AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sehrli papaq

Nümunənin reyestr kodu : DR0203000016

Demonik varlıqların sahib olduğu, kimin başında olarsa, ona gözə görünməzlik bəxş edən sehrli vasitədir. İnsanlar həmin papağa demonik varlıqları aldatmaqla və ya onların yaşadığı məkandan oğurlamaqla sahib olurlar. Məsələn, “Şahzadə və qurbağa” nağılında itmiş arvadını axtarmağa gedən qəhrəman yolda atalarından miras qalmış papağı, xalçanı və tütəyi öz aralarında bölə bilməyən üç divlə qarşılaşır. Qəhrəman onların mübahisəsini həll etmək üçün dağdan bir daşı yumarlayır. Daşı birinci gətirənə papağı, ikinci gələnə xalçanı, üçüncü gələnə isə tütəyi verəcəyini deyir. Divlər daşın arxasınca qaçanda qəhrəman həmin sehrli əşyaları götürüb aradan çıxır. “Sehrli üzük” nağılında isə qəhrəmana atasından üç sehrli əşya – papaq, kisə və tütək miras qalır. Nağıldan məlum olur ki, qəhrəmanın atası həmin əşyaları divlərin mağarasından oğurlamışdır.

“Şahzadə Mütalib” nağılında sehrli papağın Süleymana məxsus olduğu deyilir. Cildi yandırıldıqdan sonra qeybə çəkilmiş arvadını axtarmağa gedən qəhrəman bir dağın döşündə namaz qılan nurani bir qocaya rast gəlir. Qocanın Süleyman peyğəmbər olduğunu öyrənir və arvadını tapmaq üçün ondan kömək istəyir. Süleyman peyğəmbər arvadını xilas etməsi üçün sehrli papağını qəhrəmana hədiyyə edir. Qəhrəman həmin papağın köməyi ilə qala qapısının önündə duran qarovulçulardan yayınaraq şəhərə daxil olur, kimsənin gözünə görünmədən arvadının saxlandığı otağa daxil olur.

Sehrli papaq haqqında təsəvvürlərə təkcə nağıllarda deyil, demonik varlıqlardan bəhs edən müxtəlif səciyyəli mətnlərdə də rast gəlinir. Azərbaycanın şimal-qərb bölgəsindən toplanmış Karçül haqqında təsəvvürlərdə bu varlığın başında papağı olduğu deyilir. Guya nə qədər ki papaq onun başındadır, o, gözə görünmür. Onu ancaq başındakı papağı ələ keçirdikdən sonra tutmaq mümkündür. Həmin bölgədən yazıya alımış digər bir mətndə isə deyilir ki, meşədə kol-kos olan yerlərdə qara oyuqlar olur. Böyüklər kiçiklərə deyərdilər ki, o Kajın papağıdır. Əgər kimsə o papağı götürüb başına qoysa, o, gözə görünməz.

Qusar rayonunda Kuars adlandırılan varlığın da başında qırmızı papağı olduğu deyilir. Nə qədər ki papaq onun başındadır, o, gözə görünmür. Kuars adətən yatmış adamın, əsasən də kürəyi üstə yatan kişilərin üstünə gəlir. Öncə ayağını həmin adamın ayağı üstünə qoyur, sonra qollarını qolu üstünə qoyur, bütün bədən üzvləri insanın bədən üzvləri ilə üst-üstə düşür. Kuarsın burnunun bir deşiyi olduğu üçün adamın burnunun bir deşiyini bağlayır, o biri açıq qalır. Ona görə üstünə Kuars gələn adamda boğulma hissi yaranır, sinəsinə ağırlıq çökür, adam tərləyir, amma ölüm baş vermir. Yaşlı insanların dediyinə görə, kuars yatan adamın üstünə gələndə papağını çıxardıb su dolu səhəngin üstünə qoyur. Kim həmin qırmızı papağı götürə bilsə, Kuars ona tabe olar. Nə buyursa, onu yerinə yetirər, ondan asılı vəziyyətə düşər.

Beləliklə, Azərbaycan folklorunda papaq sehrli vasitə kimi çıxış edir. Demonik varlıqlara məxsus olan bu əşyanı insan onları aldatmaqla və ya onların yaşadığı məkandan oğurlamaqla əldə edir. Sehrli papaqdan müəyyən təhlükədən yaxa qurtarmaq, qarovulçuların gözündən yayınmaq, gəlişini kimsəyə hiss etdirməmək üçün istifadə olunur.