AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərənduz

Nümunənin reyestr kodu : SD0607000001

Azərbaycanın ənənəvi maddi mədəniyyətinin zəngin bədii təsvir vasitələrinə malik olan ən zərif, incə sahələrindən biri tikmə olmuşdur. Bədii tikmələr əsrlər boyu qız-gəlinlərin sevimli məşğuliyyət növünə, əyləncə vasitəsinə çevrilmişdir. Ölkədə bədii tikmələr üçün gərək olan xammal (müxtəlif növ yun, kətan, pambıq, ipək parçalar, al-əlvan boyaqlı ip və sap, qızıl və ya gümüş tellərindən ibarət güləbətin, pilək, pərək, muncuq, inci, mərcan, mirvari və s.) ehtiyatının bolluğu tikmə sənətinin meydana gəlməsini və inkişafını şərtləndirmişdir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilirdi. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşdan da geniş istifadə edilmişdir. Kübar qadınların zinətlə süslənmiş geyim dəsti və məişət əşyaları tikmə üsulu ilə bəzədilib daha da yaraşıqlı görkəmə salınırdı. Cavan qız-gəlinlər həyatları boyu böyük həvəs və hövsələ ilə əllərində olan müxtəlif növ bədii təsvir vasitələrindən istifadə edərək, öz geyimlərini bəzəyib, könül oxşayan yaraşıqlı hala salmağa çalışırdılar. Xüsusən də gənc qızlar, adətən, gələcək ailə həyatları üçün tədarük etdikləri cer-cehizi müxtəlif bədii tikmə növləri ilə bəzəyirdilər. Bədii təsvir vasitələrinə və yaxud bəzək materialının növünə görə, Azərbaycan tikmələri müxtəlif tipoloji növlərə ayrılırdı.

Bəndləmə tikmə qrupuna daxil olan zərənduz (pərək) tikmə növü zərgərlik sənəti ilə üzvi surətdə bağlı olmuşdur. Zərənduz tikmənin təsvir vasitələrini döymə (çaxma) və basma (qəlibkarlıq) üsulu ilə əlvan metallardan hazırlanmış müxtəlif formalı naxış ünsürləri təşkil edirdi. Zərənduz tikmələrin təsvir vasitələri pilək və pərək olmaqla, iki cür hazırlanırdı. Bunun üçün bəzək ünsürləri əvvəlcədən kəsilib hazırlanandan sonra onlar müəyyən olunmuş naxış kompozisiyası üzrə parçaya bənd edilirdi. Zərənduz tikmə texnikası ev məişətində ən çox taxca, mürcü, sandıqça, güzgü, buxarı, yük və s. örtüklərinin bəzədilməsində tətbiq edilirdi. XIX əsrdə zərənduz tikmə üsulu ilə qadın üst paltarlarının ətək, bilək və yaxası da bəzədilirdi. Bunun üçün bədii metal lövhəciklər ya bilavasitə paltar üzərinə müəyyən qaydada düzülüb bəndlənir, ya da ayrıca, ensiz parça zolağının üzərinə bərkidiləndən sonra üst geyiminin ətək və ya yaxasına bənd edilirdi. Sonuncu halda o, “ətəklik”, yaxud “yaxalıq” adlanırdı. Zərənduz tikmələrin başlıca bədii təsvir vasitələri olan metal pərəklər müxtəlif formalı: buta, paxlava, üçbucaq, dördbucaq, dairə, quş, kəpənək, balıq və s. rəsm bəzəklərindən ibarət hazırlanırdı. Buta (şahbuta, gülbuta, gülbənd) və qoza şəkilli pərəklər qadın üst geyimlərinin yaxasını bağlamaq üçün istifadə etdikdə, “düymə” və ya “həbbab” adlanırdı. Keçmişdə kübar qadınların arxalıq, ləbbadə, çəpkən və nimtənə tipli üst geyimlərinin yaxasına “qoza” düymələr düzüb bəzəmək dəb halını almışdı. Paxlava şəkilli pərəklər vasitəsilə bəzək üsulu Naxçıvan bölgəsində “bəndi-rumi” adı ilə geniş yayılmışdı.

Tikmə sənəti (o cümlədən zərənduz tikmə) əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik. XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimində və bəzi məişət əşyalarının üzərində ornamental təsvirli tikmə nümunələrinə də təsadüf olunur. XVII əsrin fransız səyyahı J.Şarden Səfəvi hökmdarlarının Parisin Luvr qalereyasını xatırladan tikmə karxanalarının olduğu barədə məlumat verir. XVI-XVII əsr Azərbaycan tikmə sənətinin bəzi nümunələri Moskva Dövlət Silah Palatasında, Moskva Şərq Xalqları Muzeyində və başqa yerlərdə mühafizə olunur. Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. Təbrizdə XVI əsrdə Səfəvi şahlarının xüsusi bədii tikmə karxanaları var idi. XVII əsrdə bədii parça istehsalının Şamaxı əhalisinin əsas peşələrindən birinə çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir. XIX əsrdə Azərbaycanda peşəkar tikmə sənəti, əsasən, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Şuşa, qismən də Gəncə, Qazax, Lənkəran şəhərlərində cəmləşmişdi. Bu dövrdə bədii tikmə sənəti iki istiqamətdə: Şəkidə qüllabduzluq (təkəlduzluq), Bakı və Şamaxıda isə güləbətin tikmə üzrə davam etdirilməkdə idi. Şəki və Gəncə şəhərlərində təkəlduz tikmələrin “gəzmə” və “doldurma” növləri geniş yayıldığı halda, Şamaxı, Təbriz, Bakı, bir qədər sonralar isə Şuşa şəhəri üçün güləbətin tikmə texnikası (“zərənduz”, “məliləduz”) daha çox səciyyəvi olmuşdur. XVIII-XIX əsrlərdə tikmə sənəti əvvəlki mövqeyini itirir, güləbətin, pilək, zərənduz və s. tikmə növləri tədricən aradan çıxmağa başlayır.