AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qurama tikmə

Nümunənin reyestr kodu : SD0601000001

“Qurama” Şərq ölkələrində, xüsusilə Əfqanıstandan Türkiyəyə qədər geniş bir coğrafiyada təxminən eyni adla "kırkyama",“kurok”, Azərbaycanda isə daha çox “qurama”, bəzi bölgələrimizdə “qurax” adları ilə tanınan tikmə növüdür.

Zəngin və rəngarəng qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonralar tikmə sənətinin bir növünə çevrilərək kütləvi məişətdə özünə geniş yer tapmışdır. El-obanın nəzərində ayrı-ayrı parçalardan təşkil olunan quramalar, ümumiyyətlə, şər qüvvələrin təsir gücünü zərərsizləşdirən qoruyucu bir vasitə və etibarlı bir sipər kimi də qəbul olunur. Qurama dekorativ məmulatlarının yaşayış evlərinin interyerinin ayrılmaz hissəsinə çevrilməsi bu sahə üzrə sənətkarların meydana gəlməsinə gətirib çıxartmışdı.

Tikmə ustaları quramanın ənənəvi quruluş üsullarına sadiq qalaraq bu gün də səbr və zövqlə parça qırıqlarını toplayır, müəyyən hesablamalar apararaq, düz tikişdən istifadə ilə parçaları qurama texnikasına uyğun şəkildə birləşdirməklə sənət nümunəsi yaradırlar. Müxtəlif formalı parça hissələrindən yan-yana yığılan quramalarda texniki cəhətdən üz-üzə tikiş hamar, üst-üstə yığılma isə qabarıq təbəqəli həndəsi naxışlar meydana gətirir. Tək bir iynədən istifadə olunmaqla əmələ gələn təkrarolunmaz sənət nümunələri – quramalar hər bir ustanın tamamilə öz zövqünə görə fərqli rəngli və müxtəlif növ parçalardan istifadə edilməklə yaradılır.

Müəyyən anlamda kaleydoskopu xatırladan xırda rəngarəng hissə​ciklərdə rənglərin ritmik təkrarlanması pozitiv-neqativ səciyyəli kompozisiya​ları ortaya çıxarır. Xaotik rəngli fiqurlar qurama kompozisiyasında həm də rəng əlvanlığı yaratmağa xidmət edir. Müxtəlif rənglər və fiqurlar vasitəsilə rəngarənglik və həmahəng​liyi təmin olunan quramalar təkcə məişətin bir parçası deyil, bu sənət əsərləri eyni zamanda çox xoş təəssürat və pozitiv əhval-ruhiyə doğurur.

Şux və kontrastlı rəng çalarlarından yığılan müxtəlif formalı, daha çox ipək və məxmər parçaların istifadəsi ilə yaradılan quramalar kompozisiya müxtəlifliyi ilə seçilir. Sadə quruluşlu qurama kompozisiyalarda mərkəzi fiqur saya parça hissələrindən yaranaraq, bir və ya iki lay zolaqla əhatələnir. Mürəkkəb kompozisiyalı quramalarda isə həndəsi fiqurlar vasitəsilə ritmik təkrarlanan kontrastlı çalarlar və müxtəlif rəngli naxışlar yaradılır. Dekorativ rəngkarlıq üslubuna bənzəyən sinkretik kompozisiyalar qurularkən fiqurlarda simmetriya və ritm gözlənilir, rəng uyğunluğunda isə müəyyən sərbəstliyə yol verilir.

Quramada kompozisiya hər bir əşyanın forma və istifadəsinə uyğun biçimdə yaradılır. Pərdə başlarında müxtəlif kontrast rəngli üçbucaqlardan təşkil olunan zolaqlar üçbucaqlarla tamamlanır. Dördkünc quruluşlu boxça və pərdələrdə isə üçbucaqlardan yığılan bir neçə haşiyə saya mərkəzi dövrələyir. Balış və mütəkkələrdə kənarlar bir neçə parça zolağı ilə haşiyələnir. Örtüklər və ya yorğan üzlükləri, adətən, xırda üçbucaqlar və ya parça zolaqların birləşərək, rəngarəng kompozisiyalar təşkil etməsindən yaranır.

Qurama tikmə növü evlərinin interyerinin dekorativ tərtibatında – pərdə başlıqları, taxça pərdələri, örtüklər, divar bəzəkləri, balış üzlükləri, boğçalar, tutacaqlarda və həmçinin geyimlərdə – xına bağları, qurşaqlarda geniş tətbiq olunur.

Bu sənətkarlıq nümunələrinin yaradılması ustadan həm bacarıq, həm də bədii yaradıcılıq və zəngin təxəyyül tələb edir. Müasir Azərbaycanın bədii sənət mədəniyyətində ayrıca yeri olan qurama bir əl sənəti sahəsi kimi öz mövcudluğunu bu gün də qoruyub saxlamaqdadır.