AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Baramaçı

Nümunənin reyestr kodu : DA0104000012

Tarixən Azərbaycanda əhali geniş şəkildə baramaçılıqla məşğul olmuş, burada qadın əməyinin rolu böyük olmuşdur. Baramaqurdunun oyadılmasından başlamış, onun barama sarımasına və yığımına qədər olan bütün dövrdə əsasən qadınlar işləyirdi. Yarpağın qırılması və daşınmasında isə kişi əməyindən istifadə edilirdi.

Azərbaycanda baramaçılığın, ipəkçiliyin inkişafını təmin edən amillərdən biri tut bağlarının çoxluğu idi. Çəkil plantasiyaları ticarət bağçılığı, tut yarpağı isə əmtəə xarakteri almışdı. Baramaçıların əsas işi baramaqurdunun yemlənməsi, bəslənməsi ilə yanaşı ipəkqurdu (barama) toxumu əldə edilməsi idi. İpəkqurdu toxumunu baramaçılar özləri ənənəvi yollarla hasil edir və ya xaricdən alırdılar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda baramaçılar “Bağdad”, “Xorasan”, “İtaliya”, “Yaponiya”, “İstanbul” və yerli ipəkqurdu növləri bəsləyirdilər. Ən çox yapon ipəkqurdu növü yayılmışdı. İlkin mərhələdə ipək əyirməklə baramaçıların özləri məşğul olurdular. Onlar ipəkdən darayı adlanan parça toxuyur, qaytan və sap alır, müxtəlif toxunma mallar hazırlayırdılar.

Baramaçıların işi əsasən yaz aylarında olur, baramaqurdu yaz aylarında xüsusi kümxanalarda, talvar və ev çardaqlarında, bəzən də tövlələrdə bəslənilirdi. Baramaqurdu oyandıqdan sonra barama sarıyana qədər dörd yuxu və beş yaş dövrü keçirir: hər bir yuxu həm də qurdun yaş dövrü hesab olunurdu. Baramaçılar ipəkqurdu bəslənən yerlərin darısqal, qaranlıq və nəm olmasına xüsusi diqqət yetirirdilər. Soyuğa olduqca həssas olan ipəkqurdunun bəsləndiyi yerə tərəcə, həsir, qalın bezdən parça və ya qalın kağız sərilirdi. Baramaçılar qurdun düzgün və yaş dövrünə görə yemlənməsini məhsuldarlıq üçün əsas şərt sayırdılar. Barama qurdlarının birinci yuxusu qara yuxu, ikincisi, cümsaz və ya hacı yuxu, üçüncüsü, kiçik yuxu, dördüncüsü isə ulu yuxu adlanırdı. Dördüncü yuxudan sonra barama qurduna “xirik” də deyilirdi. Beləliklə, qurdun dörd yuxusu dörd yaş və dördüncü yuxudan sonrakı dövr beşinci yaş dövrü hesab olunurdu.

Baramaçılar xüsusən beşinci yaş və baramasarıma dövründə qurdları təmiz hava ilə təmin edirdilər. Kümxananın qapısı və pəncərələri daim açıq vəziyyətdə saxlanılır, istilik isə 22-23 dərəcədə olurdu. Yemləmədən 8-10 gün sonra qurdlar barama sarımağa başlayırdı. Həmin vaxt fındıq və palıd ağacının budaqlarından kəsilən şaxlar kümxanalarda yerləşdirilir, üzərinə yaşıl tut yarpaqları tökülürdü. Qurdlar şaxların üstünə dırmaşıb barama sarıyana qədər bu proses davam etdirilirdi. Barama 4-6 gün ərzində yetişirdi. Yemləmənin sonunda yetişmiş qurdlar şaxlanırdı. Kütləvi şaxa çıxmanın yeddinci günü baramalar şaxdan dərilir, pürzəsi təmizlənir və növlərə ayrılırdı. Yetişmiş baramalar palaz və ya parçanın üstünə düzülürdü. Bir neçə gün ərzində qurdların ölməsi üçün günəşli yerə sərilirdi. Sonra iri qazanda suyu qaynadaraq qazanın üstünə aşsüzən qoyub barama aşsüzənə yığılır, müəyyən müddətdən sonra qurudulurdu. Suda qaynatmaqla baramanın içindəki qurdun öldürülməsi ipək istehsalının zəruri mərhələsi idi.

Kümdarlar baramanı əvvəllər evdə, kustar üsulla açıb kələf əldə edirdilər. Sonralar ixtisaslaşmış baramaaçma müəssisələri meydana çıxması ilə əlaqədar əhali baramanı həmin müəssisələrə təhvil verirdi. Baramanı quru, həm də yaş halda satırdılar. Günün sərin vaxtında barama səbət və ya yeşiklərdə qəbul məntəqəsinə göndərilirdi.

Azərbaycanda ipəkçiliyin inkişafı V-VI əsrlərdən başlamış, tədricən ölkənin bütün bölgələrinə yayılmışdır. XIII-XV əsrlərdə Bərdə, Şirvan, Şəki və başqa əyalətlər barama və ipək sapı istehsal edən bölgələrə, Şamaxı, Gəncə və Təbriz kimi iri şəhərlər isə ipək parça toxuyan mərkəzlərə çevrilmişdir. Orta əsrlərdə Azərbaycanda ipəkçiliyin inkişafı haqqında avropalı səyyahlar (R.Klavixo, Kontarini, A.Oleari və s.) məlumat vermiş, Genuya, Venesiya, Rusiya tacirləri Azərbaycan ipəyinə maraq göstərmişlər. XVII əsrin 30-cu illərində Azərbaycanda olmuş A.Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xamna (xam ipək) toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tay təxminən 5,5 pud idi). XVIII əsrin 80-cı illərinə aid məlumata görə, Şamaxı xanlığında xeyli barama istehsal edilir və hər il 4000 puda qədər ixrac olunurdu. Xanlığın 16 mahalından beşində 323 tut bağı və 255 baramaqurdu bəslənən bina var idi. Şəki xanlığında 482, o cümlədən, Ağdaş mahalında 204 tut bağı, bu bağlarda 2,3 milyon tut ağacı var idi.

XIX əsrdə Çar Rusiyasında toxuculuq sənayesinin inkişafı Azərbaycanda baramaçılığın artmasına təkan verdi. XIX əsrin 40-cı illərində Cənubi Qafqazda istehsal olunan 34 min pud ipəyin 29 min pudu Azərbaycanın payına düşürdü. XX əsrin əvvəllərində də Yelizavetpol quberniyası, Bakı quberniyasının Lənkəran, Quba və Göyçay qəzaları, Zaqatala dairəsi və Naxçıvan qəzası mühüm baramaçılıq mərkəzləri idi. 1914-cü ildə Azərbaycanın 2200 kəndində əhali baramaçılıq və ipək sap istehsalı ilə məşğul olurdu, Təkcə Nuxa qəzasında 18 min və Ərəş qəzasında 7 mindən çox kəndli ailəsinin xüsusi çəkillikləri var idi. 1914-cü ildə Cənubi Qafqazda barama istehsalı 320 min puda çatmışdı, onun 231 min pudu Azərbaycanda istehsal olunmuşdu. 1908-ci ildə Yelizavetpol (Gəncə) quberniyası kənd əhalisinin 47,6 faizi, Bakı quberniyası əhalisinin 28 faizi, Zaqatala mahalı əhalisinin 12,1 faizi və Naxçıvan qəza əhalisinin 10 faizi baramaçılıqla məşğul olurdu.

XX əsrdə Azərbaycanda ipəkçilik sənayesinin inkişafı ilə əlaqədar baramaçılıq sahəsi əhəmiyyətini itirməmiş, əsrin sonlarına doğru tənəzzülə uğrasa da, müasir dövrdə baramaçılıq bərpa olunmaqda, genişlənməkdədir.