Yezdimo dəzgahı
Nümunənin reyestr kodu : SD0402000007
Yezdimo dəzgahı karxananın döşəməsində qazılmış “paçal” adlanan xüsusi çala üzərində qurulurdu. Onun mütəhərrik hissəsi iki cüt “nirə” (çillənin bir başını tartılmış saxlayır, hazır məmulatı öz üzərinə dolayır), bir cüt “təpkən”, “məkik” (ara ipəyini çillə taylarının arasından sürətlə ötürən), “nəvərd” (toxuculuq dəzgahında parçanın sarındığı hissə), külkə-bağaralar (tağalaq), “yastıq”, “qaç-qaç”dan ibarət idi. Yezdimonun sabit hissələri çalanın kənarına basdırılmış 2,5 m uzununda bir cüt dəstəkdən, onlan karxananın divarının üst kətilinə və tavan milinə bərkidilən “qol” və ulama ağacından, qolların üzərində köndələn dayanan “peşənək” adlanan asqı ağacından, “təpkən künəsi” və yezbənddən ibarət idi.
Yezdimo dəzgahının işlək hissələri arasında “dəftin” (arğacı bərkitmək üçün toxucu dəzgahında hissə) xüsusi yer tuturdu. Dəftin bir dəzgə qollarının üzərinə bərkidilmiş “qaç-qaç” vasitəsi dəzgaha qoşulurdu. Dəftinin vəzifəsi alt və üst çənə vasitəsi ilə şananı sabit saxlamaqdan ibarət idi. Toxuma prosesində şananı dəftinin çənələrinin arasına yerləşdirəndən sonra gah sağ, gah da sol əllə onu yellədirdilər. Şana dəftinlə birgə irəli-geri hərəkət etdikcə çillə tellərinin çarpazına salınan ara ipəyini irəli itələyib bir-birinin yanına sıxlaşdırırdı. Dəftin bir cüt qoldan, onların ayaq hissəsinə keçirilmiş alt və üst çənədən, “cüdəftin” adlanan yelləncəkdən, “püşbənd” adlanan ciyəbənd və burağacdan ibarət idi. Dəftin qollarının yuxarı hissəsi püşbənd və burağac vasitəsilə bərkidilib tarazlanırdı. Onun hər iki ucuna dəmir mil keçirilirdi. Millərin 10-12 sm-lik hissəsi yelləncək rolunu oynayırdı. Millər qaç-qaçın gəzinə oturduqda dəftin saat kəfkiri sayağı asılı qalmaqla, yüngül təkanla irəli-geri hərəkət edirdi.
Şərbaf dəzgahlarının mühüm işlək hissələrindən biri də şana idi. Şananın hazırlanması ilə “şanabənd” adlanan usta məşğul olurdu. Keçmişdə şana dəndələləri qarğı qabığından düzəldilirdi. Dəndə tədarük etmək üçün, ilk növbədə, qarğı iti bıçaqla buğum-buğum doğranıb üzünün qabığı (sədəfi) çıxarılırdı. “Üzləmə” adlanan bu əməliyyatdan sonra onların hər biri 10-12 sm uzunluğunda doğranıb dəndə halına salınırdı. Ölçüsündən asılı olaraq, hər bir şanaya 5000-ə qədər dəndə işlənilirdi. Hazır olandan sonra onları süddə bişirirdilər. Bunun sayəsində dəndələr xeyli yumşalıb sərtliyini itirir, elastik hala düşürdü. Digər tərəfdən, bu əməliyyat nəticəsində həm dəndənələrin codluğu azalaraq onların səthi çillə teli üçün zəruri hala düşürdü. Tələb olunan miqdarda dəndə tədarük edəndən sonra əvvəlcədən hazırlanmış şana qolları nizamlanıb dəzgaha qoşulurdu. Hər bir cüt qoşa çubuqdan ibarət olan şana qollarının arasında boşluq yaratmaq üçün onların uc tərəfinə nazik çüpək qoyub sarıyırdılar. Dəndənələri saxlamaq üçün qoşa çubuqların arası çirişlənirdi. Bundan sonra dəndələr üstdən aşağı sancılmaqla şanaya düzülürdü. Hər dəfə dəndə şana qollarının arasına salınandan sonra qollar sapla sarınırdı. Bunun sayəsində qollar bir-birinə sıxılıb dəndənələri möhkəm saxlayırdı. Sarğı ipinin köməyi ilə dəndənələr bir-birinə bitişmir və onların aralarında çillə telinin keçməsi üçün zəruri məsafə qalırdı.
Yezdimo kompleksinə daha bir sıra yardımçı ləvazimat (qaç-qaç, xərək, çarpaz qarğıları, mumal ağacı, kan çubuğu, karvankeş, mətid, pəlkeş, nümnümə və s.) daxil idi. Çillənin dəzgaha quraşdırılması, başqa sözlə, “işin bara çəkilməsi” əməliyyatını kargər, adətən, pəstəkarla (toxucu) köməkli görürdü. Çillə tellərinin nirə və şanadan (əriş taylarının keçirildiyi yer) ilişmədən keçməsini təmin etmək üçün pəstəkar onun üzərinə əvvəlcə “şü” adlanan yapışqan məhlulu piləyir, sonra isə mumal ağacı vasitəsilə arı mumu sürtürdü. Bunun sayəsində çillə tellərinin sürüşkənliyi artırdı.
İpək parça istehsalının həlledici mərhələsi “putatma” adlanan toxuma prosesindən ibarət idi. Bu işlə bilavasitə kargər, bəzən isə şərbaf özü məşğul olurdu. Bunun üçün şərbaf özü, yaxud kargər dəzgahın oturacağında əyləşib təpkən vasitəsilə nirələri endirib-qaldırdıqca çillə çarpazlarının alt və üst tayları aralanıb “ağız açırdı”. Bu anda o, məkiyi sağ əli ilə sola və ya əksinə ötürməklə, lülədən çözələnib açılan ara ipəyini çarpaz taylarının arasına salır və dəftin vasitəsilə vurub qabağa gətirirdi. Sonra sağ ayağını basmaqla, növbəti nirə lingələrini aşağı endirib, çillə taylarına yenə də “ağız açdırırdı”. Bu dəfə o məkiyi sol əli ilə sağa atır və ara ipəyi növbəti çarpazın ağzına düşən kimi dəftini özülə tərəf dartmaqla ipək telini əvvəlkinin yanına sıxlaşdırırdı. Bu qayda ilə putatma, yəni toxuma əməliyyatı davam etdirilərdi. Çillə telləri müəyyən qədər toxunandan sonra pəlkeş vasitəsilə nəvərd fırladılaraq hazır hissə ona dolanırdı. Parçanın toxunmuş hissəsi nəvərdə xeyli dolandıqda kargərin işləməsinə mane olurdu. Ona görə də parçanın hazır hissəsi kəsilib götürülürdü. Dəzgah yenidən nizamlanandan sonra toxuma əməliyyatı öz qaydası ilə davam etdirilərək, 150-200 m uzunluğunda olan bir “bəstən iş”in çilləsi tamam toxunub başa çatdırılırdı.
Yezdimo nirə-şana sisteminə malik olan ipək dəzgahlarının tipik növü olmuşdur. Şərbaf dəzgahlarının ən qədim və ən mükəmməl növü olan olan və şərbaflar arasında çox vaxt “əl dəzgahı” adlanan dörd nirəli yezdimo dəzgahında qanovuz, mov, darayı, tafta, yorğanüzü, aloyşa və s. toxunmuşdur.