Qazlar-qazlar
Nümunənin reyestr kodu : FO0104000006
Kütləvi şənliklər zamanı oynanılan uşaq oyunlarından biridir. Bu oyun Qarabağ bölgəsində “Qazlar-qazlar”, Naxçıvan ərazisində “Ana, məni qurda vermə”, bəzi bölgələrdə isə “Mən çobanam, vermərəm” adı il tanınır. Oyunun iştirakçıları Qurd, Ana və balalardan ibarətdir. Xalq oyun mədəniyyətinin araşdırıcısı Elçin Aslanovun təsvirini verdiyi variantda Ana (başçı) və onun arxasında düzülmüş balaları Qurdla üzüzə, qarşıqarşıya dayanır. Qurd “Belə bir quyruq qaparam” deyib hərbəzorba gəlir, Ananı balalarından birini tutub aparacağı ilə hədələyir. Aparılmaq təhlükəsi ilə üzləşən Bala “Ana, məni Qurda vermə, Dosta sat, yada vermə” deyib qışqırır. Ana ilə Qurd vuruşur və sonda Qurd öldürülür.
Qarabağdan yazıya alınmış variantda isə təkcə oyunun adında deyil, onun quruluşunda da müəyyən variantlılıq özünü göstərir. Bu bölgədən qeydə alınmış variantda oyuna başlamazdan əvvəl püşk və ya sanama yolu ilə “ana qaz” seçilir. “Qurd” isə adətən oğlanlar arasından seçilir. Oyun belə oynanılır: Ana qaz yuvasında olur, balaları da çöldə otlayırlar. Ana qaz görür ki, balaları evdə yoxdur. Başlayır çöldə otlayan balalarını səsləməyə:
– Qazlar, qazlar!
Balaları cavab verir:
– Nə var, nə var?
Ana qaz deyir:
– Gəlin evə.
Balaları cavab verir:
– Evdə nə var?
Ana qaz deyir:
– Dən var, su var.
Balaları cavab verir:
– Yolda qurd var!
Ana qaz deyir, qorxmayın, uçauça gəlin, qaçaqaça gəlin. Balaları qaçaqaça, “uçauça” gələndə yolda pusquda dayanmış qurd onlara hücum edib balaların birini tutur. Sonra oyun bir də təkrar olunur, qurd qaz balalarından birini də tutur. Oyununun gedişatından asılı olaraq bu, bir neçə dəfə təkrar olunur. Axırda qurd yuxuya gedir və ana qaz gedib balalarını xilas edir. Bununla da oyun bitir.
Bu oyun bölgələrdə fəaliyyət göstərən folklor kollektivlərinin repertuarına daxil edilərək səhnələşdirilmiş halda kütləvi şənliklərdə bu gün də oynanılır.