AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Abdulla Şaiq adına Kukla teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə nümayiş olunan “Sirk” adlı tamaşa olmuşdur. Müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-ci il aprel ayının 15-də teatra “Dövlət” statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.
 
Yarandığı gündən bu günəcən teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxanqelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcədə Respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və laureatı olmuşdur. Teatrın repertuarında Ü.Hacıbəyov “Məşədi İbad”, Anar “Qaravəlli”, H.X.Andersen “Bülbül”, A.Şaiq “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadə “Cırtdan”, M.F.Axundov “Parisi dağıdanlar”, “Xırs quldurbasan”, V.Qauf “Yalançı şahzadə”, E.Şayye “Od oğlan”, R.Əlizadə “Keçəlin toyu”, Ş.Perro “Qırmızı papaq”, Min bir gecə nağılları əsasında “Ələddin”, Ə.Səmədli “Cik-cik xanım”, K.Ağayeva “Göyçək Fatma”, Ə.Abbasov “Şəngülüm, Şüngülüm”, rus bölməsi üçün R.Moskova “Keçilər”, R.Pilo “Qoğal”, A.S.Puşkin “Qızıl xoruz”, K.Aslanov “Qızıl almalar” və s. xüsusilə qeyd etmək olar.
 
Müxtəlif illərdə teatrın yaradıcı kollektivinin onlarla üzvləri Respublikanın fəxri adları və Prezident mükafatlarına layiq görülmüşdür. Bu illər ərzində öz yaradıcı əməyi ilə fərqlənmiş rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman Əlizadə, Ələkbər Hüseynov, , Qurban Məsimov , Anar Məmmədov , rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə Quluzadə, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov, Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, Rəhman Rəhmanov və s. xüsusi qeyd olunmalıdır. Hazırda teatrın yaradıcı kollektivinin əksəriyyətini gənclər təşkil edir. Teatrda əsası xalq oyunları, dastanları, nağılları, dünya klassikləri və müasir dramaturgiyamızın üzərində köklənmiş müasir tamaşalar hazırlanır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı