanması ilə məşğul olmuşlar. Kənd yerlərində loğmanlıq, ara həkimliyi və əttarlıq ilə bir çox hallarda peşəkarlar məşğul olsa da, əhalinin sayca çox olduğu şəhərlərdə bir növ ixtisaslaşma baş vermiş, müalicə işi və dərman hazırlanması ilə ayrı-ayrı peşə adamları məşğul olmuşlar. Orta əsrlərdə “davacatxana” adlanan əttar dükanlarında gündəlik dərman hazırlanması prosesində ekstraksiya, filtrasiya, destilləetmə və s. metodlardan istifadə olunurdu.
Əttarların dərmanla yanaşı, ətir və kosmetoloji vasitələr hazırlaması insanların, xüsusən, xanımların zövqlərinin dəyişməsi, gündəlik məişətdə, mərasimlər zamanı ətirlərdən istifadənin genişlənməsi ilə bağlı idi. Digər tərəfdən, ətirlərin müəyyən hissəsi bir sıra hallarda tibbi məqsədlər üçün nəzərdə tutulmuş, zaman keçdikcə və tərkibi dəyişməklə birmənalı olaraq kosmetik mahiyyət kəsb etmişdir. Əttarlar həmişə ayrıca məhəllərdə yaşamağa üstünlük vermiş, onların dükanlarından yayılan gül, bənövşə ətri, başqa xoş qoxular bütün məhəllədə gözəl ab-hava yaratmışdı.
Əttarlar qədim dövrün aptekçiləri hesab oluna bilər. Onlar dərman bitkilərinin toplanması, qurudulması, saxlanması və dərmanların hazırlanması ilə məşğul olurdular. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün dörd ünsürün (səfra-öd, bəlğəm-selik, sövda-qara öd və qan) mühüm əhəmiyyət daşıdığını bilmiş, insan sağlamlığının və səhhətinin bu dörd ünsür arasında tarazlığın pozulmasında görmüşlər. Dərmanların hazırlanmasında tibb elminin prinsiplərindən çıxış etmişlər. Bu mənada əttarlar qədim təbabətin sirlərinə bələd olmuşlar. Loğmanların və müştərilərin sifarişi ilə dərmanlar hazırlayan əttarlar müalicəvi ot və çiçəkləri təbiətdən toplamışlar. Dərmanların və ətirlərin hazırlanmasında ənənəvi üsullar, gündəlik məişət qabları ilə yanaşı, tibbə məxsus alət və qablardan da istifadə olunmuşdur. Maraqlıdır ki, Orta əsrlərdə Azərbaycanda loğman və əttarlar xəstələrə təyin edilən nüsxələrin (reseptlərin) yuxarı hissəsində “Hüvəllahü şəfa” – Allah şəfa versin” sözləri yazırdılar.
Azərbaycanda hələ III əsrdə müalicə məqsədi ilə müalicəvi dərman bitkiləri ilə yanaşı, Naftalan neftindən, ağac kömüründən, kükürddən istifadə edilmişdir. Bu dövrdə müalicə ocaqları yaranmağa başlamışdır. Hələ VIII əsrdə Azərbaycanda dərman hazırlanması işi ilə təbabət və kimyanı daha dərindən bilən adamlar məşğul olurdular. Həmin dövrdə müsəlman dünyasında, o cümlədən, Azərbaycanda yayılmış “Qarabaddin” adlanan kitablar dərman hazırlanması üçün əsas olmuşdur. IX əsrdə Azərbaycanda səfərdə olmuş ərəb səyyahı İbn Hövgəl yazırdı ki, burada tibb elminə dərindən bələd olan həkimlər fəaliyyət göstərirlər. Ərəb tarixçisi Təbəri hələ IX-X əsrlərdə Azərbaycanda məşhur loğman və həkimlərin, o cümlədən peşəkar əttarların yaşadığını yazmışdır. Onların hazırladıqları müxtəlif məcunlar, dərman nüsxələri, məlzəmələr və ətirli maddələr müsəlman ölkələrində məşhur olmuşdur.
XIII-XIV əsrlər Azərbaycanda dərmanşünaslığın “qızıl dövrü” sayılır. Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti illərində Təbrizdə xəstəxana və onun nəzdində əczaxana yaradılmışdır, bu ənənə başqa şəhərlərdə də davam etdirilmişdir. 1490-cı illərdə Həkim Hakimi “Dənizin xassələri” adlı kitabında müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar haqqında məlumat vermişdir. XV əsrdə Şükrüllah Şirvani, Mahmud ibn Məhəmməd Şirvani, Yusifi Məhəmməd ibn Yusif Təbib və başqa alimlər təbabətə, dərman hazırlanmasına dair əsərlər yazmışlar. Səfəvilər dövründə də bütün xəstəxanaların əczaxanaları vardı. İtaliyalı səyyah Cenkinsonun “Səyahətnamə”sində, məşhur fransız səyyah-yazıçısı Aleksandr Dümanın “Qafqaz səyahəti” əsərində də Azərbaycan əttarlarımızın sənətinə yüksək qiymət verilir, müxtəlif çeşidli məcunların, dərman nüsxələrinin və kosmetik vasitələrin məşhur olduğu bildirilir.
Əsrlər boyu belə müalicə ocaqları dərman hazırlayıb satmaqla yanaşı, əhaliyə tibbi xidmət də göstərirdi. Belə əttar dükanları Şamaxı, Gəncə, Naxçıvan, Şuşa, Lahıc və başqa yerlərdə yayılmışdır.
Azərbaycanda əttarlıq sənəti bu gün də yeni tələblərə uyğun olaraq mövcuddur. Hazırda Bakıda və başqa şəhərlərdə ənənəvi əczaxanalara bənzəyən “Yaşıl aptek”lər fəaliyyət göstərir, bu əczaxanalarda, əsasən, təbii bitkilərdən hazırlanan dərmanlar satılır.
-
İnb Sina yaradıcılığı, onun Azərbaycan təbabət və dərmanşünaslığının ...
A.Bənədliyeva
-
Qədim və orta əsrlərdə Azərbaycanda dərmanşünaslıq (dissertasiya)
Şəhla Mikayılova
2008
-
Qədim və orta əsrlərdə Azərbaycanda dərmanşünaslıq (avtoreferat)
Şəhla Mikayılova
2008
- Tərtibçi və biblioqrafiya