AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ombadurma

Nümunənin reyestr kodu : FL0109020005

Ovçuluq mifləri arasında olduqca geniş yayılmış süjetlərdən biridir. Ov heyvanının qeyri-adi duruşunu təsvir edən bu süjet adından da göründüyü kimi, heyvanın başı aşağı ombası yuxarı durması ilə əlaqədar yaranmışdır. Normal ov zamanı ovlanan heyvan ovçunun qabağından qaçmalıdır. Əgər bu baş vermirsə, ovçunun ovlama planı dolmuşdur. Ombadurma ov heyvanının şəkildəyişmə süjetinin bir variantıdır. Daha aydın deyilsə, ov həddi dolduqda ov heyvanı ovçunun qabağında müxtəlif formalarda özünü göstərir, ya omba durur, ya təpəsi üstə durur, ya yerində heykəl kimi donub qalır, ya da insan donunda görünür. Bununla əlaqədar, Zəngəzurdan toplanmış bir mətndə deyilir ki, ovçunun yüzüncü ovu tamam olsa, ov heyvanı onun qabağında omba durar. Qarabağ və Şəkidən toplanmış mətnlərdə isə ombadurmanın başqa variantları təsvir olunur. Məsələn, əlik ovuna çıxmış ovçu tüfənglə əliyi vurmuş, əlik isə nə qaçmış, nə də ovçudan yayınmaq üçün hər hansı hərəkət etmişdir, ayaq üstə donub qalmışdır. Başqa bir mətndə isə ovçunun qabağından qaçmayan əlik başı üstə durmuşdur. Ovçu onu vurmuş, kəndə qayıtdıqdan sonra dəli olmuşdur.

Ov heyvanının insan, daha çox qadın şəklində görünməsi ilə bağlı mətnlər ombadurma süjetinin geniş yayılmış variantlarındandır. Bu süjet ov tanrısı ilə bağlı təsəvvürləri əks etdirir. Ovçuluq miflərində ov tanrısı kişi, qadın və ya yarı insan, yarı heyvan şəklində təsvir edilir. Bu variantda da yüzüncü ov tamam olanda və ya totem heyvanların ovlanması zamanı ovun şəkildəyişməsini müşahidə edirik. Şəki və Naxçıvan bölgəsindən bu süjetin çoxlu variantları yazıya alınmışdır. Azərbaycan folklorunda maral, əlik, başqa xalqlarda isə ayı, maral, ceyran, keçi kimi heyvanların kişi, qız, qadın donunda ovçunun gözünə göründüyünü təsvir edən mətnlər vardır. Adı çəkilən heyvanlar türk, slavyan, Qafqaz, Amerika xalqlarında ov tanrısı sayılmış, meşə heyvanlarının hamisi kimi göstərilmişdir.

Yüzüncü ov deyərkən ovçular ov həddinin sonunu nəzərdə tuturlar, bəzən bu rəqəm min kimi göstərilir. Toplanmış mətnlərdə deyilir ki, yüzüncü ovu tamam olan ovçunun qabağında ov omba durarsa, ovçu silahını basdırmalıdır, əks təqdirdə silahın qəzəbinə gələr. Yüzüncü ovuna güllə atan ovçunun bədbəxtliyə, şikəstliyə düçar olması, dəli olması haqqında inamlar vardır.

Ombadurma haqqında ov quşları haqqında söylənilən mətnlərdə də rast gəlinir, amma quşların omba durması təsvir olunmur. Ovçuların dilindən qeyd alınmış həmin mətnlərdə ov həddinin dolmasından danışılmır, quşun şəkildəyişməsi müqəddəs sayılan quşların ovlanmaması ilə əlaqələndirilir. Həmin inanca görə durna, qu quşu, hacıleylək, göyərçin, qaranquş, turac quşları müqəddəs sayılır, ovlanması qadağandır. Bir ovçunun ov macəralarında qu quşunu ovlamasından, quşun ölənə qədər ovçunun üzünə dimdik baxmasından və ovçunun bu hadisədən dərin sarsıntı keçirməsindən danışılır. Ov quşunun ovçunun qabağında hərəkətsiz dayanması ombadurma süjetinin bir variantıdır, həm ov heyvanlarına, həm də ov quşlarına aid edilir.

Ombadurma ilə bağlı mətnlər Zəngəzur, Naxçıvan, Qarabağ və Şəki bölgəsi üçün xarakterikdir. Başqa türk xalqlarında da Azərbaycan folklorunda gördüyümüz ombadurma süjetinin variantlarına rast gəlirik. Süjetlərin oxşarlığı nağıl və əfsanələrdə olduğu kimi, dünya xalqlarının ovçuluq inamlarının da eyni mifoloji düşüncədən yarandığı fikrini deməyə əsas verir. Belə təsəvvürlər totemizm dövrü ovçuluğu üçün daha xarakterikdir. Ov heyvanlarının fiziki görünüşünü dəyişməsi əski mifoloji düşüncə tərzinə uyğundur.