AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Məhəmməd və Güləndam

Nümunənin reyestr kodu : FL0104020029

«MƏHƏMMƏD VƏ GÜLƏNDAM» DASTANI

Nağıl süjeti əsasında yaranan Azərbaycan məhəbbət dastanlarından biridir. Dastanda qeyd olunur ki, dul bir qarının nəvəsi olan Məhəmməd çox fərasətli, ağıllı uşaqdır. Mədrəsə həyətində oynadığı günlərin birində özünü şaha bəyəndirmiş, şah onu saraya alıb xüsusi müəllimlərə tapşırmış, təlim-tərbiyəsi bitdikdən sonra isə öz «nökərləri» sırasına keçirmişdir. Şah mətbəxinə şikar əti gətirmək üçün ova getdiyi günlərin birində Məhəmməd Arvan dağında Güləndama rast gəlir. Şah nökəri olmaq onda dikbaş bir vüqar, hətta qürur əmələ gətirdiyindən qızı incitmək, ələ salmaq fikrinə düşür. Güləndam bu adamın dərsini vermək, bir qız xeylağına qarşı belə həyasızlığın nə demək olduğunu başa salmaq qərarına gəlir. Güləndam bircə zərbə ilə onun başına ölümcül yara vurur, atdan salır, başını kəsmək istədikdə həm yazığı gəlir, həm də quşu qonur. Özündən getmiş Məhəmmədin yarasını yuyur, dərman sürtüb bağlayır, bir məktub da yazıb özünün kəşmirli Güləndam xanım olduğunu xəbər verir.

Bu hadisədən yaxşı dərs alan Məhəmməddə şah təlim-tərbiyəçilərinin təlqinindən əmələ gəlmiş dikbaşlıq, məğrurluq, həyasızlıq yoxa çıxır. Məhəmməd şahdan icazə alıb Kəşmirə gedir. Çox əzab-əziyyət çəkir, hətta Qara divin zindanına düşür. Zindandakı qocanın məsləhətinə əməl edən Məhəmməd Gözəl xanımın məkr-hiyləsindən canını qurtara bilir.

Güləndamın arxasınca gedən Məhəmmədi Nağı adlı bir keçəl tərəfindən söz meydanında imtahana çəkilir. Məhəmmədin əsil sənətkar olduğunu görən Nağı ona butasına qovuşmaqda kömək edir. Nəhayət, Məhəmməd istədiyinə çatır, Güləndamı İsfahana gətirir.

Azərbaycan şifahi ədəbiyyatında Şah Abbas gah tamamilə mənfi, gah da tamamilə müsbət bir şah kimi təsvir edilir. “Məhəmməd və Güləndam” dastanında da Şah Abbas son dərəcə ağıllı, qayğıkeş, xeyirxah, insanlara yardım edən bir obraz kimi verilir.

Dastan ilk dəfə H.Əlizadə tərəfindən 1927-ci ildə Qazaxda Həsən Həsən oğlundan toplanmış və “Azərbaycan el ədəbiyyatı” toplusunda “Məlik Məhəmmədin nağılı” adı ilə çap olunmuşdur. Dastanın digər variantı 1940-cı ildə Şamxor (indiki Şəmkir) rayonunun Cilli kəndində (bəzi mənbələrdə Cəlilli kəndi) Aşıq Qasım Həbib oğlundan toplanmış və 1961-ci ildə Azərnəşr tərəfindən çap edilmiş «Azərbaycan xalq dastanları»nın II cildində verilmişdir.

Dastanın ən qədim variantı gəncəli Aşıq Meydandan toplanmışdır. Bu variantın mətni beşcildlik “Azərbaycan dastanları” kitabının II cildinə daxil edilmiş, sonradan “Azərbaycan məhəbbət dastanları” kitabında yenidən nəşr olunmuşdur.

Dastanın bir variantı da Cənubi Azərbaycanın Canşalı kəndində toplanmışdır. “Məlik Məhəmməd və Güləndam” adlanan bu varianta görə, Məlik Məhəmməd Həmədan şəhərində Allahverdi sövdəgərin oğlu, Güləndam isə Yəmən şahının qızıdır. Məzmununa görə H.Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi varianta daha yaxındır.

Dastanın 1961-ci ildə çap olunmuş variantındakı ustadnamələrin müəllifləri Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və Aşıq Alıdır. Beşcildlik “Azərbaycan dastanları” kitabının II cildində verilmiş variantın əvvəlindəki ustadnamələr Qul Vəli, Aşıq Hüseyn Bozalqanlı və Aşıq Nəcəfə məxsusdursa, “Azərbaycan məhəbbət dastanları” kitabındakı ustadnamələrin hər üçü Aşıq Hüseyn Bozalqanlıya aiddir. “Azərbaycan dastanları” kitabının II cildində verilmiş variantda, ümumiyyətlə, duvaqqapma yoxdur, “Azərbaycan məhəbbət dastanları” kitabındakı variantda verilmiş “Müştağam” adlı duvaqqapma gəraylının müəllifi Aşıq Miskindir.

Prof. M.H.Təhmasib bu dastanı “məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan” dastanlara aid etmişdir. Görkəmli folklorşünas dastanın dörd əsas surətini – Məhəmməd, Güləndam, Nağı və Şah Abbası təhlil etsə də, dastan haqqında o qədər də geniş məlumat verməmişdir. AMEA-nın müxbir üzvü. A.Nəbiyev “Məhəmməd və Güləndam” dastanını adi məhəbbət dastanlarına, prof. V.Vəliyev isə “məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan” dastanlara aid etmişdir.