Mahud dəzgahı
Nümunənin reyestr kodu : SD0402000005
Azərbaycanda yun növlərinin hərəsinin öz tətbiq sahəsi mövcud olmuşdur. Quzu güzəminin lifləri qoyun güzəminə nisbətən gödək, zərif və yumşaq olduğundan şalbaflıqda, xüsusilə mahud toxuculuğunda daha çox işlənirdi.
Eləcə də tarixən ev peşəsi və xırda əmtəə səciyyəsi daşıyan yun parça toxuculuğunun müxtəlif növlərinin dəzgahları formalaşmışdı. Geniş çeşidli şal, əsasən, yer hanasında və mütəhərrik şal dəzgahında toxunurdu. Şalbaflığın yüksək inkişaf mərhələsi olan karxana toxuculuğu nisbətən sonralar meydana çıxmışdır. Şal istehsalı yer hanası, mütəhərrik “şalbaf dəzgahı”, mahud dəzgahı vasitəsi ilə həyata keçirilmişdir. Mahud dəzgahı təpkən vasitəsi ilə hərəkət etdirilən şal və ipək dəzgahları kimi mütəhərrik dəzgahlar sisteminə aiddir. Daha mükəmməl quruluşa malik olan mahud dəzgahı xüsusilə şəhər karxanalarında yayılmışdı. Nirə-şaha sisteminə malik olan mahud dəzgahı bir çox xüsusiyyətlərinə görə tipoloji cəhətdən mütəhərrik şərbaf dəzgahlarına keçid təşkil edirdi. Xüsusi uzatma (çillə) telləri üfüqi vəziyyətdə qurulan mahud dəzgahında nəvərdlə, baş və ayaq mıxçaları dəzgah qolları ilə, çatma ayaqları bağara ilə, taxta qılınc dəftinlə, sabit gücü ağacı mütəhərrik nirələrlə əvəz olunmuşdur. Mahud dəzgahının əsas hissələri çox cüzi dəyişikliklərlə şərbaf dəzgahlarında da işlənilirdi. Mahud dəzgahında yezbəndə olmurdu. Mahud dəzgahını şərbaf dəzgahlarına yaxınlaşdıran bir cəhət də onların hər ikisinin “paçal” adlanan xüsusi çala üzərində qurulması idi. Toxucu nirələri işlətmək üçün paçalın kənarında oturub təpkəni ayaqları ilə basmaqla əriş tellərini hərəkət etdirirdi.
Mahud dəzgahı “paçal” adlanan dayaz çala üzərində üfüqi vəziyyətdə qurulmuş bir cüt dəzgah qolundan, onların qabaq başını birləşdirən köndələn oxdan, “külkə-bağara” vasitəsilə tavandan asılmış “nirə” və “dəftin”dən, “nəvərd”, “təpkən”, “məkik”, “dəstək”, “qol”, “bağara”, “şana”, “pəlkeş”, “küngah” və s. ibarət idi. Dəzgah qolları təpkən çalasının hər iki kənarı boyunca döşəmə üzərinə uzadılırdı. Əriş düzümünün başını çəkən “nəvərd” xüsusi tutqaclar vasitəsilə dəzgah qollarının arxa ucunda dayanırdı. Dəftinin alt və üst çənəsinin arasına salınmış şananın dəndələri qarğı və ya ağacdan hazırlanırdı. Dəftinin irəli-geri hərəkəti xüsusi millər vasitəsilə tənzimlənirdi. Bunun üçün qolların üzəri ilə paralel istiqamətdə irəli-geri hərəkət edən millərin bir başı dəftinin uclarına bərkidilmiş qarmaqlara keçirilir, digər başı isə qolüstü dayağa bərkidilirdi. Bir qayda olaraq, “nirə” və “dəftin” çala üzərində, təpkən qolları və onları sabit saxlayan mıxçalar isə çalanın içində quraşdırılırdı. “Külkə-bağara”lardan gələn asma ipi vasitəsilə bir-birinə bənd edilmiş qoşa nirələrin hər tayı müvafiq surətdə təpkənin sağ və sol qoluna bağlanırdı. Bunun nəticəsində təpkənin sağ tayını ayaqla basarkən qabaq nirə aşağı enir və ona bağlanmış asma ipi bağaranın köməyi ilə dal nirəni dartıb yuxarı qaldırırdı. Təpkənin sağ tayını buraxıb sol tayını basdıqda isə dal nirə aşağı enməklə qabaq nirəni yuxarı qaldırırdı. Nirələrin bu cür aşağı-yuxarı istiqamətdə hərəkəti sayəsində onların linkələrindən keçirilmiş əriş tayları müntəzəm surətdə qalxıb-enməklə çarpazlanır və məkiyin keçməsi üçün “ağız” adlanan boşluq əmələ gətirirdi.
Məkik xarrat çarxında qoz ağacından yonulub düzəldilirdi. Əriş çarpazlarının arasından maneəsiz şütüyüb keçmək üçün məkiyin ucları sivri, ortası isə xaşal formada yonulurdu. Məkiyin ortasında açılmış lülə yarığının dibindəki oyuğa nazik mil keçirilirdi. Arğac sarınmış lülə həmin mil vasitəsilə məkiyin yarığına yerləşdirilirdi. Məkik əriş taylarının arası ilə o tərəf, bu tərəfə atıldıqca arğac ipi sərbəst fırlanan lülədən çözələnərək əriş çarpazlarının arasına düşürdü. Sağdan sola ötürülən ilk arğac keçirməsini dəftin vasitəsilə qabağa vurandan sonra dəftin yenidən geri verilirdi. Növbəti dəfə arğac özündən əvvəlkinin əks istiqamətində, soldan-sağa doğru əriş çarpazlarının arasına salınandan sonra yenə də dəftin vasitəsilə vurulub irəli gətirilirdi. Toxuma prosesi bu qayda üzrə davam etdirilirdi.
Mahud dəzgahında əsrlər boyu məkik əl ilə atılmışdır. Usta məkiyi sağ əli ilə çarpazın “ağzı”na atıb sol əli ilə tutur və dərhal sağ əli ilə dəftindən yapışıb onu əvvəlcə qabağa, sonra dala itələyirdi. Dəftin geri verilərkən o, sol əli ilə məkiyi əriş taylarının növbəti çarpazının arası dübarə sağ tərəfə atıb yenidən dəftindən yapışır və onun köməyi ilə arğac keçirməsini qabağa vururdu. Həm də bu halda kargərin sağ əli ilə təpkən üzərindəki sol ayağının, sol əli ilə sağ ayağının hərəkəti uzlaşdırılaraq ahəngdar mexaniki iş rejimi yaradırdı. Çeviklik və cəldlik tələb edən bu sayaq texnoloji iş prosesi müəyyən qədər əməli səriştə və peşə vərdişinin meydana gəlməsini şərtləndirirdi. Ənənəvi yun parça məmulatının ən yüksək növü olmaq etibarilə tirmə şal və mahud istehsalı müəyyən qədər ixtisaslı usta əməyi tələb edirdi. Şəhər karxanalarında toxunduğu üçün mahud bəzən “karxana şalı” da adlanırdı. Daha təkmil dəzgahlarda toxunan karxana şalına daxili və xarici bazarlarda tələbatın artması nəticəsində hələ orta əsrlərdən başlayaraq mahud istehsalı üzrə dar ixtisaslaşma getmişdi. Mahud karxanaları əsasən sahibkarlara məxsus olurdu. XIX əsrin ortalarında Şamaxı şəhərində hələ də 20-yə qədər mahud karxanası işləyirdi. Avropa ölkələrindən ixrac edilən yüksək keyfiyyətli fabrik mahudu Azərbaycanda şalbaflıq məmulatının, o cümlədən mahudçuluğun inkişafına ciddi əngəl törətmişdir.
-
XVIII əsrin sonu-XX əsrin əvvəllərində Şəkidə ipək parça toxuculuğu
Emiliya Əliyeva
2019
-
Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində
Zəhmət Şahverdiyev
2008
- Tərtibçi və biblioqrafiya