AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sadə yük nəqliyyatı

Nümunənin reyestr kodu : DA0203030001

Azərbaycanlılar minilliklər boyu təbii-coğrafi şərait və ərazinin relyefi ilə sıx bağlı olan müxtəlif nəqliyyat vasitələri yaratmış, təkmilləşdirmiş və istifadə etmişlər.

Ənənəvi nəqliyyat vasitələri quru və su nəqliyyatı olmaqla iki istiqamətdə inkişaf etmişdi. İbtidai insanlar yaxın və uzaq məsafələri piyada qət etmiş, ən zəruri yükləri özləri ilə piyada daşımış, iş fəaliyyətində asanlığa və sürətliliyə xidmət edən bir sıra bəsit yükdaşıma üsul və vasitələri düşünüb tapmışlar. Azərbaycanda sadə yük nəqliyyatı, minik-yük nəqliyyatı, qoşqu nəqliyyatı və su nəqliyyatı vasitələri olmuşdu.

Sadə yük daşıma vasitələri nəqliyyatın ən qədimidir. İbtidai insanlar əldə etdikləri məhsulları, zəruri məişət əşyalarını və s. qucaqda, əldə, beldə, başda, çiyində daşımışlar.

Sadə yük nəqliyyatının ən bəsit forması “xərək” vasitəsilə müştərək yükdaşıma olmuşdu. Bunun üçün bir cüt ağac zolağını azca aralı olmaqla yerə uzadıb üzərinə yük yığandan sonra çəpinə bağlamaqla əl və ya çiyinə götürüb lazımi yerə çatdırırlar. Keçmişdə əhali yükləri “bağlama” vasitəsilə uzaq məsafələrə aparırdı. Bunun üçün onları 1,5x1 ölçüdə parçanın arasına qoyur, parçanı diaqonal üzrə “qulaqları”nı çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmış yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəlidir. Yük daşımanın bu formasının digər bir növü də şələdir. Şələni düzəltmək üçün yükü bir neçə yerindən ilgək və ya çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırlar. Xalqın empirik biliklərinin nəticəsi olaraq meydana çıxan müxtəlif ölçülü səbət, heybə və xurcun uzaq məsafələrə yük daşımaq üçün rahatdır. Bəzən yol azuqəsini “boyun torbası” (çanta), digər məişət yüklərini “çiyin ağacı” (düşəli) vasitəsilə də daşıyırlar. Başda yükdaşıma üsulu isə daha çox Lənkəran-Astara, Quba-Xaçmaz, eləcə də Abşeron üçün səciyyəvidir. Bunun üçün başa əvvəlcə yaylıq və ya xüsusi sarıqdan düzəldilən dairəvi “biçənə” qoyub, üstünə yükü yerləşdirirlər.

İnsan qüvvəsi ilə hərəkətə gətirilən ən qədim yükdaşıma qaydalarından biri “əl sürütməsi”dir. Bu sadə nəqliyyat vasitələrinin tarixi ibtidai icma quruluşu dövrünə aiddir. Əl sürütməsi əməli əhəmiyyətini indiyədək qoruyub saxlamışdı. “Əl sürütməsi”ni düzəltmək üçün nisbətən iri ağac budaqlarının kiçik şaxlarını kəsərək bir yerə yığıb şəl bağlayır, üzərinə ot, odun, kol, dərz, saman və s. qoyaraq əllə sürüyürlər. Zaman keçdikcə yüklərin çoxluğu və ağırlığı nəzərə alınmaqla, əl sürütməsi qoşqu heyvanları vasitəsilə sürütmə ilə əvəz olunmuşdu. Nisbətən ağır yükləri daşımaq üçün onu xurcun, yaxud heybəyə doldurub çiyindən aşırırlar. Su, süd, ayran, şərbət, gülab və s. məhsulları daşımaq üçün isə müvafiq formalı maye qablarından (səhəng, güyüm, dolça, aftafa, satıl, sərnic, kuzə, cürdək, bardaq, tuluq və s.) istifadə edirlər.

Quru yollarla piyada hərəkət edən adamların öz əzələ gücü hesabına yükdaşıması ilk bəsit nəqliyyat növü olmuşdu. Sonralar bəsit yükdaşıma üsulları təkmilləşdirildikcə “hambal” adlanan yükdaşıyan, habelə “carçı”, yaxud “şatır” adı ilə bəlli olan müjdə (xəbər) yayan piyada peşəkarlar meydana çıxmışlar.

İnsan gücü ilə beldə yük daşımanın peşə səciyyəsi kəsb edən ən təkmil növü “hambal” olmuşdu. Keçmişdə Azərbaycanın əksər şəhərlərində, xüsusilə iri ticarət mərkəzləri və əlaqə yolları qovşaqlarında (vağzal, liman, bazar və s.) muzdla yük daşıyan xüsusi peşə sahibləri çalışırdı. Onlar xüsusi hazırlanmış hambal palanı vasitəsilə ağır yükləri bellərində daşıyırdılar. Hambal palanının üzü köhnə palaz, keçə və ya qalın parçadan olub içərisinə tüktəpən vasitəsilə tük, yun, saman və ya xırda doğranmış küləş doldurulurdu. Palanın aşağı hissəsi qalın, yuxarı hissəsi nazik düzəldilirdi. Bunun sayəsində yükün beldə dik dayanması təmin edilirdi. Belə götürülmüş yükü sabit saxlamaq üçün ucu halqalı xüsusi hambal qayışından istifadə olunurdu.