AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Salam əleyküm

Nümunənin reyestr kodu : FM0402000002

“Salam əleyküm” qadınlar tərəfindən oynanılan halay rəqs nümunəsidir. Azərbaycanın şimal-qərb bölgəsində daha geniş yayılmışdır. Zaqatala rayonunda “Toli Malik”, Qax rayonunda “Tunqay Məlik” adı ilə tanınır. Halay rəqslərində olduğu kimi burada da iştirakçılar iki dəstəyə ayrılır, üz-üzə dayanaraq qarşılıqlı deyişərək rəqsi icra edirlər. Görkəmli dramaturq Qeybulla Rəsulov öz xatirələrində bu rəqs haqqında yazırdı: “İlisunun qış gecələrindən danışanda bir məsələni də qeyd etmək istəyirəm. O vaxt məhlədə hər gecə birinin evinə yığılmaq adətən dəb idi. Belə yığıncaqlara ancaq qızlar və gəlinlər toplaşardılar. Belə gecələrin xüsusi repertuarı olardı. Nağıl və ya dastan danışandan sonra qızlar, gəlinlər iki cərgə dayanıb dəf çala-çala mahnı oxuyardılar. Bu mahnılardan birinə “Tunqay Məlik” deyərdilər”. 

“Salam əleyküm”lər təkcə iməcilərdə yox, həm də xına gecələrində, oğlan evinin adamları gəlini aparmağa gəlməmişdən qabaq, gəlin bəzənən zaman da qızın rəfiqələri tərəfindən oynanılıb. Bölgə sakinlərinin dediyinə görə, xına gecələrində gəlin bir kənarda oturar, rəfiqələri beş-altı nəfərdən ibarət iki dəstəyə bölünüb üz-üzə durar və əl çala-çala bu rəqsi oynayardılar.

Oyunun quruluşu belədir. Rəqs zamanı bir dəstə oxuya-oxuya o biri dəstəyə sarı gedər, ora çatdıqda baş əyib geri qayıdardı. Bu dəstə qurtardıqdan sonra o biri dəstə başlayardı. Qarşı-qarşıya durmuş dəstələr növbə ilə bayatılar oxuyardılar. Əgər hər hansı dəstə dərhal bayatı deyə bilmirdisə, öz oyunçularından birini rəqiblərinə verməli idi. Daha çox bayatı bilən dəstə yarışda üstün gələ-gələ çoxalır, oyun məğlub tərəfdə bircə oyunçu qalana qədər davam edirdi. Tək qalmış oyunçu axırda qaliblərə “Qıza, diləyə gəlmişəm” deyə müraciət edər və bütün oyunçuların geri qayıtması ilə oyun başa çatardı.

“Salamməlik”lər musiqi müşayiəti olmadan oxunub, iştirakçılar əl çalmaqla və ya qavalla ritm tutublar. Oxunan sözlərə gəldikdə, onlar bayatı qəlibində olan dördlüklərdir. Ənənəvi dördlüklərdən birinci və üçüncü misraların sonunda “salam əleyküm” sözünün işlənməsinə görə fərqlənir. Digər dördlüklərdə olduğu kimi hər misra yeddi hecadan ibarətdir, bəndlərdəki misralar a a b a şəklində qafiyələnir. “Salam əleyküm”lərin konkret sözləri yoxdur, istənilən bayatını ona uyğunlaşdırıb oxumaq mümkündür.