AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Anbar

Nümunənin reyestr kodu : DA0201000007

Əkinçilik və bağçılıq məşğuliyyəti ilə bağlı yaranmış yardımçı təsərrüfat tikililərinin bir qismi (anbar, quraqlıq, taxtaban və s.) universal səciyyə daşımaqla həm kənd, həm də şəhər əhalisinin ev məişəti üçün səciyyəvi tikililər sayılırdı. Həyətin “eşik” səmtində azuqə ehtiyatı, əmək alətləri, nəqliyyat vasitələri və s. saxlamaq üçün “tağban”, “tağtaban” və ya “altıaçıq” adlanan xüsusi talvar (çardaq) tikilirdi. Çox vaxt kəndi, god, ağac anbar (saqan), meyvə və taxıl səbətləri burada saxlanılırdı.

Taxılın saxlanmasında daha əlverişli və münasib qurğu taxta anbarlar sayılırdı. Əksər hallarda yaşayış evinin alt mərtəbəsində, otaqlardan biri anbar məqsədilə ayrılırdı. Bəzən isə həyətin bir tərəfində ayrıca anbar tikilir, orada taxıl, un, süd, meyvə, bostan məhsulları saxlanılırdı. İstifadə məqsədlərindən asılı olaraq ərzaq anbarı təsərrüfat alətləri saxlanılan quraqlıqdan fərqlənirdi. Ərzaq anbarı çubuq, gil, kötük və taxta olmaqla, dörd növdə düzəldilirdi. Tay və qoşa gözlü anbarlar taxtadan hazırlanırdı. Əsasən düzbucaqlı quruluşa malik olan taxta anbarların ayaqları olurdu. Bu oturacaqlar qurğunu yerdən bir neçə santimetr hündürdə saxlayırdı. Bunlar qurğunun nəm çəkməməsi məqsədi ilə əlavə edilirdi. Anbarların gözə görünən qabaq hissəsi müxtəlif naxışlı ornamentlərlə bəzədilirdi. Buna görə də bu anbarlara xalq arasında “bəzəkli” və ya “doğrama anbar” deyilirdi. Anbarların tutumundan asılı olaraq, onlarda 40-50 puda qədər taxıl saxlamaq olurdu.

Anbarın hər bir gözündə taxılın götürülməsi üçün kiçik qapaqcıq qoyulurdu. Adətən, anbarlar yaşayış evlərinin birinci mərtəbələrində və ya təsərrüfat binalarının içərisinə qoyulurdu. İkimərtəbəli evin üst mərtəbəsi, adətən, yaşayış, alt mərtəbəsi isə məişət və təsərrüfat (anbar, tövlə, təndirxana, mətbəx və s.) məqsədilə istifadə olunurdu. Bir qayda olaraq imarət tipli daş evlərin zirzəmisindən təsərrüfat məqsədi ilə, ən çox isə anbar kimi istifadə olunurdu.

Azərbaycanın əksər bölgələrində geniş yayılmış taxta anbar Şəki-Zaqatala bölgəsində “saqan” adı ilə tanınırdı. Taxta anbar (saqan), bir qayda olaraq, tam verməyən qovaq, söyüd və ya qarağacdan hazırlanmış əldəyonulma taxtalardan düzəldilirdi. Onun uzunu 2-3 m, eni 1 m, dərinliyi 1,2-1,5 m-ə çatırdı. Üstü düz olub baca ilə tamamlanan taxta anbardan fərqli olaraq, saqana açılıb-örtülən maili qapaq düzəldilirdi. Saqanın taxtaları onun dayaqlarına əvvəllər çiv vasitəsi ilə deşib-keçirtmə üsulu ilə, sonralar isə papaqlı mismarla bərkidilirdi. Saqandan fərqli olaraq taxta anbarın aşağı hissəsində siyirmə qapağa malik “dənlik” düzəldilirdi.

Taxılın saxlanılmasında hörmə çubuq anbarlardan istifadə edilmişdir. Müxtəlif quruluş və həcmə malik olan anbarlar göyəm, vələs, qarağac, fındıq və gilas çubuqlarından hörülürdü. Çubuqlar lazım olan ölçüdə yerə basdırılıb bərkidilirdi. Yarmaçaların üzərinə 10 sm qalınlığında ağac mıx ilə 3 ədəd palıd zabağı bərkidilirdi. Zabaqların kənarı “kankeş” adlanan rəndə ilə rəndələnib bir-birinə kip otuzdurulurdu. Sonra oturacağın kənarı boyunca bir-birindən 10-15 sm aralı olmaqla, deşiklər açıb oraya fındıq çubuqları keçirirdilər. Sonra çubuqlar bir- birinə keçmə və çarpazlaşma yolu ilə aşağıdan yuxarıya doğru hörülürdü. Hazır anbarın oturacağı üçün ağac dayanacaq düzəldilirdi.

Anbarın ortası xaşal olsun deyə, deşiklər bir qədər çölə doğru maili vəziyyətdə bərkidilirdi. Nisbətən yoğun olan qabırğa çubuqlarının araları nazik fındıq şüvülləri ilə hörülür, yarıya çatanda anbarın ağzı tədricən yığılıb daraldılırdı. Anbarın başı açılmasın deyə, bir cüt çubuğu bir-birinə dolayandan sonra qabırğa çubuqlarının belinə fırladırdılar. Sonra anbar sarı torpaqdan tutulmuş samanqatışıq palçıq mala ilə suvanırdı. Suvağa, adətən, sünbül qılçığı və ya saman püfəsi qatırdılar. Suvaq quruyandan sonra “singir” adlanan ağ gillə anbarı şirləyirdilər. Yerli əhalinin nəzərincə, singirdən hazırlanmış ağ şir bərəkət rəmzi sayılaraq “pak” hesab edilirdi.

Anbarın başından taxıl tökülüb ağzı taxta ilə bağlanır və üstü örtülürdü. Çox zaman taxıl dağılmasın, nəm çəkməsin və hava keçməsin deyə, anbarın içi, bəzən də hər iki tərəfi suvanırdı. Anbardan taxıl götürmək lazım gəldikdə ya qoyulmuş gözün tıxacı açılır, ya da dən onun ağzından götürülürdü. Hörmə anbarlarda həcmindən asılı olaraq, istənilən qədər taxıl saxlamaq olar. Anbar yağış döyməyən, nəm çəkməyən münasib yerdə qoyulurdu. Vaxtı ilə taxıl saxlamaq üçün istifadə olunan “səbət anbar” da məhəlli səciyyə daşımaqla, meşəətrafı kəndlərdə geniş yayılmışdır. Bunun əksinə olaraq, taxıl, un saxlamaq məqsədi ilə düzəldilən “kəndi” (gil anbar), əsasən, ağac materiallarından korluq çəkən aran kəndlərində təsadüf edilirdi.

Taxıl və ərzaq saxlama vasitələri torpaq (gil) və ağac materiallardan hazırlanırdı. Torpaq quyuları, iri təsərrüfat küpləri torpaq və gil ilə, taxta anbar, çubuq anbar, god isə ağac (bitki) materiallardan düzəldilirdi. Bundan başqa, taxıl (ərzaq) saxlamaq üçün yun materiallardan hazırlanmış çuval, kisə və s. vasitələrdən də istifadə edilirdi. İrihəcmli və nisbətən mürəkkəb quruluşlu taxta anbarlardan ilk sinifli cəmiyyət dövründən istifadə edilirdi.