AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çaxçur

Nümunənin reyestr kodu : SD0305000003

Azərbaycanın qadın alt geyim kompleksinə daxil olan ”dizlik”, darbalax”, “ikibalax” və s. ilə yanaşı, çaxçur, bir qayda olaraq, şəhər əhalisinin, xüsusilə də varlı və kübar ailələrin geyimi kimi mövcud olmuşdur. Onu müxtəlif ipək parçalardan (qanovuz, xara, marnus, alışı, zərqələm, zərri, darayı, mov və s.) və satin, çit, şilə, qədək kimi ucuz parçalardan tikirdilər. Bakı və onun civarında qadın şalvarını bəzən çaxçur adlandırırdılar və bu geyim tipi bakılı qadınların bayır geyim dəstinin zəruri elementi hasab olunurdu. Darbalaxdan fərqli olaraq, çaxçur əvvala, daha gen biçilib tikilərək hər balağına 3-4 taxta parça işlənirdi. İkincisi, hər balağın ayaq tərəfi büzmə edilib yığılaraq “topuqluq” adlanan hissəyə tikilirdi. Topuqluğa isə “üzəngi” şəklində qatma və ya ensiz lentəbənzər parça tıkilirdi ki, geyinilən zaman bu üzəngi ayağın pəncə ilə daban hissəsinin arasında qalırdı.

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya fondunda mühafizə olunan bir çaxçur (EF-7750) qanovuz parçadan tikilməklə, uzunluğu 121 sm, eni 114 sm-dir. Çaxçura astar əlavə olunub. Biçim tərzi trapesvaridir, trapesin kiçik tərəfi 73 sm, üst oturacağı 74 sm-dir. Ayaq ağzı 93 sm-dir, qırçınlanaraq 15 sm olub.

Etnoqraf Q.T.Qaraqaşlının fikrini təsdiqləyən sənətşünas S.S.Dünyamalıyeva yazır ki, qədim dövrdən XX yüzilliyin əvvəllərinə qədər Azərbaycan ərazisində geyinilmiş çaxçur bayır-bacaq geyimi hesab olunurdu. Ata minərkən geyinilən bu bel geyimi ayrı-ayrı iki balaqlan ibarət tikilir, balaqlarının ağzı büzməli olub, “topuqluq” və “üzəngi” ilə qurtarırdı. Çaxçurun biçimi adi şalvarın biçimindən xeyli fərqlənirdi. Belə ki, çaxçur spiralvari tikilirdi. Hər bir balaq ayrıca parçadan hasilə gətirilirdi. Parça düzbucaqlı trapes formada kəsilir, trapesin maili tərəfinin kənar nöqtələri birləşdirilir və yan tərəflər qarşı-qarşıya bir-birinə spiralvari tikilirdi. Həmin maili xətt topuq xətt əmələ gətirirdi. Axırda bir künc artıq qalırdı. Balaqlar ayrı-ayrılıqda geyinilir, həmin künc isə tumanın nifəsinə bərkidilirdi. Çaxçurun spiralvari tikilməsi hesabına ayaq boyunca şaquli xətt parçanın dioqanalı boyuna düşürdü ki, bu halda da dartılma zamanı deformasiya əmələ gəlmirdi.

F.D.Lyuşkeviç İranda geyinilən çaxçurun ölçülərini göstərərək qeyd edir ki, çaxçur onu geyənin belinə iki üsulla bərkidilirdi: 1. Ayrı-ayrılıqda tumanın belinə keçirməklə; 2. Hər iki balaq ayrıca olaraq bel bağına tikilməklə. MATM Etnoqrafiya fondunda olan çaxçurun faktik materialının ölçülərinin İsfahanda geyinilən çaxçurun ölçülərindən böyük olması onu göstərir ki, Şimali Azərbaycanda geyinilən uzun tumanların şaxlığını pozmamaq üçün çaxçuru daha geniş tikirlərmiş. İsfahan qadınları isə çox qısa tuman geyinirdilər. Buradan hesab etmək olar ki, qısa tuman geyinən Naxçıvan qadınları da nisbətən dar çaxçur geyinirmişlər. Çaxçur bədənə geyinildikdən sonra topuqda və dizdən yuxarı bağla (ip, qatma) bağlanırdı. XIX əsrdə qadınların çaxçur və çadra geyinmiş halda görünüşü Q.Qaqarinin çəkdiyi “Bakılı qadın” rəsmində də verilmişdir.

Çaxçurun geyim materialına, biçim tərzinə – gen və qısalılığına, rəng seçiminə görə fərqliliyini nəzərə almasaq, elə bir təsnifatı olmamışdır.

Çaxçur alt bel geyim tipi ortaq yüzilliklərdən üzü bəri geyinilmişdir. Ayağı büzməli şalvarı xatırladan bu geyim növü Yaxın və Orta Şərq ölkələrində, Orta Asiya və Qafqaz xalqları arasında geniş yayılmış, Ön Asiya vasitəsilə Azərbaycana keçmişdir. Türkiyədə bu qadın alt geyimi həm “qadın şalvarı”, həm də “çakşir” (çox güman ki, “çaxçur” istilahının başqa cür tələffüz forması), “könçək”, “büzməli don” adlanırdı. Q.T.Qaraqaşlı çaxçurun Azərbaycanda yayılmasını farsların, xüsusilə də fars ruhanilərinin təsiri ilə əlaqələndirir. Çaxçur geyim tipi kimi Gəncədə, Naxçıvanda, Abşeronda və Şirvanda (Şamaxı, Basqal, Lahıc) daha çox istifadə olunurdu.