Əkinçi
Nümunənin reyestr kodu : DA0104000031
Azərbaycanın təbii-coğrafi şəraiti, iqlimi, məhsuldar torpaqları burada ən qədim dövrlərdən bəri əkinçilik mədəniyyətinin inkişafına gətirib çıxarmışdır. Arxeoloji materiallar Neolit dövründə əhalinin təsərrüfat həyatında dəmyə əkinçiliyinin mühüm yer tutduğunu təsdiqləyir. Burada şum alətləri sadədən mürəkkəbə doğru inkişaf etmiş, səpin, biçin və döyüm qaydaları, eləcə də məhsulun saxlanması, emalı qaydaları təkmilləşmiş, süni suvarma sistemi genişlənmiş, taxılçılıqla yanaşı, çəltikçilik, üzümçülük, bağçılıq, bostançılıq, tərəvəzçilik və təsərrüfatın başqa sahələri inkişafı etmişdir. Maldarlıq təsərrüfatı ilə paralel inkişaf edən əkinçilik mədəniyyəti qoşqu qüvvəsi kimi öküz və kəllərdən istifadə olunması ilə daha da genişlənmiş, məhsuldarlıq daha da artmışdır.
Tarixən bir-birilə sıx bağlı olan, bir-birini tamamlayan əkinçilik və maldarlıq əhalinin məşğuliyyət sahəsi və ya peşə olmaqdan daha çox bir yaşam tərzi idi. Sənətkarlıq sahələri, maddi və mənəvi mədəniyyət bu yaşam tərzində formalaşmış, təkmilləşmişdir. Təsadüfi deyil ki, maldarlıq və əkinçilik xalqımızın dünyagörüşündə müqəddəs sayılmış, bin-bərəkət, məhsuldarlıq simvolu hesab olunmuşdur. Xüsusi ilə Azərbaycan əhalisinin ən qədim yaşam tərzinin izlərini yaşadan şifahi xalq yaradıcılığında əkinçiliklə bağlı çoxsaylı süjetlər, obrazlar, məsəllər vardır. Nağıl və dastanlarımızda əkinçi öz zəhməti ilə dolanan, müdrik, ağıllı, başqalarına ürəyi yanan bir obrazdır. Yaxud, “Əkən də, əkməyən də xırmanda ağlar”, “Əkiblər yemişik, əkirik yeyərlər”, “Əkinini göy ikən yeyən xırman vaxtı ac qalar”, “Daş üstə əkin olmaz”, “Əkinçi cütündə gərək”, “Əkində, biçində оlmayanın süfrədə üzü оlmaz” və s. oxşar atalar sözləri əkinçi peşəsinin mahiyyətini izah etmək baxımdan mühüm əhəmiyyət daşıyır.
Əkinçilik mədəniyyəti coğrafi şərait, relyef, iqlim, suvarma, torpağın məhsuldarlığı və s. amillərlə sıx bağlı olmuşdur. Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Qədim əkinçilər əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemlərini inkişaf etdirmişlər. Çala” əkinçiliyi Kür, Araz, Alazan, habelə başqa çayların sahil boyu ərazisində, çay-basar torpaqların əkilib-becərilməsi əsasında inkişaf etmış, bu torpaqlarda əsasən yazlıq taxıl və bostan bitkiləri əkilmışdir. Tala əkinçiliyi meşəlik bölgələrdə yayılmışdır, bu sistemdə meşələr qırılır, yandırılır, əkin sahəsinə çevrilirdi. “Dincə qoyma” sisteminə əsasən, əkinçilər yorğun düşmüş torpaq sahəsini dincə qoyurdular, 1-2 ildən sonra onun münbitliyi bərpa olunurdu. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar taxıl, bostan, tərəvəz və texniki bitkilərin əkin sahələri genişləndirilmiş, torpaq sahələrinin dincə qoyulması tədricən aradan çıxmışdır. Əkinçilər taxıl əkinləri altında gücdən düşən torpaq sahələrində bostan və başqa texniki bitkilər becərmişlər, bu da “herik” əkinçilik sisteminə keçid hesab olunurdu. İkitarlalı əkinçilikdə tarlada bir il taxıl əkilir, ikinci il sahə heriyə buraxılırdı. Heriyə qoyulmuş sahədən isə otlaq və ya biçənək kimi istifadə olunurdu. Pambıq, çəltik, yonca kimi bitkilərin əkildiyi sahələr növbəti səpin ilində buğda və arpa üçün ən münasib torpaqlar sayılırdı.
Azərbaycan ərazisində Mezolit dövründə mənimsəmə təsərrüfatı formaları insanların ərzaqla təmin edilməsində başlıca yer tuturdu. Neolit dövründə (m.ə. VII-VI minilliklər) istehsal təsərrüfatına keçildi, əkinçilik və maldarlıq əsas məşğuliyyət sahələrinə çevrildi. Bu “Neolit inqilabı” dövründə dulusçuluq və toxuculuq kimi sənət sahələri yarandı, insanlar daşı burma üsulu ilə deşmək, novçalı etmək, cilalamaq texnikasına yiyələndilər. Bu dövrdə dəmyə əkinçiliyi əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tuturdu. Neolit dövrünə aid ilk əkinçilik məskənlərinə Cənubi Azərbaycanda Urmiya gölü hövzəsindəki Həsənli, Yanıqtəpə, Təbriz yaxınlığındakı Hacı Firuz, Şimali Azərbaycanda Qobustandakı Ana zağa, Kənizə, Ovçular zağası abidələri aiddir.
Miladdan əvvəl II minilliyin sonlarında dəmirdən istifadə Azərbaycanda əkinçiliyin inkişafına zəmin yaratmışdır. Dəmirin meydana çıxması təkcə iqtisadi həyatda deyil, ictimai quruluşda köklü dəyişikliklərə səbəb olmuş, güclü tayfa birləşmələri formalaşmış, ilk dövlətlər yaranmışdır. Azərbaycan ərazisində m.ə. I minillikdə yaranmış, dövrünə görə iqtisadi və mədəni cəhətdən inkişaf etmiş Manna, Albaniya kimi qədim dövlətlər zəngin əkinçilik mədəniyyətinə malik olmuşlar.
Azərbaycan əkinçilərinin yaratdıqları əkinçilik sistemləri Orta əsrlərin təsərrüfat şərtləri daxilində inkişaf etmiş, əhalinin qida ehtiyaclarının ödənilməsində mühüm rol oynamışdır. Hətta XX əsrin ortalarınadək Azərbaycanın bir sıra ərazilərində ənənəvi əkinçilik sahələri mövcudluğunu saxlamış, eyni zamanda təsərrüfatın, texnikanın, məhsuldar qüvvələrin inkişafı nəticəsində əkinçilik sistemləri müasir dövrün tələblərinə uyğun olaraq dəyişmişdir. Əkinçi peşəsi minillərdən gələn mahiyyətini saxlasa da, formaca və əhatə etdiyi ərazi baxımından xeyli dəyişmiş, müəyyən ixtisaslaşma baş vermişdir.