AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qırxım

Nümunənin reyestr kodu : DB0204020006

Azərbaycanda qoyunçuluq təsərrüfatı ən sərfəli və bol məhsul verən sahə olmuşdur. Ona görə də “qoyunun oldu əlli, adın oldu bəlli, qoyunun oldu yüz, gir içində üz, qoyunun oldu min, köhlənini min” – zərbi-məsəlini təsadüfi deməmişlər. Azərbaycanda qoyunçuluq təsərrüfatının mühüm əhəmiyyət kəsb etməsi burada yun ehtiyatının bolluğu barədə aydın təsəvvür yaradır. Azərbaycanda bəslənən merinos, zərifyunlu Qarabağ qoyunu, Qaradolaq qoyunu, bozax, mazıx, balbas və s. qoyun cinsləri qırxım zamanı daha çox və keyfiyyətli yun verirdilər. Qoyun, bir qayda olaraq, iki dəfə, il pis gəldikdə isə, bir dəfə qırxılırdı. Qırxım dövrü iqlim şəraitilə əlaqədar idi. Qırxıma aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanırdı. Hər qırxımdan sonra yun çeşidlənir, çirkdən, pıtraqdan təmizlənib yuyulur, sərgidə qurudulur, çubuqla və ya yay vasitəsilə “atılır”, satış və ya daxili tələbat üçün hazır vəziyyətə gətirilirdi. Qırxım zamanı əvvəlcə erkək və subay qoyunlar, sonra qoç və sağmal qoyunlar qırxılırdı. Yaz qırxımında quzu və arıq qoyunlardan başqa, bütün heyvanlar qırxılırdı. Adətən, yaz qırxımında qoyunları yumurdular. Çünki, yazda heyvan həm arıq olur, həm də yun qəlib (keçə) kimi onun bədəninə yapışıb qırxımı çətinləşdirirdi. Adətən, qırxımı çobanlar özləri aparır, köməkçiləri isə çobanın və ya sürü sahibinin qohum-əqrəbası olurdu. Kəllədar və mülkədar qoyunçuluq təsərrüfatlarında qırxım zamanı iməcilik də təşkil olunurdu.

Qırxım zamanı işçilər “bağçı” və “qırxımçı” adlanan qruplara bölünürdü. Bağçı ancaq qoyunu tutub ayağını “qırxılıq ipi” vasitəsilə bağlayırdı. Bu ip təxminən 1m uzunluğunda dəvə və ya quzu yunundan toxunurdu. Qırxım “qırxılıq” aləti vasitəsilə aparılırdı. Qırxımdan sonra həmin iplə qırxılığın (qayçının) ağzı sarınırdı. Hər bir qırxımçı gün ərzində 20-30 baş, təcrübəli qırxımçılar isə 40 başa qədər qoyun qırxa bilirdi. Bir qayda olaraq, qırxım zamanı qoyunun qırxılığa düşüb ölməməsi üçün onu ac olan zaman qırxırdılar. Bunun üçün sürü arxaca yığılırdı. Çoban və ya bağçı qoyunu tutub yıxır və qırxılıq ipi ilə qoyunun ayaqlarını bağlayırdı. Sonra qırxımçı sol əli ilə qoyunun belindən başlayaraq yunu aralayır, sağ əlindəki qırxılıq vasitəsilə onu qırxırdı. Bir tərəf qırxıldıqdan sonra qoyunu başqa böyrü üstə çevirib qırxırdı.

Keçmişdə Azərbaycanda dəvə də saxlanmış, onun yunundan da istifadə edilmişdir. Dəvə yunu əsrlər boyu ən keyfiyyətli və ondan hazırlanan paltar-palazlar ən davamlı hesab olunmuşdur. Bir qayda olaraq, dəvə ildə bir dəfə – aprel-may aylarında qırxılırdı. Qırxım vaxtı qışın uzun sürməsi, yayın tez gəlməsi ilə müəyyənləşirdi. Qışdan gümrah çıxan dəvə, yununu tez tökmək istədikdə, onu əllə asanlıqla yolmaq olurdu. Dəvə arıq düşəndə isə onu qırxılıqla qırxırdılar. Dəvə yununun miqdarı onun yaşı, cinsi və bəslənməsindən asılı idi. Dəvə 13-15 kq, bəzən daha artıq yun verirdi.

Qoyun qırxımı yaz və payızda aparılırdı. Yaz qırxımı sürülər yaylağa aparılmazdan əvvəl, payız qırxımı isə sürülər yaylaqdan qışlağa dönən vaxt aparılırdı. Xalq arasında “yapağı” payız yunu, “küzəm” isə yaz yunu adlanırdı. Payız yunu, həmçinin, qoyun və quzu küzəmi olmaqla iki qrupa ayrılırdı. Quzu küzəminin lifləri qoyun küzəminə nisbətən gödək, zərif və yumşaq olduğundan, şalbaflıqda, xüsusilə mahud toxuculuğunda daha çox işlədilirdi. Dəvə qırxımı isə ildə bir dəfə – yazda aparılırdı.

Yun qırxımı qoyunçuluğun yaranması və inkişafı ilə üzvi surətdə bağlı olduğundan, yunun əldə edilməsinin tarixi elə qoyunçuluğun özünün tarixi qədər qədim olmuşdur. Qoyunçuluq və yun istehsalı gəlirli sahə olduğundan, bütün orta əsrlər boyu intensiv şəkildə inkişaf etdirilmişdir. XX əsrin əvvəllərində (1902-ci ildə) ən böyük qoyunçuluq təsərrüfatlarının cəmləşdiyi Bakı quberniyasında 868806 baş, Yelizavetpol (Gəncə) quberniyasında isə 1774919 baş xırdabuynuzlu heyvan olmuşdur. Bu faklar bir daha yun qırxımı və yun emalı haqqında yetərli məlumatlar verir. XIX əsrdə Azərbaycan yunu tədricən satış üçün daha çox istifadə edilirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində yun təkcə daxili bazarlara deyil, xarici bazarlara da satış üçün göndərilirdi. Hələ XIX əsrin əvvəllərində Cənubi Qafqazdan yun Rusiyanın quberniyalarına göndərilirdi. 1862-ci ildə ilk dəfə olaraq Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan Marselə (Fransa) yun göndərilmişdi. Bu yunun sonrakı illərdə də göndərilməsi və hər il 80 min pud yun ixrac edilməsi qeyd edilir. XIX əsrin 90-cı illərinin əvvəllərində Cənubi Qafqazdan 250 min pud yunun İngiltərə, Fransa və əsasən də Amerika Birləşmiş Ştatlarına göndərildiyi məlumdur. Dəvə yunu isə Azərbaycanda başlıca olaraq daxili tələbata sərf olunmuşdur. XIX əsrdə dəvəçiliklə Bakı, Şamaxı və Yelizavetpol (Gəncə) quberniyalarında məşğul olurdular. Dəvəni ən çox Şirvan, Muğan, Mil və Qarabağ düzənliklərindəki maldar elatlar saxlayırdılar.