AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ovçu Pirim

Nümunənin reyestr kodu : DR0203000017

Azərbaycan sehrli nağıllarının və ovçuluq rəvayətlərinin əsas obrazlarından olan Ovçu Pirim yarı əfsanəvi, yarı gerçək obraz kimi xarakterizə olunur. O, heyvanların dilini bilən, onları himayə edən, onlardan ibrət alan, ov qayda-qanunlarına əməl edən, bəzən də qaydaları ayaqlayan mahir ovçudur. Azərbaycan folklorunda Ovçu Pirim 3 aspektdən səciyyələndirmək olar: a) Ovçu Pirim heyvanların dilini bilən ovçudur; b) Ovçu Pirim peyğəmbər, övliyadır; c) Ovçu Pirim adi ovçudur.

Ovçu Pirimin heyvanların dilini bilməsi haqqında iki təsəvvür mövcuddur. Bir qrup mətnlərdə ilanlar padşahı Ovçu Pirimin ağzına tüpürdükdən sonra onun heyvanların dilini bildiyi qeyd olunur. Bəzi mətnlərdə isə Ovçu Pirimin heyvanların dilini öyrənməsi Süleyman peyğəmbərin adı ilə bağlanılır. Şərq ədəbiyyatında Süleyman peyğəmbərin cinlərin, pərilərin, divlərin şahı olması və bütün canlılara sözü keçməsi, o cümlədən heyvanların dilini bilməsi və onlara hökm etməsindən bəhs olunur. Ovçu Pirimə heyvanların dilini onun öyrətdiyi deyilir.

Azərbaycan folklorunda Ovçu Pirim obrazına “Yazıya pozu yoxdur”, “Arıların söhbəti”, “Sirrin açılması” kimi nağıllarda rast gəlinir. Bu mətnlərdə Ovçu Pirim adətən övladsız təsvir olunur. O, şəhərdən kənarda yaşlı qarısı ilə bir daxmada yaşayır. Bütün gününü ovda keçirir, əsas keçim qaynağı vurduğu heyvanlardır. “Yazıya pozu yoxdur” nağılında Şah Abbasın qayadan atıb öldürməyə çalışdığı uşağı o, övladlığa götürür. “Arıların söhbəti” nağılında isə qayınatasına qonaq olan Ovçu Pirim qoçla qoyunun danışığını eşidir, birinin yüz oğul atası, digərinin yüz oğul anası olacağını öyrənir. Həmin heyvanları qayınatasından alır, onların hesabına xeyli varlanır.

Qarabağdan toplanmış rəvayətlərdə Ovçu Pirimin övliya kimi xalq arasında gəzib dolaşmasından, kasıb-kusuba əl tutmasında, evində qaldığı adamın gələcək həyatını yönləndirməsindən bəhs olunur. Ovçu Pirimin bu formada təqdimi onun adi nağıl personajı daha çox mifoloji bir obraz olduğunu deməyə əsas verir.

Gürcülərdəki Ovçu Mindii surəti Ovçu Pirimlə, demək olar ki, eyni funksiyanı daşıyır. Bu obraz Ovçu Pirimin təsiri ilə yaransa da, onun qədər orijinallıq və rəngarənglik onda yoxdur.