Heykəltəraş
Nümunənin reyestr kodu : DA0104000035
Heykəltəraşlıq – təsviri incəsənətin geniş yayılmış sahəsi, həyat hadisələrini bədii obrazlar vasitəsilə əks etdirən sənət növlərindəndir. Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində öz əksini tapmış heykəltəraşlığın qədim tarixi vardır.
Ənənəvi daşişləmə sənətinin arxaik növlərindən olan ibtidai heykəltəraşlıq Azərbaycanda çox erkən dövrlərdə intişar etmişdir. Daş abidələrin bu tipinə həm insan, həm də heyvan (əsasən qoç və at) heykəli şəklində təsadüf edilir. Azərbaycanda insan heykəllərinin ilk nümunələri m.ə. III minilliyə aid olmaqla, qədim dövrün əsatiri etiqad və inamları ilə üzvi surətdə bağlı olmuş və əcdadlara sitayişin təcəssümü kimi meydana çıxmışdır. Əksər hallarda bəsit yonma texnikası ilə, insan görkəmində düzəldilmiş daş heykəllər rəmzi məna kəsb etməklə, dövrün ideologiyası və hakim dini baxışları, xüsusən ibadət mərasimləri ilə üzvi surətdə bağlı olmuşdur. Büt heykəllər ilk orta əsrlərə, monoteist dinlərin yaranmasına və yayılmasına qədər davam etmişdir.
İlkin orta yüzilliklərdə Azərbaycanda müxtəlif formalarda hazırlanmış və bəzədilmiş daş abidələrə təsadüf edilir. Onlar qabarıq relyeflər, həcmli (dairəvi) heykəllər səpkisində olmuşdur. Tovuz rayonunun Qəribli kəndi yaxınlığından tapılmış, ağ qum daşdan yonulmuş heykəl, Şamaxının Xınıslı və Dağkolanı kəndi yaxınlığından tapılmış kişi heykəlləri, Dağkolanı yaxınlığında Allahəkbər deyilən yerdən tapılmış heykəl, Ağdamın Boyəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış heykəllər Azərbaycan ərazisində tapılan ən orijinal plastik sənət örnəklərindəndir.
Orta əsrlərə aid, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılan daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsidir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Ordubad bölgəsinin Biləv kəndində 1677-1678-ci illərdə vəfat edən Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan qoç heykəlinin Abid adlı heykəltəraş tərəfindən yonulduğu məlum olur. İndiyədək kənddəki qəbiristanlıqda qalan və XVII əsrə aid olan çoxsaylı daş qoç fiqurlarının bir hissəsini də həmin heykəltəraş hazırlamışdır.
Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı. Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. Dekorativ heykəllər əsasən memarlıq abidələrinin bəzədilməsinə xidmət edir. Onlar orta əsrlərdən bu günə kimi parkları, bağları və fəvvarələri də bəzəyirlər. Memarlıq abidələri ilə bağlı olmayan, park və fəvvarələrin tərtibatı üçün nəzərdə tutulmayan, əsasən muzeylərdə və sərgilərdə nümayiş etdirilən heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır.
Daş heykəllər vaxtilə Azərbaycanda çox geniş əraziyə yayılmışdı. Onların qismən salamat qalmış nümunələri qədim Albaniya ərazisində qeydə alınmışdır. Daş heykəllərin ikinci qrupunu təşkil edən qoç və at heykəlləri nisbətən sonralar meydana çıxmaqla, əsasən, qəbirüstü abidə kimi təsadüf olunur. İslam dininin yasaqlarına baxmayaraq, heyvan heykəlləri qəbirüstü abidə olması səbəbindən toxunulmaz qalmışdır. Mükəmməl oyma texnikası əsasında düzəldilən heyvan heykəlləri dekorativ bəzək tərtibatı, kompozisiyasının kamilliyi və real təsiri etibarilə bəsit insan heykəllərindən fərqlənirdi.
Zəngin bədii ənənələri ilə seçilən Azərbaycan heykəltəraşlığının müasir siması XX əsrin 20-ci illərindən etibarən formalaşmış və sürətli inkişaf yolu keçmişdir. Bu müddət ərzində şəhər və park heykəltəraşlığının diqqətəlayiq abidələri, mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin şərəfinə bir sıra monumentlər ucaldılmışdır. Milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələr Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir.
Azərbaycanda heykəltəraşlığın inkişafında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların keçmiş SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynamışdır. Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində heykəltəraşlıq bölməsi fəaliyyət göstərmiş, sonradan bu bölmə Azərbaycan Rəssamlıq Akademiyasına köçürülmüşdür. Bundan başqa Rəssamlar İttifaqının 120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar.