AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Kərim və Süsən

Nümunənin reyestr kodu : FL0104020017

Sizə hardan, kimdən xəbər verim Ordubad şəhərindən Xoca Qasımdan. Xoca Qasımın yeganə bir övladı var idi, adına Kərim deyərdilər. Xoca Qasım qocalıb əldən düşmüşdü, istəyirdi ki, oğlunu sağ ikən bir sənədə sahib etsin. Odur ki, bir gün Kərimin əlindən yapışıb bazara çıxardı. Gətirdi papaqçı dükanına. Kərim dedi:

– Ata, bu sənədi sevmirəm.

Dəllək dükanına apardı. Kərim gördü ki, dəlləklə müştəri arasında mübahisə gedir. Dəllək deyir bir belə verəcəksən, müştəri deyir bir belə verəcəyəm. Kərim dedi:

– Ata, ülgüc iti, yumşaq boğaz, hirslənib çəkərəm, əlim-dən xəta çıxar.

Getdilər dəmirçi dükanına. Kərim dedi:

– Bu sənəd xoşuma gəlir. Dəmirdir, gödək olar döyərəm uzanar, uzun olar kəsib gödəldərəm.

Odur ki, Xoca Qasım Kərimi ustaya tapşırdı. Dedi:

– Aman usta, əti sənin, sümüyü mənim, bunu yaxşı öyrət, haqqı-haqq minnəti də artıq.

Usta Kərimi öyrətməyə başladı. Kərimə dedi:

– Yekə çəkişi götür, mən dəmir üstünə balaca çəkişlə bir dəfə vurduğum yerə iki dəfə vur.

Bir gün belə, beş gün belə, bir gün Kərim çəkişi bəlləmədən qaldırıb elə vurdu ustanın cınağına ki, usta sərilib o dünyalıq oldu. Kərim ordan qaçıb evlərinə gəldi. Atası dedi:

– Vəziyyət necədi?

Kərim dedi:

– Ata, mən sənə dedim xasiyyətim pisdir, hirsliyəm, baxmadım, çəkişi necə vurdumsa usta o dünyalıq oldu.

Qasım dedi:

– Oğul, gəl səni molla məktəbinə qoyum, elm öyrən.

Kərim razılaşdı. O gündən Xoca Qasım Kərimi mollanın yanına aparıb dedi:

– Molla, bu uşağı sənə tapşırıram, xərcindən əsirgəmə, əti sənin, sümüyü mənim, bu uşağa elm öyrət.

Molla gündə bir qızıl beşliyə Kərimi öyrətməyə razılaşdı. O gündən Kərim molla məktəbinə qurşandı. Ancaq gördü ki, uşaqlar aşıq-aşıq oynayır. Kərim dayana bilmir. Dedi:

– Molla əmi, gündə sənə əlavə bir qızıl onluq verəcəyəm, məni burax gedim aşıq-aşıq oynayım.

Molla razılaşdı. Kərim dərs keçmədi, gedib aşıq-aşıq oy-nadı. Atasının sandığında olan qızıllardan gündə bir qızıl onluq oğurlayıb gətirib verdi mollaya. Günlərin bir günü Xoca Qasım istədi ki, qızıllardan götürüb aparıb mollanın zəhmət haqqından bir az ödəsin. Gördü qızıl qutarıb, az qalıb. Çağırıb-bağırıb arvadı aldı təpiyinin altına. Nə yemisən, turşulu toyuq əti. O qədər vurdu ki, ala keçiyə peyğəmbər deyincə dedi köpək qızı, tez ol qızılları tap. Arvad yazıq dedi:

– A kişi, məni öldürmə, qızılın oğrusunu taparam.

Xoca Qasım dedi:

– Tapmasan, dədəni dalına sarıyacağam.

Arvad axşamdan barmağını kəsib, yerinə duz basıb göz-ləməyə başladı. Gördü səhərə yaxın sandığa sarı bir adam sürü-nür, tez gəlib qızıl torbasına yetişəndə əlindən tutdu. Kişini səs-lədi. Xoca Qasım gəlib Kərimin otunsuyun verdi, odu ki var vurdu (Tam mətni yüklə).