Bağban
Nümunənin reyestr kodu : DA0104000010
Bağban peşəsi təsərrüfat həyatı ilə sıx bağlı olduğundan əkinçiliklə məşğul olan əhali bağ salmaq, ağac əkmək işi ilə də məşğul olmuşdur. Bağbanlar dadlı və keyfiyyətli meyvə növləri yetişdirməklə yanaşı, onları nəsildən-nəslə ötürmüşlər. Bu baxımdan Abşeronun sarı ənciri, Naxçıvanın sin armudu, şəkəri armudu, əndiryanı armudu, Əbutalıbı əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın salamı, zəfəranı, alanayı, nazlı, tərəlli, şərəlli, qışlıq şaftalı növləri, Qubanın cırhacı, qəndilsinab alması, Şəki-Zaqatalanın ağagörməz, vələçin, yay gülabı, qarabığır, naibi, pərzivan, çobankol armudu xalq seleksiyasının uzun illər boyu yaratdığı meyvə növlərindən olub, şöhrət qazanmışdı. Bağbanlar meşələrdəki cır ağacları calaq etmək, ya da yeni ağaclar əkməklə bağlar salmışdılar.
XIX əsrdə Quba, Şamaxı, Ərəş, Şəki, Zaqatala, Naxçıvan, Ordubad, Gəncə, Abşeronun və s. bağbanları yetişdirdikləri meyvələrlə məşhur idilər. Bir çox kəndlər başdan-başa meyvə bağları ilə əhatə olunmuşdu. Tarixi-etnoqrafik məlumatlara görə, Qubada bir ailə 100 meyvə ağacı yetişdirməli idi, bu ağaclar bar verəndən sonra ərə gedən qızların cehizi olarmış. Yaxud, müxtəlif bölgələrimizdə meyvə ağacları qıza cehiz payı kimi verilərdi, hər il ağacın məhsulu qızın evinə göndərilərdi.
Bağbanlar gələcək bol məhsulun əsasını payızda qoymağa çalışırlar. Bu zaman torpağı şumlayıb gübrə qatır, ağacların qol-budağını kəsib formaya salır, qurumuş ağacları yeniləri ilə əvəz edir, ziyanvericilərə qarşı mübarizə tədbirləri görürlər. Ağacların yarpaqları töküldükdən sonra bağbanlar meyvə bağlarında budama işləri aparır, cavan ağacların budaqlarını kəsməklə onların inkişafını təmin edirlər. Ağaclardakı budaqların uclarında hər il çoxlu şüy cücərir ki, budanma zamanı onlardan birini boy vermək üçün saxlayır, başqalarını isə kəsirlər.
Etnoqrafik materiallar göstərir ki, Azərbaycanda meyvənin yığılması üçün müxtəlif üsullardan istifadə edilmişdir. Hündür meyvə ağaclarından alma, armud, nar, heyva və bu qəbildən olan digər meyvələr bir-bir yığılardı. Bu üsula “dəstəçin” deyilərdi. Meyvə xüsusi qayda ilə qablara yığılar, altına qıjı döşənərdi. Daha uca, əlçatmaz ağacların meyvəsi isə “koqar” adlı alət vasitəsilə toplanardı. Bağbanlar əlçatmaz budaqdakı armudları bir-bir koqarın qarmağına ilişdirər, sonra koqarı buraraq saplağı qırıb armudu qaba salardılar.
Azərbaycan ərazisi təbii halda bitən müxtəlif meyvə və giləmeyvə bitkiləri ilə zəngindir. Arxeoloji materiallar Azərbaycanın bir sıra bitkilərin, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) mədəniləşməsinin vətəni olduğunu təsdiqləyir, bu da öz növbəsində bağçılığın ən qədim zamanlardan yarandığını göstərir. Arxeoloji qazıntılar zamanı təsərrüfat quyularından, gil qabların içərisindən zoğal, alça çəyirdəkləri, fındıq, qoz qabıqları ilə yanaşı bağban bıçaqları, dəhrələr və digər alətlər tapılmışdır. Bu alətlərin bəziləri indi də bağçılıqda istifadə edilir.
Orta əsrlərdə Azərbaycanda bağçılıq daha geniş vüsət almış, üzüm, zoğal, şaftalı, ərik, nar, heyva, alma, armud və s. meyvə növləri daha çox yetişdirilmişdi. Mingəçevirdə III-VIII əsrlərə aid abidələrdən nar, şaftalı və başqa meyvə qabıqlarının tapılması bağbanlıq peşəsinin inkişaf səviyyəsini göstərir. Süni suvarma şəbəkələrinin tarixən genişlənməsi kənd təsərrüfatının, xüsusilə bağçılığın yaxşılaşmasının əsas şərtlərindən biri idi. X əsr ərəb müəlliflərindən əl-İstəxri Bərdənin meyvə bağları, İbn Hövkəl Bərdə şabalıdı barədə yazmış, XIII əsrdə Yaqut Həməvi Naxçıvanın bağları, nar, ənciri, Həmdullah Qəzvini Ordubadın bağları barədə məlumat vermişdir. Orta əsrlərdə Təbriz, Gəncə bağları məşhur idi. Nizami Gəncəvinin əsərlərində nar, badam, püstə, xurma, əncir, portağal və bir sıra meyvə növlərinin tərifi orta əsrlərdə Azərbaycanda meyvəçiliyin geniş yayılması, meyvə məhsullarının əhalinin məişətində xüsusi yer tutduğunu deməyə əsas verir. XVII əsr türk səyyahı Evliya Çələbi Naxçıvanın Qarabağlar kəndindəki bir bağda armudun 26 növünün olduğunu xəbər verir.
XIX əsrin sonlarından etibarən Azərbaycanda bağçılıq təsərrüfatı daha geniş inkişaf etmişdi. İstehsal olunan bol meyvə məhsulları artıq əmtəə xarakteri daşıyaraq daxili və xarici bazarlara çıxarılmış, bir sıra sərgilərdə nümayiş etdirilmiş və yüksək qiymətləndirilmişdir.