AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sini

Nümunənin reyestr kodu : ST0702000017

Azərbaycanın böyük irsə malik misgərlik sənəti yüzillər ərzində əhalinin məişətinin müxtəlif növ qablarla təmin olunmasında mühüm rol oynamışdır. Şəhər və ya kənd yerlərindən, təsərrüfat məişətindən, ərzaq-qida rasionundan asılı olaraq, mis qablar müxtəlif məqsədlər üçün istifadə edilmişdir.

İstifadə məramına görə mis qablar aşağıdakı tipoloji qruplara bölünmüşdür: 1) maye qabları; 2) mətbəx qabları; 3) süfrə qabları; 4) ev-məişət qabları. Maraqlıdır ki, hazırlanan məmulat tipinə görə misgər ustalar arasında ixtisaslaşma mövcud idi: 1) bir neçə hissədən quraşdırılmış mürəkkəb və bahalı məmulat hazırlayan ustalar (izafəçi usta); 2) nisbətən az mürəkkəb məmulat, o cümlədən məcməyi, sini, tava, sapılca, aşsüzən, qazan və s. hazırlayan ustalar və s.

Sini misdən hazırlanan ənənəvi mətbəx əşyalarından biridir. Formaca məcməyiyə bənzəsə də ondan xeyli kiçikdir (29-38 sm). Sini dairəvi olub, qıraqları enli, yaxud ensiz çevirmə üsulu ilə düzəldilir, içərisi saya və naxışlı olur.

Sini məişətdə vacib qablardan biri olub müxtəlif məqsədlərlə istifadə olunmuşdur. Sinilər müxtəlif formaları ilə seçilirdi. Dayaz sinilər adi misdən hazırlandığı üçün yüngül, dərin sinilər təbəqə misdən hazırlandığı üçün nisbətən ağır olurdu. Sinilərin alt hissəsi az naxış, yaxud naxışsız olsa da, içərisi zərif həndəsi, nəbati, buta və s. naxışlarla, ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə bəzədilir.

Yeməyin süfrəyə verilməsi üçün istifadə olunan sinilər məcməyi, ləngəri, dəhmərdan, sərpuş kimi kollektiv səciyyə daşıyırdı. Süfrə qabı kimi istifadə olunan sinidə xəngəl, isti kətələr süfrəyə qoyulurdu. Hətta sinidə süfrəyə çay dəstgahı (samovar, dəm çayniki, qəndqabı) verilirdi. Sinidə düyü, lobya, noxud, mərci, kişmiş və s. bu cür dənəvər ərzaq növləri arıtlanır, üzüqoyulu çevrilib üstündə xörək xəmiri yastılanır, içərisində südlüplov yeyilirdi. Bəzən sinidən qapaq kimi də istifadə olunurdu. Məsələn, tavanın xüsusi qapağı olmadığı üçün onun ağzı çox vaxt sini ilə örtülürdü. Sininin dərin növü “ləngəri”, xırda və dayaz növü “sahan” adları ilə tanınırdı.

Sini digər mis qablar kimi, misgərlikdə kök salmış ənənəvi üsullar əsasında istehsal edilirdi. Mis əridildikdən sonra ərinti müxtəlif ölçülü gil qəliblərə tökülürdü, mis ərintisi tədricən bərkiyib özünü tutmaqla qəlibin formasına müvafiq dairəvi təbəqə şəklinə düşürdü. “Qırs” adlanan həmin ərintilər ölçülərinə görə çeşidlənib qruplara bölünürdü. Döymə prosesi zamanı mis layı tədricən soyuyub bərkidiyi üçün onu bir neçə dəfə yenidən kürədə qızdırıb yumşaltmaq və təkrarən döymək lazım gəlirdi. Qırsın qızdırılıb bir əl döyülməsi sənət dili ilə “to”, yaxud “tov” adlanırdı. İlk tovdan çıxmış və kənarları qayçı ilə kəsilib girdə hala salınmış qalın mis təbəqəsi “girdəbur” adlanırdı. Birinci tovdan çıxmış qırs təbəqəsinin qalınlığı istehsal üçün tələb olunan həddən artıq olduğundan onlar yenidən istidöymə yolu ilə bir neçə dəfə döyülməklə nazik təbəqə (“lavaşa”) halına salınırdı. Adətən, xırda qabların girdəburu ikinci tovdan, orta ölçülü qablarınkı üçüncü tovdan, iri qabların girdəburu isə dördüncü tovdan sonra nazilib lavaşa həddinə çatırdı. Girdəburdan fərqli olaraq lavaşa 3 cərgə konsentrik dairə üzrə döyülüb hazırlanırdı.

Azərbaycan əhalisinin məişətində mis məmulatın keçmişdə geniş yayılması ölkənin sosial-iqtisadi şəraiti və xalqın həyat tərzi ilə şərtlənirdi. Uzun illərin təcrübəsi və empirik biliklər əsasında mis qabların digər növ qablardan üstünlüyü müəyyənləşmişdi. Mis qabda hazırlanan yeməyin öz ətir və dadını saxlaması, eləcə də vitaminlərini qorunması haqqında təsəvvür mövcud idi. Mis qab-qacaq əhalinin bütün sosial zümrələrinin məişətində geniş işlədilirdi. Məsələn, 1474-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında olmuş venesiyalı səyyah Kontarini burada hökmdarın əhatəsində təxminən 400 nəfərə hər gün mis qablarda yemək verildiyini yazmışdır. Orta əsrlərdə müxtəlif mis qabların, o cümlədən sini üzərindəki kitabələr bu qabın təyinatına uyğun seçilmişdir. Məsələn, sərpuşlar üzərində yeməklə, süfrə ilə bağlı, piyalələr üzərində şərab və şərbətlə bağlı, məcməyi, sini və nimçələr üzərində isə bərəkət haqqında kəlamlar, Sədi və Hafizdən seçmə şeirlər nəqş edilmişdir.