AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Başmaqçı

Nümunənin reyestr kodu : DA0104000014

Keçmişdə başmaq Azərbaycan xalqının milli geyim kompleksinin başlıca ünsürü idi. Şəhər əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi başmaq geyirdi. Bu səbəbdən də başmaqçılıq daha çox şəhər peşəsi sayılırdı. Başmaq dükanları sənət və ticarət mərkəzlərinin hamısında vardı. Əsasən bazara məhsul hazırlamaqla məşğul olan başmaq dükanları xırda əmtəə istehsalı səciyyəsi daşıyırdı. Başmaq dükanları, bir qayda olaraq, şəhərin gur ticarət həyatına malik mərkəz hissələrində, bazar və məscid meydanlarının kənarında yerləşirdi.

Başmaqçı digər gön-dəri ustaları kimi iş zamanı sıyırğac, şüfrə, bıçaq (gorda), tişə, qaşov, qırov, vərəçü, doğanaq, xərcü, xortaçü, sığalçü, oxlov, qulaba, çapasəng və s. əmək alətlərindən istifadə edirdi. Başmaqçının bir sıra spesifik əmək alətləri də vardı. Başmaqçı dükanlarında əndazə (ülgü), qəlib, çərməki, mixət, xul, kərki, pədaval, biz, iynə, gazan, tüktəpən və s. vasitəsilə icra olunan əməliyyatların çoxu “dəzgə” adlanan alçaq miz üzərində görülürdü. Başmaqçının işi alçaq miz üzərində icra olunduğundan işıq düşmək üçün dükanın pəncərələri döşəməyə çox yaxın düzəldilirdi.

Başmağın altı aşılı gön və ya sağrıdan, üzlüyü tumac və ya müşküdən olub ülgü əsasında biçilirdi. Başmağın kənar kəfi ətvidən, üzünün astarı müşəmbədən biçilirdi. Başmaq dükanlarında uşaq, qadın və kişi ayağına uyğun olaraq müxtəlif ölçüdə başmaqlar tikilirdi. Yayılma arealına görə, şəhər əhalisinin geyim dəstində əsas yer tutan kişi başmağı “mərdanə başmaq” adı ilə məlum idi. Arxası açıq, hündür dabanlı, pəncə üstü müxtəlif rəngli müşkü və tumacdan, altlığı isə aşılanmış göndən hazırlanan qadın başmaqları “zənanə”, “miyanə” və “qız başmağı” olmaqla üç ölçüdə tikilir, sifarişdən asılı olaraq yüksək zövq ilə bəzədilirdi.

Usta əvvəlcə başmağın astarını “çiriş” vasitəsilə üzlüyə yapışdırır, sonra onun ətrafına “kəf” çəkirdi. Kəfin kənarlarını yenə də çiriş vasitəsilə başmağın altlığına yapışdırırdı. Kəfin qabaq hissəsi bərkiyəndən sonra daban topunu öz yerinə salırdı. Topun yanları boyunca kəfin kənarlarını başmağın altlığına tikirdi. Başmaqçılar bu əməliyyatı “topun kökünü tutma” adlandırırdılar. Bundan sonra tüktəpən vasitəsilə başmağın dabanına, top ilə kəfin arasına tük təpilirdi. Bunun sayəsində başmağın daban hissəsi elastik hala düşürdü.

Başmaqçılar həm əməli, həm də dekorativ məqsəd daşıyan müxtəlif tikiş növlərinə üstünlük verirdilər. Adətən, başmağın dabanı “təlbə”, üzlüyün ağız bəxyəsi “qoşasırıq”, topun ətrafı “kökləmə” adlanan tikiş növləri ilə tikilirdi. Qadın başmaqlarının daban təlbəsi çox vaxt metal simlə tikilirdi. Başmaq hazır olandan sonra onun dabanına nal vurulurdu. Başmaqdan fərqli olaraq, nəleyinlərin dabanı alçaq və nalsız olurdu. Toy libası üçün nəzərdə tutulmuş başmaq bəzəkli hazırlanırdı. Gəlin başmağının dabanına əlvan rəngli tumacdan “gül”, bunun üstündən isə sifarişlə zərgərə qızıl və ya gümüşdən kəsdirilmiş “daban” adlanan nazik metal lövhə vurulurdu. Bəzən əsilzadə qadınlar üçün buyurtma hazırlanan “zənənə başmağ”ın üstü məxmərdən tikilirdi. Belə başmaqların üzlüyü güləbətin sapla naxışlanıb bəzədilirdi. Uc hissəsi yuxarı qatlanmış formada tiklilən başmaqların gözəl görünməsi üçün əlvan saplarla və qızılı simlərlə tikilir, daban oturcağına əlvan parçlardan “döşəmə” qoyulurdu.

Başmaqçı dükanlarında kişi və qadın başmağı ilə yanaşı, şəhər əhalisi arasında dəbdə olan nəleyin, dübəndi, qondara kimi ayaqqabı növləri də hazırlanırdı. Şəhər qadınları evdə, adətən, nəleyin geyinirdilər. Nəleyinin dabanı başmağa nisbətən xeyli alçaq olur, üstü çox vaxt parçadan olub tikmə ilə bəzədilirdi.

XIX əsrin 30-cu illərində Azərbaycan şəhərlərində 327 nəfər başmaqçı var idi. XIX əsrin ortalarında onların sayı 579 nəfərə çatmışdı. Başmaqçılığın inkişafı baxımından Şamaxı və Nuxa şəhərləri xüsusilə fərqlənirdi. XIX əsrin ortalarında Şamaxıda 227, Nuxada isə 147 nəfər başmaqçı işləyirdi. Sağrı başmağın istehsal mərkəzləri arasında Şuşa şəhəri mühüm yer tuturdu. Ona görə də ətraf mahalların əhalisi arasında Şuşada istehsal olunmuş sağrı başmaqlar “Qala başmağı” adı ilə geniş şöhrət qazanmışdı.

XIX yüzilliyin 30-70-ci illərinə aid statistik məlumata görə, Gəncədə 35, Şamaxıda 227, Nuxada 147 başmaqçı işləyirdi. Naxçıvan şəhərində fəaliyyətdə olan bazarlardan biri başmaqçı emalatxanalarının sayının çoxluğuna görə məhz “Başmaqçı meydanı” adlanırdı. Ordubadda başmaqçı Ələkbərin yüksək zövqlə hazırdığı başmaqlar (çəpiş başmaq) məşhur idi. Səriştəli başmaq ustalarının hazırladığı başmaqlar çox zaman istehsal olunduğu sənət mərkəzinin adı ilə tanınırdı: Gəncə başmağı, Qala başmağı, Ordubad başmağı, Şirvan başmağı və s. İmkanlı ailələr “sağrı başmaq”a daha çox üstünlük verirdilər.

XIX əsrin sonu və XX əsrin əvvəllərindən etibarən şəhər qadınları arasında “qondara”, “dikdaban”, “quşkeçməz” və s. adlarla bəlli olan satınalma tufli dəbə düşmüşdür. Bununla əlaqədar, ənənəvi ayaq geyimləri – başmaq və nəleyin sıxışdırılıb məişətdən çıxarılmağa başlamışdır. XX əsrin əvvəllərindən etibarən başmaqçılar satınalma padoş, şavro, xrom və s. kimi sənaye məmulatları da işlətməyə başlamışdılar.