AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarayaz

Nümunənin reyestr kodu : DB0204020007

Xalq təqvimində yaz girəndən aprel ayının ortalarına qədər olan dövrə qara yaz deyilir. Bu müddətdə havalar tez-tez dəyişir, bəzən sərt olur, tutqun keçir, günəşsiz günlərin sayı çoxalır, isti gündüzdən sonra soyuq gecə gəlir. Çox yerlərdə isti-quru qara yel əsir. Kür-Araz bölgəsində bu isti-quru yelə “ilğım” deyilir. Bu vaxt keçən ildən tədarük olunan ərzaq və yem ehtiyatı tükənir, havalar tez-tez dəyişdiyindən kənd təsərrüfatı işlərinə başlamaq çətinləşir, məhz buna görə də həmin dövrü qarayaz adlandırırlar. Mil-Muğan, Şirvan bölgələrində qarayaz oğlaqqıran, keçiqıran və s. adlarla tanınır. Şahsevən və padarlar qarayaza “davar doymaz”, “yatar durmaz”, “gedər gəlməz” də deyirlər. Bu dövrün belə adlanması qışdan zəif çıxan heyvanın çöldə özünü doyuzdura və ya yatıb ayağa dura bilməməsindən irəli gəlir. Buna görə də bu dövrdə kəndlilər öz işlərini ehtiyatlı qurardılar.

Xalq tərəfindən Qara yazın özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Bəzi yerlərdə martın 6-dan aprelin 6-na qədər olan dövrə “murdar və leş üşüyən ay” da deyirlər.