Təndir ustası Elmira Hüseynova
Astara rayonunun Pensər kəndi qədim tarixə malik yaşayış məntəqələrindən biridir. Kənddə “Təndirkəsənlər” məhəlləsində yaşayan ailələrin əksəriyyəti eyni peşənin sahibləridir; onlar saxsı materialdan təndir düzəldirlər. Bu kəndin ustalarının düzəltdikləri təndirlər digərlərindən fərqlənir. Sarı gil və narın çay qumunun qarışığından hazırlanan bu təndirlər nazik və yüngül olması ilə diqqəti cəlb edir.
Kənddə təndirdüzəldən ailələrdən biri də Elmira Hüseynovanın ailəsidir. E.Hüseynova bildirib ki, böyük zəhmət tələb edən təndir təxminən bir neçə günə hazırlanır. Bunun üçün əvvəlcə kənd ətrafından və yaxud digər yerlərdən gil gətirilir, ona çay qumu qatılaraq xammal əldə olunur. Daha sonra həmin qatışıqdan təndir kəsilir.
Yayda bir təndiri iki günə hazır etməyin mümkün olduğunu qeyd edən E.Hüseynova, qışda isə bu işin bir həftəyə başa gəldiyini, böyük təndirin 30, kiçik təndirin isə 25 manata satıldığını bildirib.
Qeyd edək ki, kənddə 50-ə yaxın ailə dolanışığını təndir hazırlayıb satmaqla təmin edir. Çörəyini təndirdən çıxaran bu sənətkarlar ölkənin müxtəlif rayonlarından də sifarişlər alırlar.