AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qoşqu nəqliyyat vasitələri

Nümunənin reyestr kodu : DA0203010001

Azərbaycanın təbii-coğrafi şəraiti və əhalisinin təsərrüfat məşğuliyyətinin xarakterindən asılı olaraq ənənəvi qoşqu nəqliyatının sürütmə və təkərli olmaqla iki növü mövcud olmuşdu.

“Əl sürütməsi” düzəltmək üçün bir neçə iri budağın yoğun başlarını bir-birinə bağlayıb, üstünə müxtəlif yüklər (ot, odun, dərz, çırpı) yığırdılar. Sonra sürütməyə bağlanmış zəncirin və ya kağanın digər ucunu öküz qoşulmuş boyunduruğa bağlayır, boyunduruğa 2-5 cüt öküz qoşurdular.

Quruluşuna görə daha çox xizəyə bənzəyən “çəpə”nin paralel ağac qolların qabaq və arxa döşəmələri bir-birinə birləşdirilir, döşəmələrin arasına çubuqdan hörülmüş “şəpərə” qoyulur. Çəpəni dartmaq üçün qabaq döşəməyə və ya əyriyə “ciyə”nin (tənək çubuqlarından hazırlanan kəndir) köməyilə qoşqu heyvanı qoşulur, qollara bir-birindən 30 sm aralı cağlar keçirilir, üzərinə “beçə qol” taxılırdı.

Sürütmənin təkmilləşdirilmiş formasından biri xizəkdir (“havza”, “kəriskə”, “kirşə”). Xizəyin ən qədim və ən sadə forması iki budağı olan haçalı ağacdan düzəldilir. Yerli xizəklərin təkmilləşdirilmiş formalarından biri “kirşə”dir. Kirşəni düzəltmək üçün əvvəlcə “kirşə tayları” və ya “kirşə ayaqları” adlanan hissələr düzülür, bir-birinə paralel ağaclar vasitəsilə birləşdirilir. Kirşə boyunduruğa “cunu ağacı” adlanan dişlə vasitəsilə qoşulur.

Təkərli nəqliyyat növlərinə birtəkərli, ikitəkərli və dördtəkərli əl arabaları aiddir. Birtəkərli əl arabaları, adətən, itələməklə hərəkətə gətirilirdi. Qoşqu vasitəsilə hərəkətə gətirilən ikitəkərli araba dördtəkərli arabaya nisbətən daha geniş yayılmışdı. İkitəkərli arabaların XIX-XX əsrin əvvəllərində 3 tipi mövcud idi: 1. Öküz və ya kəl arabası, 2. At arabası, 3. Uzunqulaq arabası.

Öküz arabaları iki qrupa bölünür. Birincisi, Azərbaycanın qərb bölgəsində işlədilən iri həcmli və iri çardaqlı, kiçik təkərli arabalardır. Xalq arasında belə arabalara “qara araba”, “taytəkər”, “qarasaqqal arabası” və s. deyilirdi. Ağır yükləri daşımaq üçün qara arabaların həcmcə ən iri növləri (“Qafqaz arabası”) işlədilmişdi. İkinci qrupa aid edilən öküz arabalarının çardağı kiçik, təkərləri iri diametrli olurdu, belə arabalar “Bakı” və “Salyan” arabaları kimi tanınmışdı. Hərəkət zamanı oxun qollara sürtünməsindən alınan səslərə görə belə arabaları xalq “cır-cır araba” adlandırırdı.

Təkərli nəqliyyat vasitələrindən biri ikitəkərli at arabası idi. Bakı, Şamaxı, Quba və Salyan ərazisində işlədilən at arabalarının təkərləri iri, çardağı isə kiçik olur, oxu təkərlə birlikdə fırlanırdı. Düzənlik ərazilərdə yolları qum basdığına görə at arabalarının şinsiz təkərləri adi arabaların təkərlərindən iki dəfə iri olurdu. Tək at qoşulmuş ikitəkərli araba xalq arasında “daşqa” adı ilə məlum idi. At daşqasının qoşqu ləvazimatı xamıt, gövdəbənd, qaltaq, palan, tapqır, qaltaq qayışları, uzun cilovlu yüyən, matraq, çubuq və s. ibarət idi. İkitəkərli nəqliyyat vasitələrinin az bir qismini uzunqulaq arabası təşkil edirdi.

Dördtəkərli arabaların qoşqu qüvvəsinin növünə görə üç tipi mövcud olmuşdur. 1. Kəl və ya öküz arabası, 2. At arabası, 3. Uzunqulaq arabası. XIX əsrdə dördtəkərli öküz arabasının bir-birindən fərqlənən iki forması var idi. Birincisi, dövr etibarilə daha qədim olub XX əsrin əvvəllərinə qədər işlədilmiş arabalardır. Bu arabalardan Cənubi Qafqazda m.ə. II minilliyin ortalarında istifadə etməyə başlamışlar.

İkinci tip dördtəkərli öküz arabasının yaranmasında XIX əsrin 30-cu illərində Azərbaycana köçürülən rus sektantlarına məxsus təkərli nəqliyyat vasitələrinin təsiri olmuşdu. Dördtəkərli arabaların digər bir tipi tək at qoşulmuş araba idi, rus sektantları tərəfindən gətirildiyi üçün xalq arasında ona “malakan arabası” da deyilirdi. Alman kolonistləri və rus sektantlarının gətirdikləri digər bir araba tipi iki və ya dörd at qoşulmuş “dördtəkərli araba” idi. “Furqon” adlanan bu araba sonralar cüzi dəyişikliklərlə uzun müddət istifadə olunmuşdu. XX əsrin əvvəllərinə kimi, qərb bölgəsində belə bütövtəkərli arabalar işlədilmiş və əhali arasında “tökmə araba” adı ilə məşhur olmuşdu. Kənd yerlərində at və ulaq arabalarına hazırda da rast gəlmək mümkündür.