Dik hana
Nümunənin reyestr kodu : SD0402000004
Xalça-palaz məmulatının bütün növləri, əsasən, eyni dəzgahda – dik hanada toxunurdu. Hana hissələri ağacdan olub bir cüt qoldan, onları köndələn vəziyyətdə birləşdirən “alt və üst ox”dan, “daban paraları”ndan ibarət bəsit quruluşa malik idi. Hananın köməkçi hissələrinə “gücü ağacı”, “gücü çubuğu”, “vərəngalan”, “dal ağacı”, “ağız çubuğu”, “oxlov”, “yumaq ağacı” daxil idi. Toxuma prosesində həvə, kirkit, bıçaq və qayçı kimi alətlərdən istifadə olunurdu.
Dik hanada müxtəlif ölçülü xalça-palaz məmulatı toxunduğundan onun qollarının yuxarı hissəsindəki yarıqlar vasitəsilə üst oxun mövqeyi dəyişdirilir və beləliklə də məmulatın boyuna müvafiq ölçüdə əriş düzümü qurulurdu. Ərişi hanaya 2-3 nəfər qadın düzürdü. Onlardan ən səriştəlisi “alt ox”un önündə oturub əlindəki yumaqdan açdığı ərişin ilgəyini hananın qarşısında ayaq üstə dayanan qadına, o isə öz növbəsində üst oxa yaxın olan üçüncü qadına ötürürdü. Üst oxun üstündən hananın arxasına aşırılmış ilk əriş tayının ucu alt oxun önündə ağız çubuğuna bağlanırdı. Yuxarıda dayanan qadın tutduğu növbəti əriş ilgəyini üst oxun üzərindən aşırıb dübarə aşağı qaytarırdı. İkinci qadın onu alt oxun arxasından fırladılmaq üçün birinci qadına ötürür, o isə öz növbəsində ərişin ilgəyini ağız çubuğuna salırdı. Baş usta yumaqdan çözələdiyi əriş taylarını qoşalayıb yenidən ayaq üstə dayanana, o isə özündən yuxarıdakı qadına ötürürdü. Bu qayda ilə hana oxlarına məmulatın eninə kifayət edəcək müvafiq miqdarda əriş düzülürdü. Əriş düzümü tamam olandan sonra sonuncu tayın ucu ağız çubuğunun başına bağlanırdı.
Arğac ipini əriş taylarının çarpazlarının arasından keçirmək və ilmə “vurmaq”, başqa sözlə, rəngli bəzək ipini bənd etmək üçün hananın qabaq tərəfinə düşən əriş tayları ağız çubuğu vasitəsilə alt-üst (erkək-dişi) olmaqla iki qismə bölünürdü. Bundan sonra hananın orta hissəsindən bir qədər aşağıda gücü çubuğu və gücü ipinin köməyi ilə ərişin qabaq tayları gücülənirdi. Toxuma prosesi arğac ipinin əriş taylarının arasından keçirilməsi ilə başlanırdı. Bu məqsədlə müvafiq rəngli arğac ipləri xırda kələfcə halına salınırdı. İlk arğacın ucu ağız çubuğunun sağ kənarına bağlanandan sonra dal ağacı yuxarı qaldırılaraq əl ilə əriş taylarının üzərindən basılırdı. Bunun sayəsində gücü ağacının alt hissəsində əriş taylarının dal-qabaq vəziyyəti dəyişib bir-birindən azca aralanırdı.
Arğac ipi əriş taylarının arasından mərhələ-mərhələ, sağdan sola və əksinə olmaqla keçirildikcə kirkit vasitəsilə döyəclənib aşağı yatızdırılırdı. Bir qayda olaraq, xalça-palaz məmulatının “dəhnə” adlanan “ağız” (baş) və ayaq hissələri kətansayağı bəsit toxuma texnikası ilə hazırlanırdı. Birbaşa ötürülən arğac keçirmələrindən fərqli olaraq, rəngli ilmə ipləri xüsusi qaydada dolama üsulu ilə hər dəfə bir cüt ərişə bənd edilirdi. Bunun üçün sol əlin orta və şəhadət barmağı ilə, alt-üst olmaqla, bir cüt əriş tayı götürülüb müvafiq ilmə ipinin sərbəst ucu onların arasından içəri keçirilərək, əvvəlcə ərişin sol tayına dolanıb geri qaytarılır, sonra isə sağ tayın ətrafına fırladılmaqla yenidən qoşa tayların arasından bayıra çıxarılırdı. İlmə aşağı dartışdırılıb arğacın üzərinə endiriləndən sonra ilmənin ucu əyri bıçaq ilə kəsilirdi. Bu qayda ilə çeşnini əmələ gətirən bəzək ünsürlərinin tələbindən asılı olaraq, müvafiq rəngli iplə növbəti ilmələr yan-yana qoşa əriş taylarına bənd edilirdi. Bu əməliyyat toxuculuq sənətində “ilmə çalma” adlanırdı. Bir çin ilmə düzümü əriş taylarına bəndlənib qurtarandan sonra xovların ucları çəkişdirilirdi. Hər ilmə çininin üzərindən əvvəlcə sağdan sola, sonra isə soldan sağa olmaqla, bir cüt arğac keçirilib kirkit və həvə vasitəsilə döyəclənirdi. İlməni döyəcləyib bərkitmək məqsədilə üç və ya dördqat bükdərilmiş xüsusi “gücü ipi” işlənirdi. Hər 2-3 ilmə çini hazır olandan sonra xovların ucu səriştəli usta tərəfindən xüsusi ilmə qayçısı ilə qısa qırxılıb bərabərləşdirilirdi. İki-üç çərək toxunandan sonra üst oxun baş paraları çıxarılıb əriş taylarının düzümü boşaldılır və məmulatın toxunmuş hissəsi vərəngalanın köməyi ilə fırladılaraq hananın alt oxunun arxasına keçirilirdi. Sonra baş paraları yerbəyer edilməklə hana yenidən tarazlanır və toxuma prosesi bu qayda ilə davam etdirilirdi.
Azərbaycanın bütün xalçaçılıq bölgələrində istifadə olunan dik hana quruluş və texnoloji baxımdan eyni idi. XIX əsrdə xalçaçılıqda “hərəkət edən” şaqüli dəzgahlar tətbiq edilir. Bununla da dəzgahı ayaq üstə saxlamaq üçün oxları yerə basdırmaq və onların başını divara bərkitmək lazım gəlmir. Dəzgah enli taxta ayaqlar vasitəsilə həm yerdə ayaq üstə dayana, həm də emalatxananın və ya evin bir tərəfindən başqa tərəfinə asanlıqla aparıla bilir. Oxları və ayaqları əlaqələndirən ağaclar isə dəzgahın düz dayanmasını təmin edir. Şaquli dəzgahlar iki ox, iki yanlıq, iki ayaq, bir kücü və bir neçə əlaqə ağacından təşkil olunmuşdur. 1955-ci ildən başlayaraq əvvəlcə “Azərxalçaittifaqın” “İncəsənət” fabrikində, sonra isə bütün “Azərxalçaittifaq” sistemində bu cür dəzgahların tətbiqi genişləndirilmişdir.