AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mahur-hindi

Nümunənin reyestr kodu : FM0302060001

Mahur-Hindi

Azərbaycan klassik muğamında qədim dəstgahlardan biri sayılan “Mahur”un 3 min ilə yaxın tarixi olduğu ehtimal edilir. XIII əsrdə yaşamış məşhur musiqişünas Səfiəddin Urməvinin tərtib etdiyi cədvəldə, həmçinin XV əsr alimi Əbdürrəhman Caminin risaləsində biz “Mahur” adına rast gəlirik. Orta əsrlərdə 58, XIX əsrin sonlarında isə 14 şöbə, guşə və hissədən ibarət olmuş “Mahur”da nikbinlik, əzəmət, mübarizlik vardır. Müasir ənənəyə əsaslanan professional musiqimizdə “Mahur”un iki növü təqdim edilir: “Mahur-hindi” və “Orta Mahur”. XIX əsr alimi M.M.Nəvvabın muğam cədvəlində “Mahur” muğam dəstgahı aşağıdakı şöbələri özündə cəmləşdirir: “Mahur”, “Şur”, “Əşiran”, “Dilkəş”, “Dügah”, “Zənge-şotor”, “Hicaz”, “Mavərənnəhr”, “Şahnaz”, “Hacıyuni”, “Sarənc”, “Şüştər”, “Məsnəvi”, “Suzi-güdaz”.

Ustad tarzən Mirzə Fərəcin (1847-1927) cədvəlində “Mahur-hindi” muğam-dəstgahı 13 şöbə və guşə ilə verilmişdi: “Bərdaşt”, “Mahur”, “Üşşaq”, “Hicri”, “İqbal”, “Vilayəti”, “Mübərriqə”, “Əşiran”, “Rak-hindi”, “Şikəsteyi-Fars”, “Əraq”, “Heyratı-Kabili”, “Mahur-hindi”. Bu cədvəlin şöbə və guşələri Ü.Hacıbəylinin rəhbərliyi ilə Türk Musiqi texnikumunun Şərq şöbəsi müəllimlər komissiyasının iclasında qəbul edilmiş proqrama daha yaxındır. Həmin proqramda “Mahur-hindi” dəstgahının siyahısı qısaldılaraq 9 şöbə və guşəyə endirilmişdi: “Mahur-hindi”, “Üşşaq”, “Mübərriqə”, “Əşiran”, “Şikəsteyi-Fars”, “Əraq”, “Raki-Hindi”, “Heyratı-Kabili”, “Mahur-hindi” şöbələridir. Müasir dövrdə isə “Mahur-hindi” muğam dəstgahı 8 şöbə və guşədən ibarətdir: “Bərdaşt”, “Mayeyi-Mahur”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-Fars”, “Əraq”, “Qərai”. Göründüyü kimi, hazırda “Mahur-hindi” məhz “Rast” dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir.

M.S.İsmayılov “Azərbaycan xalq musiqisinin janrları” kitabında “Rast” və “Mahur”u müqayisə edərək yazır: “İstər məqam əsasına, istər melodiyaların quruluşu, istərsə də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”a uyğun gələn muğamlardan biri “Mahur-hindi”dir. “Rast” haqqında dediyimiz sözləri eynilə bu muğama da aid etmək olar”. Bütün bu müştərək cəhətlərə baxmayaraq “Rast” ilə “Mahur-hindi”nin fərqli xüsusiyyətləri də vardır. “Rast” kiçik oktavanın “sol” mayəli tonallığındadırsa, “Mahur-hindi” “do” mayəli kökdə (tonallıqda) çalınıb oxunur. İkincisi, hər iki muğam bir-birindən əhval-ruhiyyəsinə görə də fərqlənir. “Rast” ağır, təmkinlə çalınıb-oxunursa, bir növ “nurani babanın nəsihətləri”ni xatırladırsa, “Mahur-hindi” coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir.

Azərbaycan xalq musiqisində əsas muğamlardan sayılan “Mahur” döyüş xarakterli olub ifaçıdan böyük vokal ustalığı və temperament tələb edir. Bu səbəbdəndir ki, “Mahur” hər xanəndənin ifasında yer ala bilmir. Bununla belə, “Mahur-hindi” muğamının Məşədi İsi, Mirzə Güllər, Malıbəyli Cümşüd, Şəkili Ələsgər, Zabul Qasım Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Hacıbaba Hüseynov, Sara Qədimova, Töhfə Əliyeva, Yaqub Məmmədov, Nəriman Əliyev, Qəndab Quliyeva, İslam Rzayev, Canəli Əkbərov və başqaları kimi məşhur ifaçıları olmuşdu. Bu gün isə “Mahur-hindi” muğamı tanınmış xanəndələr Alim Qasımov, Zahid Quliyev, Mələkxanım Əyyubova, Məhərrəm Həsənov, Ruzə İbişova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Səbuhi İbayev, Simarə İmanova və başqalarının ifasında uğurlu səhnə ömrünü davam etdirir.