Tütünçülük
Nümunənin reyestr kodu : DA0104000065
Tütün Azərbaycanda XVII-XVIII əsrlərdən etibarən becərilməyə başlanmışdır. XIX əsrin əvvəllərində Qazax, Şəmşədil nahiyələrində, Yelizavetpol dairəsində və Qarabağ əyalətində tütün sahələri xeyli artmışdır. XIX əsrin 70-ci illərində Şəki qəzası və Zaqatala dairəsi sənaye tütünçülüyü rayonlarına çevrilmişdi. Göyçay və Quba qəzalarında tütün istehsal edilsə də, yüksək keyfiyyətli tütünün əsas istehsalçısı Zaqatala dairəsi idi. Burada istehsal edilən tütünün 90 faizi yüksək növ məhsul hesab olunurdu.
XX əsrin əvvəllərində muzdlu əməyə əsaslanan iri kapitalist tütün plantasiyaları ilə yanaşı əmək prosesində bütün işləri özləri görən kəndli tütünçülük təsərrüfatları da mövcud idi. Kəndlilər tütünü ancaq öz həyətyanı sahələrində əkirdilər, mülkədarların əlində isə daha iri tütün plantasiyaları cəmləşmişdi. Tütün məhsulu əsasən yerli bazarlarda satılır, Gəncədəki tütün fabrikinə təhvil verilir, qismən də Gürcüstan və Rusiyaya göndərilirdi.
XX əsrin əvvəllərində xaricdən Rusiyaya gətirilən tütünə yüksək gömrük qoyulması ilə əlaqədar xaricdən gətirilən tütünün miqdarı xeyli azalmışdı. Bu da öz növbəsində Azərbaycanda tütünçülüyün inkişafına təkan vermişdi.
Azərbaycanda 1935-ci ildən yeni tütün növləri əkilib-becərilməyə başladı. “Samsun”, “Sivri yarpaq”, “Trabzon” növlü tütün əvvəlcə istixanalarda şitil kimi yetişdirilir, sonra isə sahəyə köçürülürdü. Tütünün becərilməsi, yarpaq dərimi, ipə düzülməsi, qurudulması, quru tütünün taylara bağlanması il boyu davam etdirilirdi.
Tütünçülükdən əldə edilən gəlir əkinçilikdən qazanılan gəlirdə üstün yerdə dururdu. Tütünün hər hektarından dənli bitkilərlə müqayisədə 18, bağçılığa nisbətən 48 dəfə çox gəlir götürülürdü. XX əsrin ikinci yarısında Azərbaycanda “İmmuil-550”, “Ostrolist-1519”, “Samsun-155” tütün növləri yetişdirilirdi.
Respublikamızda tütünçülüyün inkişafı əsasən 1920-ci ildən sonra başlamışdır. Tütün sahələri 1937-ci ildə 4,6 min hektar, 1960-cı illərin sonunda isə 155 min hektara çatdırılmışdır. Təkcə Qəbələ rayonunda 1975-ci ildə hər hektardan 30 sentner tütün istehsal edilərək dövlətə 5550 ton keyfiyyətli tütün yarpağı satılmışdır. Tütünçülükdən 12853 min manat gəlir əldə olunmuşdur ki, bu da ümumi gəlirin 63 faizi demək idi. Tütün sahələri isə rayon üzrə ümumi əkin sahəsinin 8,6 faizini əhatə edirdi.
XX əsrin ikinci yarısında Azərbaycanda sənaye üsulu ilə tütün emalı həyata keçirilmişdir. Belə ki, 1978-ci ildə Qaraçay sahilində Tütün Fermentləmə Zavodu tikilmişdir, istehsal gücü 12 min ton fermentlənmiş tütün olan zavod keçmiş SSRİ-də ən böyük müəssisə idi.
Azərbaycan Respublikasında müstəqilliyin ilk illərində bütün sahələrdə baş vermiş tənəzzül tütünçülükdə də özünü göstərmiş, tütün əkini və istehsalı xeyli azalmışdır. 2015-ci ilədək bu bitkinin əkin sahəsi azalaraq 1,4 min hektara, məhsul istehsal isə 3,5 min tona qədər düşmüşdür. Növbəti illərdə görülən tədbirlər nəticəsində tütün əkin sahələri yenidən artırılmışdır. 2017-ci il respublikada 3257 hektar sahədə tütün əkilmiş, 5213,2 ton tütün istehsal edilmişdir. Hazırda daha çox Şəki, Balakən, İsmayıllı, Qəbələ, Masallı, Lerik və Yardımlıda tütün istehsal olunur.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na əsasən 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli, 6 min hektara çatdırılmalıdır.
-
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan sahibkar kəndində ...
F.E.Baxşəliyev
2013
-
Naxçıvanda tütünçülük təsərrüfatı yaradılıb
2017
-
Texniki bitkilər
Teymur Bünyadov
2007
- Tərtibçi və biblioqrafiya