Ovçu Pirimin öz oğlunu öldürməsi
Nümunənin reyestr kodu : FL0109020006
Ovçuluq mifləri ilə bağlı olan bu süjetin fərqli-fərqli bölgələrdən müxtəlif variantları toplanmışdır. Bu süjetə ovçuluq miflərinin geniş yayıldığı Şəki, Zəngəzur, Qarabağ bölgələrində, həmçinin Dərbənddə yaşayan azərbaycanlı əhali arasında rast gəlinir.
Azərbaycandan toplanmış mətnlərdə Ovçu Pirimin və ya başqa ovçunun öz yaxınını yanlışlıqla öldürməsi təsvir olunur. Bu, o zaman baş verir ki, ovçu ovlama qaydalarını pozur və ya ov həddini aşır. Zəngəzur və Qarabağdan toplanmış mətnlərdə Ovçu Pirimin səhv etməsinə səbəb oğlunun maral, keçi və ya pələng dərisinə bürünüb yatması göstərilir. Keçi və maral dərisinə bürünmək həmin heyvanın ruhuna girmək anlamına gəlir ki, bu da şamanizmin ovçuluq rituallarında ifadəsidir. Zəngəzurdan toplanmış variantda Ovçu Pirimin dağda yaşadığı deyilir. Bir gün onun oğlu maral dərisi geyinib dağa qalxır. Ovçu Pirim oğlunu maral hesab edib öldürür. Həqiqəti biləndən sonra tutduğu işdən peşman olur və ovçuluğu tərgidir. Şəki variantında isə ov həddini doldurmuş ovçunun yanlışlıqla kürkə bürünüb yatmış dostunu öldürməsi təsvir olunur. Bu hekayələr eyni süjetin müxtəlif variantlarını əks etdirməklə bərabər, totem heyvanların ovlanmaması və ov həddini aşan ovçuların öz yaxın adamını öldürməklə cəzalandırılması inamlarını ehtiva edir.
Həmin süjetin Dərbənddən toplamış variantında Ovçu Pirim qardaşını öldürür. Mətndə deyilir ki, Ovçu Pirimin Xan Kəlbi adlı qardaşı olur və gözəl tütək çalmağı bacarırdı. Ovçu Pirim hər dəfə ova gedəndə qardaşını da özü ilə aparır, onun çaldığı tütəyin səsinə quşlar, heyvanlar gəlirdi. Digər variantlardan fərqli olaraq burada Ovçu Pirimin qardaşını vurması onun çıxartdığı keyik səsi ilə əlaqələndirilir. Belə ki, Xan Kəlbi keyikləri cəlb etmək üçün onların səsini təqlid edir, Ovçu Pirim də onu keyik zənn edib həmin istiqamətə atəş açır. İrəli yeridikdə qardaşının açdığı güllədən öldüyünü görür. Ondan sonra Ovçu Pirimi heyvanları ovlamağı tərgidir və bir daha əlinə tüfəng almır.
Süjetin müxtəlif variantlarında Ovçu Pirim qardaşını və ya oğlunu öldürdükdən sonra onların meyiti üzərində ağı məzmunlu şeir söyləyir ki, bu da onun düşdüyü durumu emosional şəkildə ifadə edir.
Ovçu Pirimin mətnlərdə, bir qayda olaraq, övladsız təsvir olunması, qarısı ilə birlikdə insanlardan uzaqda bir daxmada yaşaması, Qarabağdan toplanmış təsəvvürlərdə övliya kimi təqdim olunması onun adi nağıl personajından daha çox, mifoloji bir obraz ola biləcəyini deməyə əsas verir. Cəlal Bəydili bu kimi xüsusiyyətlərdən çıxış edərək qeyd edir ki, nağıl personajı kimi tanınan Ovçu Pirim bir obraz olaraq əski mifik görüşlərin axarında yaranmışdır. Adının Pirim (pir xalq arasında müqəddəs yerə, ocağa, övliyalara verilən addır) olması da adla obraz arasında bir bağlılığın olduğunu göstərir. “Ovçu Pirimin öz oğlunu öldürməsi” süjeti də həmin mifoloji obrazla bağlı arxaik təsəvvürlərin izlərini özündə daşıyır.