AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mərdəkan Xalq Teatrı

Əsası 1920-ci ilin avqust ayında Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının nümayişi ilə qoyulan bu teatr 95 ildə özünəməxsus yaradıcılıq yolu keçmişdir. Xalq teatrı tərəfindən hazırlanan və nümayiş olunan hər bir əsər tərifə layiq olmuş və böyük uğur qazanmışdır. Teatrda nümayiş olunan əsərlər qəsəbə həvəskarlarının təşəbbüsü və əməyi sayəsində ərsəyə gəlmişdir. Respublikanın tanınmış bir çox incəsənət xadimləri - R.Əlizadə, B.Xanızadə, əməkdar artist Ayşad Məmmədov məhz bu teatrın yetirmələridir. 58 il dərnək kimi fəaliyyət göstərən bu teatra 1978-ci ildə “Xalq teatrı” adı verilmişdir. Elə bu uğur teatr üzvlərini ruhlandırmış və bir-birinin ardınca “Məlikməmməd”, “Ölülər”, “Parisi dağıdanlar”, “Diqqət, partladıram”, “Anaların səsi” kimi klassik irsimizə mənsub əsərləri müvəffəqiyyətlə tamaşaya qoymuşlar.

1985-ci ildə “Məlikməmməd” nağıl tamaşası ilə Çexoslovakiyaya beynəlxalq festivala dəvət alan teatr mükafat və diplomlarla geri dönmüşdür. Həmçinin Gürcüstanın Zestafoni şəhərində keçirilən festivalda, alman faşizmi üzərində qələbənin ildönümü münasibətilə 1985-ci ildə Moskva, 1991-ci ildə Rusiyanın Kursk şəhərlərində keçirilən festivallarda çıxış etmiş, diplom və ordenlərə layiq görülmüşdür. Qeyd etməliyik ki, “Mərdəkan” Xalq Teatrı Azərbaycanı xaricdə təmsil edən ilk xalq teatrıdır. Bu və digər uğurlarına görə 1988-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur. 2008-ci ildə R.Əlizadənin “Dədə Qorqud” dastanı əsasında ssenariləşdirdiyi “Dəli Domrul” əsərinin tamaşasına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin I dərəcəli diplomuna və mükafata layiq görülmüşdür. “Mərdəkan” Xalq Teatrı 2010-cu ildə özünün 90 illik yubiley tədbirində dramaturq Rəhman Əlizadənin “Maymaq”, 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalında “Məkirlilərin vəkilləri”, 2013-cü ildə Bakı Şəhər Xalq Teatrları Festivalında “Bir meşənin nağılı”, 2014-cü ildə Bakı Şəhər Xalq Teatrları Festivalında G.Munisin “Xınayaxdı”, həmçinin Ə.Nesinin “Adamı zorla dəli edərlər”, uşaqlar üçün “Üç keçinin nağılı” adlı əsərləri və s. səhnələşdirmişdir. 2015-ci ildə keçirilmiş Bakı Şəhər Xalq Teatrları Festivalında birinci yerə layiq görülmüş, teatrda çalışan həvəskar aktyorlar müxtəlif nominasiyalarda diplom və fəxri fərmanlara layiq görülmüşlər. 2017-ci ildə keçirilən II Respublika Xalq Teatrları Festivalına “İşdə məhəbbət macərası” tamaşası ilə qatılaraq final mərhələsində də iştirak etmiş və diploma layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı