AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daşyonan

Nümunənin reyestr kodu : DA0104000024

Daşyonma bəsit istehsal formasından tutmuş monumental-dekorativ sənət səviyyəsinədək mürəkkəb inkişaf yolu keçən daşişləmə sənətkarlıq sahəsinə aiddir. Hörgü inşaat texnikasının meydana gəlməsi, yeni məişət və təsərrüfat vasitələrinə tələbatın artması nəticəsində daşişləmə sənətinin bənnalıq, daşyonma, şəbəkəçilik, həkkaklıq və s. kimi sahələri, peşə növləri yaranmışdır. Bu peşələr arasında dar ixtisaslaşma yaşayış evləri, sarayların, imarətlərin tikintisi, eləcə də yaşam tərzindən asılı olaraq insanların zövqlərinin dəyişməsi ilə bağlı idi.

Daşyonan məmulatın hazırlanmasına bilavasitə yonma əməliyyatından başlayırdı. Bu prosesdə daş baltası, dişək (təvər-dişək), düsəri, dəzgə, künyə, gireh və s. alətləri işlədirdi. İri daşları qabaqburun, para, yanpara və gürz vasitəsilə doğrayırdı.

Tətbiq sahəsindən asılı olaraq, daşyonma sənətində tarixən ixtisaslaşma getdiyindən tikinti daşının yonulması ilə bənnalar məşğul olurdular. Onlar hörgü daşı, bəzək, sütun, tava, çatma daşı və s. olmaqla, müxtəlif forma və ölçülərdə tikinti materialı yonub hazırlayırdılar. Təsərrüfat və məişət əşyalarının – hovuz, axur, dibək, kirkirə, dəyirman daşı, su daşı, xırman daşı (girgino), doqqaz daşı və s. hazırlanması ilə isə xüsusi ustalar məşğul olurdular.

Xatirə abidələrinin bir qismini həkkaklar, müəyyən hissəsini isə daşyonan ustalar hazırlayırdılar. Xatirə abidələri təkcə məzar daşlarından ibarət olmayıb, xeyrat bulaqları ilə bağlı daş məmulatını (qıstab, hovuz və novça) da əhatə edirdi. Bu peşə sahələri bir-biri ilə yaxın olduğundan, bir-birini tamamladığından bir sıra hallarda ustalar müxtəlif peşələrə aid işləri görürdülər.

Daş məmulatının növündən asılı olaraq, daşyonan onu müxtəlif üsullarla (qaraçapma, çümməçapma, dişəmə və cilalama) yonub hazırlayırdı. Tikinti və məzar daşı ilk növbədə balta ilə bir dəfə kobud şəkildə yonulurdu. Qaraçapma adlanan bu üsul ilə xüsusilə hörgü daşı hazırlanırdı. Qaraçapma əməliyyatı nəticəsində daşın səthi kobud yonulub ilkin formaya salınırdı. Bu məqsədlə xamı vurulmuş daş əvvəlcə gireh ilə ölçülür, sonra dəzgah üzərində düzbucaqlı formada yonulurdu. Tikinti daşının doğranması və qaraçapma yonulması bilavasitə daş karxanasında, digər əməliyyatlar isə inşaat sahəsində icra olunurdu.

Daşyonan hörgü daşının üzünü qaraçapma etdikdən sonra daş baltası və künyə vasitəsilə çümməçapma üsulu ilə onu yonub hamar şəklə salırdı. Divarın üzünün yaraşıqlı olması üçün, qaraçapma və çümməçapma üsulu ilə işlənmiş daşın bir üzü təvər-dişək vasitəsilə dişənib daha da hamarlanırdı. Adətən, məscid, hamam, karvansara, türbə və s. tikililərin divarlarının bayır üzü hamarlanmış “dişək daşı” ilə hörülürdü. Dişək üsulu xüsusilə abidə daşlarının hazırlanmasında geniş tətbiq olunurdu.

Daş məmulatı təkcə tikinti materialı kimi deyil, təsərrüfat və məişətdə də geniş tətbiq olunmuşdur. Su daşı, xırman daşı, dəyirman daşı, kirkirə, hovuz, axur, dibək və s. daş məmulatı keçmiş məişətdə mühüm yer tuturdu. Bunların hər birinin hazırlanmasında daşişləmə texnikasının müxtəlif üsullarından istifadə olunmuşdur.

Azərbaycanda zəngin daş yataqlarının olması burada daş karxanalarının, eləcə də daşyonma peşəsinin inkişafına əsaslı təsir göstərmişdir. Xüsusilə şəhərətrafı kəndlərdə karxanalar daha geniş intişar etmişdir. Feodalizm dövründə Azərbaycanda daşyonma peşəsi xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmiş, bir sıra memarlıq məktəbləri meydana gəlmişdir.

XIX əsrin sonlarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Bakı, Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzaları xüsusi yer tuturdu. Bakının ətraf kəndlərinin əhalisi yaxınlıqdakı əhəngdaşı karxanalarından daş kəsib yonur və onu sürətlə böyüməkdə olan şəhərə satırdılar

Xatirə abidələrinin hazırlanması sahəsində sənət ənənələri XIX əsr və XX əsrin əvvəllərində də davam etməkdə idi. Həmin əməli təcrübə və bu sənət sahəsindəki istehsal prosesləri (daşçıxarma, daşyonma, həkketmə) bu gün də özünün əhəmiyyətini itirməmişdir.