Təndir ustası Zahid Əkbərov
Təndir ustası Zahid Əkbərov Lənkəran rayonu Separadi kənd sakinidir. O təkcə təndir düzəltmir, həm də dulusçuluq məmulatları hazırlayır. Zahid usta bu sənəti rəhmətlik atası Əşrəf kişidən, o da öz atası Həsənqulu kişidən öyrənib. Yəni bu sənət ona baba yadigarıdır.
Zahid usta bu sənəti 14-15 yaşlarından öyrənməyə başlayıb. Əvvəlcə yalnız dulusçu işləyib, sonralar isə təndir düzəltməyi də öyrənib. 25 yaşından artıq təndir düzəltməklə məşğuldur. Onun dediyinə görə, Sovet dövründə il ərzində 60-70 ədəd təndir düzəldib satardı: "Saxsı qablardan, xüsusən də nehrələrdən 110-120 ədəd düzəldib satardım. İndi isə ay ərzində cəmi 15-20 ədəd sifariş olur, qışda isə 5-10 ədəd. Əvvəllər kəndlərdə hətta şəhərdə də evlərdə çörəyi yalnız təndirdə bişirərdilər, yəni hər evdə təndirdən istifadə olunardı. Buna görə də kəndimizdə 25 nəfərə yaxın təndir ustası var idi. İndi isə təkcə mən məşğul oluram”. Zahid ustanın 4 şagirdi var; onlardan 3-ü dulusçuluğu öyrənir, 1-i isə təndir düzəltməyi.