AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sınama

Nümunənin reyestr kodu : DR0206000001

Sınamalar ibtidai insanların təbiət hadisələrinə təsir etmək, bununla da uğur qazanmaq, xəta-bəladan, xəstəlik, aclıq, ölüm kimi neqativ hallardan uzaq olmaq istəyi ilə əlaqədar yaranmışdır. Sınamlar ibitdai təxəyyüllə bağlı olduğu üçün onların məzmunu mifoloji elementlərlə kifayət qədər zəngindir. Məsələn, “Kəsilmiş saçı tapdalayanın başı ağrıyar” sınaması insanın ruhunun onun saçında yerləməsi haqqında ibtidai təsəvvürdən qayanqlanır. Yaxud, “Ovçunun qarşısına dovşan çıxarsa, ovu uğursuz olar” sınaması şər qüvvələrin daha çox dovşan cildində təsəvvür edilməsindən qaynaqlanır. Bundan çıxış edərək demək olar ki, sınamalar etnik və etnoqrafik həyatın ilkin çağlarına məxsus mifoloji təfəkkürdən doğmuş arxaik folklor janrıdır.

Azərbaycan folklorunda sınamalar həm də inanc, inam adları ilə tanınır. Azad Nəbiyevin yazdığına görə, sınamalar insanların təbiətdə görüb müşahidə etdiyi hadisələrə inamı ilə bağlı yaranmışlar. Bu inamlar sınaqlardan, təcrübələrdən keçirildikdən sonra qətiləşmiş və şifahi xalq ədəbiyyatının bir janrına çevrilmişlər.

Sınamalar həm də xalqın etnogenezisinin öyrənilməsi baxımından zəngin material verir. Uğur qazanmış kimsəyə müraciətlə söylənilən “Sağ əlin başıma” ifadəsi bu baxımdan xüsusi maraq doğurur. Həmin ifadəni deyən bununla öz işinin, arzusunun həyata keçməsi, müsbət nəticələnməsi istəyində olur. İfadədə sol əlin deyil, sağ əlin adının hallanması sol və sağla bağlı kökü çox-çox qədimlərə gedən inamla bağlıdır. Dilimizdə bu gün də işlənən “Sol gözün səyirsə bəd xəbər, sağ gözün səyirsə xoş xəbər eşidərsən”, “Sol əlin içi qaşınsa borclu olarsan, sağ əlin içi qaşınsa qazanca çatarsan”, “Bir adamın sol qulağı qızarsa hardasa onun zərərinə, sağ qulağı qızarsa xeyrinə danışırlar” ikimi sınamalar da həmin mifoloji təsəvvürdən qaynaqlanır. Bəhlul Abdullayev sağ və sol anlayışlarının dildə daşıdığı bu mənalarının oğuz tayfa sisteminin tarixi səciyyəsi kimi ortaya çıxdığını və folklor qatlarında ilkin məzmununu qoruyub saxladığını qeyd edir.

Azərbaycan sınamaları məzmununa görə belə qruplaşdırılır:

a) məişətlə bağlı sınamalar;

b) təbiət hadisələri, bitki və hevanat aləmi ilə bağlı sınamalar;

c) astral təsəvvürlər sayəsində yaranan sınamalar;

d) əsatiri görüşlərlə bağlı sınamalar.

Məişətlə bağlı sınamalar xalqın gündəlik həyatında rast gəldiyi və uzun illər təcrübədən keçirdiyi hadisələr əsasında yaranmışdır. Məsələn, “Çörəyi tək əllə kəsməzlər”, “Nahar vaxtı danışmazlar”, “Süfrəyə duz dağılanda dava düşər” və sair kimi sınamalar xalqın uzun illər apardığı sınaqlar nəticəsində yaranmışdır. Doğum, ölüm, adqoyma mərasimləri ilə bağlı sınamalar saylarının çoxluğu ilə seçilir. Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı sınamalar ən böyük qrupu təşkil edir. Yağışın yağdırılması, uzun müddət yağan yağışın kəsilməsi, canavar, at və it, od, su, torpaqla bağlı sınamlar bunların içində ən geniş yayılanlarıdır. Səma cisimləri, xüsusən də Günəş, Ay, Ülkər ulduzu, bürclər və sair haqqında sınamalar ilkin astral təsəvvürləri özündə əks etdirdiyi üçün digər sınamalardan daha qədim hesab olunur.

Azərbaycan folklorunda sınamaların qadın repertuarı üçün xarakterik olduğu və qadınlar arasında geniş yayıldığı vurğulanır.

Sınamların böyük bir qismi ibtidai təsəvvürlərdən qaynaqlansa da, onların müəyyən hissəsi islam dininin təsiri ilə sonralar müəyyən dəyişikliyə məruz qalmışlar. Daha dəqiq desək, həm ibtidai, həm də islam dininə məxsus təsəvvürlər bir çox sınamalarda sintez olunaraq verilir. Məsələn, ibtidaidən yeni doğlumuş uşağın paltarına deşik daş, gözmuncuğu taxılardı, dua-pitiyin vurulması isə sonrakı dövrlər islam dininin təsiri ilə meydana çıxmışdır.